Məhkəmə qərarları › İş №e-2(004)-4226/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4226/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4226/2021 12.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.01.2020-ci il tarixdə «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, bank tərəfindən Cavabdeh 3000 manat məbləğində kredit ayrılmış və o, 24 ay müddətində kreditin əsas məbləği və ona illik 18 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «xxxx» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Borcalan dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1978 manat kredit üzrə əsas məbləğ borcun, 175.84 manat hesablanmış faiz borcunun, 102.21 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 2256.73 manat məbləğində borcun, 3.40 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı «X1 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, düzdür o bankdan kredit götürmüş və həmin kredit məbləğini istifadə etmişdir. Bir müddət ödənişlərini etsə də, lakin sonradan işini itirdiyi üçün ödənişlərini vaxtlı-vaxtında edə bilməmişdir. Hazırda da işsizdir və tələb edilən pul məbləğini birdəfəyə ödəmək iqtidarında deyildir. Belə ki, o yalnız hissə-hissə olaraq aylıq 50 manat məbləğində ödəniş edə bilər. İş tapan kimi borcunu ödəyəcəkdir. Qətnamə qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış 30.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vermişdir. Cavabdeh «X1 Azərbaycan» QSC ilə arasında bağlanmış 30.01.2020-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 102.21 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 60 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə həmçinin müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri 3.40 manat məbləğində pul vəsatinin cavabdehdən tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1978 (bir min doqquz yüz yetmiş səkkiz) manat kredit üzrə əsas məbləğ borc, 175 (bir yüz yetmiş beş) manat 84 (səksən dörd) qəpik hesablanmış faiz borcu, 60 (altmış) manat hər gecikdirilmiş günə görə cərimə borcu, 3 (üç) manat 40 (qırx) qəpik müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri, ümumilikdə 2217 (iki min yüz on yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1978 (bir min doqquz yüz yetmiş səkkiz) manat kredit üzrə əsas məbləğ borc, 175 (bir yüz yetmiş beş) manat 84 (səksən dörd) qəpik hesablanmış faiz borcu, 60 (altmış) manat hər gecikdirilmiş günə görə cərimə borcu, 3 (üç) manat 40 (qırx) qəpik müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri, ümumilikdə 2217 (iki min yüz on yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar