Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-432/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO ”Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 503145,11 manat, bundan 266041,39 manat əsas, 237103,72 manat faiz borcun və iş üzrə ödənilmiş 794 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərə yönəldilməsi, mənzillərin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 191 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 274 300 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 80 saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanış 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillər ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanış 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 191/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********573 saylı xx.xx.2022-ci il tarixli və **********606 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə cəmi borcu 503145,11 manat təşkil edir. Bundan 266041,39 manat əsas, 237103,72 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə4 iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddia tələbini borcun tutulması hissəsində əsas borcun ekspert rəyində, faiz borcunun isə iddia ərizəsində göstərilən məbləğdə təmin edilməsinə razıdır. Həmçinin, iddia tələbini borcun ipoteka predimetinə tutmanın yönəldilməsi hissəsində qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 fevral 20014-cü il tarixli 191 nömrəli kredit müqaviləsindən və 14 fevral 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi əsasında bank Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın 72 və 73 saylı mənzillərin alınması üçün illik 15% ödəmək şərti ilə 180 ay müddətinə 274300 manat kredit vermişdir. İş materiallarında olan icraçı qismində Lalə MTK ilə alıcı qismində Cavabdeh arasında bağlanmış 14 fevral 20014-cü il tarixli 80 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında tərəflər tikintisini razılaşdıqları ünvan 1 ünvanında yerləşən binanın 72 və 73 saylı mənzillərin dəyəri 274300 manata satışı barədə razılığa gəlmişlər. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan-borcalan Cavabdeh arasında bağlanmış 14 fevral 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 14 fevral 2014-cü il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən binanın 72 və 73 saylı mənzilləri ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarından görünür ki, LPO ”Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən “Kredit borcunun ödənilməsinə və İpoteka Predmetinə tutma yönəldilməsinə dair" bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 9/9166 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan çıxarış məlumatları, 14 fevral 2014-cü il tarixli 191 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022ci il tarixə banka olan əsas borcu 185887,31 manat, faiz borcu 237833,85 manat müəyyən edilmişdir. İş materiallarında olan LPO ”Zaminbank” ASC-nin 14 oktyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 14 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 sentyabr 2022-ci il tarixə 266041,39 manat əsas, 237103,72 manat faiz borcu olmaqla, cəmi 503145,11 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 72-73 saylı mənzilin ilkin satış dəyəri 320000 manat müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 274300 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə 14 fevral 2014-cü il tarixli 191 nömrəli kredit müqaviləsi kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, ekspert tədqiqatı zamanı cavabdehin kredit müqaviləsi üzrə 14 oktyabr 2022-ci il tarixə olan əsas və faiz borcu hesablanmış və rəydə göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 14 fevral 2014-cü il tarixli 191 saylı kredit müqaviləsinə əsasən 30 sentyabr 2022-ci il tarixə 266041,39 manat əsas, 237103,72 manat faiz borcu olmaqla, cəmi 503145,11 borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 10 mart 2023-cü il tarixli, 9/9166 nömrəli rəyindən görünür ki, 14 fevral 2014-cü il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 185887,31 manat, faiz borcu 237833,85 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh 14 fevral 2014-cü il tarixli 191 saylı kredit müqaviləsi üzrə əsas borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 185887,31 manat əsas borc tutulmalıdır. Bununla belə məhkəmə hesab edir ki, ekspert rəyində faiz borcu 237833,85 manat müəyyən edilsə də, iddiaçı 237103,72 manat faiz borcunun tutulmasını tələb etdiyindən, faiz borcu iddiaçının tələb etdiyi həcmdə, yəni 237103,72 manat məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən, tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. [319] Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 14 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi əqdin formasına aid edilən şərtə uyğun bağlanmadığından etibarlı əqd hesab edilmir. Bu səbəbdən, tərəflər arasında ipoteka müqaviləsi etibarsız olmaqla, hüquqi nəticəyə səbəb olmadığından, onlar arasında ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 185887,31 (bir yüz səksən beş min səkkiz yüz səksən yeddi manat otuz bir qəpik) manat əsas borc və 237103,72 (iki yüz otuz yeddi min yüz üç manat yetmiş iki qəpik) manat faiz borcu olmaqla, cəmi 422991,03 (dörd yüz iyirmi iki min doqquz yüz doxsan bir manat üç qəpik) manat borc və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 667,51 (altı yüz altmış yeddi manat əlli bir qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC – nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 667,51 (altı yüz altmış yeddi manat əlli bir qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC – nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 126,49 (bir yüz iyirmi altı manat qırx doqquz qəpik) manat (794-667,51=126,49) iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 185887,31 (bir yüz səksən beş min səkkiz yüz səksən yeddi manat otuz bir qəpik) manat əsas borc və 237103,72 (iki yüz otuz yeddi min yüz üç manat yetmiş iki qəpik) manat faiz borcu olmaqla, cəmi 422991,03 (dörd yüz iyirmi iki min doqquz yüz doxsan bir manat üç qəpik) manat borc və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 667,51 (altı yüz altmış yeddi manat əlli bir qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC – nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 126,49 (bir yüz iyirmi altı manat qırx doqquz qəpik) manat (794-667,51=126,49) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-432/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-432/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver