Məhkəmə qərarları › İş №e-2(004)-4389/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4389/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4389/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.783,37 manat əsas borc və ödənilmiş 37,84 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdehə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, kreditor İddiaçı ASC və borcalan Cavabdeh oğlu arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-29148İB/2021 saylı razılıq ərizəsi və ona əlavə olan “ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizə” imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Cavabdeh sistemi üzrə yaranmış texniki nasazlıq səbəbindən xx.xx.2022ci il tarixdə ANİPAY üzrə mədaxil əməliyyatları icra etmiş, lakin əməliyyat qarşı tərəfdən uğursuz nəticələnsə də, sistem boşluğu olduğundan vəsaitlər karta mədaxil olunmuş və müştəri vəsaitləri istifadə etmişdir. Bundan sonra düzəliş icra olunaraq vəsaitlər silinmiş, lakin artıq hesabda vəsait olmadığından hesab mənfiyə düşmüşdür. Həmin vəsaitinlərin silinmə ardıcıllığı belədir, kartda 1.121,63 manat pul olmasına baxmayaraq, 1.390 manat, 1.370 manat və 145 manat silinmə aparılmış və nəticədə kart 1.783,37 manat mənfiyə düşmüşdür. Bu əməliyyatları Cavabdeh qısa müddət ərzində aparmış və Banka məxsus olan 1.783,37 manat pulu əldə etmişdir. Həmin əməliyyatların aparılması cavabdehin bank hesabından çıxarışında əks olunmuşdur. Bildiririk ki, müştəri ilə bank arasında bağlanmış razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır. Belə ki, X1 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatların V bölməsinin, dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, Bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir(4.1.1). Texniki overdarft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən Kart hesabının overlimitə keçməsi halıdır(4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (Cari borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, Banka Cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və Xidmət haqqını ödəmək; Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir.(4.2.4). Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 1.783,37 manat əsas borc, cəmi 1.783,37 manat borcu var. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdehdən müqavilə üzrə yaranmış borc və ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.783,37 manat əsas borc və ödənilmiş 37,84 manat dövlət rüsumu olmaqla, cəmi 1.821,21 (min səkkiz yüz iyirmi bir manat iyirmi bir qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar