Məhkəmə qərarları › İş №e-2(004)-4372/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4372/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4372/2025 28.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2333,25 manat əsas, 72,42 manat faiz borcu olmaqla, cəmi 2405,67 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,05 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı iləCavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 100.LN.1675.161019.00002 nömrəli kredit müqaviləsinəəsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 2537,98 (iki min beş yüz otuz yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində kredit və k/x ödənilməsi üçün kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 2405,67 (iki min dörd yüz beş manat altmış yeddi qəpik) manat təşkil edir. Bundan 2333,25 (iki min üç yüz otuz üç manat iyirmi beş qəpik) manat əsas, 72,42 (yetmiş iki manat qırx iki qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdehnın ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli 100.LN.1675.161019.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2537,98 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 2333.25 manat əsas, 72.42 manat faiz borcu olmaqla, cəmi 2405.67 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh 16 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-cü il tarixinə "xxxx" ASC-yə 2333.25 manat əsas, 29.67 manat faiz borcu olmaqla, cəmi 2362.92 manat borcu yaranmışdır. Həmin pretenziya məktubundan görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 44.05 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 2333.25 manat əsas, 72.42 manat faiz borcu olmaqla, cəmi 2405.67 manat, pretenziya məktubuna əsasən isə xx.xx.2022-cü il tarixinə "xxxx" ASC-yə 2333.25 manat əsas, 29.67 manat faiz borcu olmaqla, cəmi 2362.92 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə 16 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən faiz borcu cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2333.25 (iki min üç yüz otuz üç manat iyirmi beş qəpik) manat əsas, 29.67 (iyirmi doqquz manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 2362.92 (iki min üç yüz altmış iki manat doxsan iki qəpik) manat borc alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, 44.05 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2333.25 (iki min üç yüz otuz üç manat iyirmi beş qəpik) manat əsas borc, 29.67 (iyirmi doqquz manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 2362.92 (iki min üç yüz altmış iki manat doxsan iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44.05 (qırx dörd manat beş qəpik) manat pul tutularaq tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar