Məhkəmə qərarları › İş №e-2(004)-4285/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4285/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4285/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı “X1” Bakı filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X1” Bakı filialının cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Bakı filialı cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 xx.xx.2022-ci il tarixli 436 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.868,53 manat əsas borc, hesablanmış 153,63 manat faiz borcu və ödənilmiş 50,22 manat dövlət rüsumu olmaqla, cəmi 3.072,38 manat pulun müştərək qaydada tutularaq iddiaçı “X1” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “X1” Bakı filialının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli 436 nömrəli kredit müqaviləsinə əsasən “X1” Bakı filialı illik 17% faiz hesablanmaq şərti ilə 36 ay müddətinə borcalan Cavabdeh2 5.000 manat kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə “X1” Bakı filialı arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli 485 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda Bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq Borcalan xx.xx.2024-cü il tarixə Banka kredit borcu üzrə 4.813,02 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2024-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 3.465,00 manat ödəniş həyata keçirilmişdir. Bank borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıq etmişdir. Lakin borcalan borcunu tam ödəməmişdir. xx.xx.2024-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 3.022,16 manat təşkil edir. Bundan 2.868,53 manat əsas borc və 153,63 manat faiz borcu təşkil edir. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 436 nömrəli kredit müqaviləsinə əsasən “X1” Bakı filialı illik 17% faiz hesablanmaq şərti ilə 36 ay müddətinə borcalan Cavabdeh2 5.000 manat kredit vermişdir. Borcun təminatı olaraq zamin Cavabdeh1 ilə kreditor “X1” Bakı filialı arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli 485 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından müəyyən edilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Borcalan Cavabdeh2 müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə kreditor “X1” Bakı filialı Cavabdeh2 borcu tələb etməklə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsini ləğv etmişdir. Borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2.868,53 manat əsas borc, hesablanmış 153,63 manat faiz borcu olmaqla, cəmi 3022,16 manat borcu yaranmışdır. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 xx.xx.2022-ci il tarixli 436 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.863,53 manat əsas borc, hesablanmış 153,63 manat faiz borcu və ödənilmiş 50,22 manat dövlət rüsumu olmaqla, cəmi 3.072,38 manat pul müştərək qaydada tutularaq iddiaçı “X1” Bakı filialına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər (borcalan) Cavabdeh2 və (zamin) Cavabdeh1 xx.xx.2022-ci il tarixli 436 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.863,53 manat əsas borc, hesablanmış 153,63 manat faiz borcu və ödənilmiş 50,22 manat dövlət rüsumu olmaqla, cəmi 3.072,38 (üç min yetmiş iki manat otuz səkkiz qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı “X1” Bakı filialına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar