Məhkəmə qərarları › İş №e-2(004)-4242/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4242/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4242/2023 13.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC «Bank Standart» KB-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC «Bank Standart» KB (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1325,85 ( min üç yüz iyirmi beş manat, 85 qəpik) manat məbləğində əsas borc, 92,19 (doxsan iki manat, 19 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 679,30 (altı yüz yetmiş doqquz manat 30 qəpik) manat məbləğində cərimə borcu, 544,50 (beş yüz qırx dörd manat 50 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2641,84 (iki min altı yüz qırx bir manat 84 qəpik) manat məbləğində pulun, 46,42 (qırx altı manat 42 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 19 oktyabr 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/45136/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 19 oktyabr 2013-cü il tarixli 1xx/xx/45136/13 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin banka 1325,85 ( min üç yüz iyirmi beş manat, 85 qəpik) manat məbləğində əsas borc, 92,19 (doxsan iki manat, 19 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 679,30 (altı yüz yetmiş doqquz manat 30 qəpik) manat məbləğində cərimə borcu, 544,50 (beş yüz qırx dörd manat 50 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2641,84 (iki min altı yüz qırx bir manat 84 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən borcluya və zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh2 məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır, onun banka heç bir borcu yoxdur, borcu olsaydı onu bu günə kimi axtarardılar. Hazırda iddiaçı tərəfindən iddia müddəti buraxıldığından iddia müddətini tətbiq edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin işi ilə əlaqədar hazırda məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı QSC «Bank Standart» KB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, onların müqaviləsində də qeyd olunub ki, öhdəliyin icrası yekunlaşdıqdan sonra iddia müddəti hesablanır. Ona görə də, hesab edir ki, Cavabdeh2 iddia müddətinin tətbiq olunması barədə ərizəsi əsassızdır, onun hal-hazırda borcu mövcuddur. Onlar bir dəfə cavabdehlərə qarşı 2017-ci il tarixdə iddia tələbi ilə müraciət etmiş, lakin iddia ərizəsi baxılmamış saxlanılmışdır, hal-hazırda yenidən məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh1 isə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 1xx/xx/45136/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, QSC «Bank Standard» KB tərəfindən Cavabdeh2 18 (on səkkiz) ay müddətinə illik 25 (iyirmi altı) % olmaqla 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 1xx/xx/45136/13 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 bu müqaviləyə əsasən 1xx/xx/45136/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə və ya hissə-hissə icra edilməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 1xx/xx/45136/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 QSC «Bank Standard» KB-yə 1325,85 manat əsas, 92,19 manat məbləğində faiz borcu, 679,30 manat məbləğində cərimə borcu, 544,50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2641,84 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 borcunu ödəməyəcəyi təqdirdə 3 (üç) gün müddətində məhkəmə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 1xx/xx/45136/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqaviləsinin uzadılması halı baş verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 1xx/xx/45136/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müddətinin icra müddəti 18 ay olmaqla xx.xx.2015-ci il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətində bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Belə olan halda məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbləri əsassız olduğu üçün təmin edilə bilməz və buna görə də rədd edilməlidir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olduğundan, iş üzrə ödənilmiş 46,42 (qırx altı manat 42 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC “Bank Standart” KB-nın (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 46,42 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar