Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4390/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: borc müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli borc müaviləsinə əsasən Cavabdeh 50000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pulun və 345 manat dövlət rüsumunun tutularaq İddiaçı Aleksandroviçin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Aleksandroviç (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, ““Borc verən” “Borc alana” 50.000 dollar (əlli min ABŞ dolları) dəyərində borc pul verir.” Həmin müqavilənin 2-ci maddəsinə əsasən, “Borcun nominal məbləğinə heç bir faiz hesablanmır.” Həmin müqavilənin 3-cü maddəsinə əsasən, “Borc bu Borc Müqaviləsinin imzalanması zamanı Borc alana təqdim edilir.” Həmin müqavilənin 4-cü maddəsinə əsasən, “Tam borc məbləği Messenger tətbiqində Borc verənlə Borc alan arasında təsdiqlənən hesaba 01 fevral 2024-cü il tarixindən gec olmayaraq geri qaytarılmalıdır.” Lakin cavabdeh müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirməmiş, xx.xx.2024-cü il tarixədək 50.000 ABŞ dollarının iddiaçıya ödənilməsindən yayınmışdır. İddiaçı ilə Cavabdeh oglu arasımda bağlanmış mövcud borc müqaviləsi ilə yanaşı, cavabdehin şəxsi istifadəsində olan 050 *** ** ** mobil nömrə ilə aparılmış yazışmalarla da, həqiqətən cavabdehin iddiaçıdan 50.000 ABŞ dolları alması və iddiaçı qarşısında onu qaytarmaq öhdəliyi götürməsi öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin, həmin məktub “Azari Express” poçtdaşıma kuryer xidmətinin xx.xx.2024-cü il tarixli aktından göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası ərazisində olmadığından çatdırılmamışdır. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı Aleksandroviç (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən, borc verən (İddiaçı) borc alana (Cavabdeh) 50.000 ABŞ dolları məbləğində pul borc verir, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür.
7. Müqavilənin 4-cü bəndinə əsasən tam borc məbləği Messenger tətbiqində borc verənlə borc alan arasında təsdiqlənən hesaba 01 fevral 2024-cü il tarixindən gec olmayaraq qaytarılmalıdır.
8. Müqaviləyə əlavə edilmiş qəbul barədə qeyddən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü fərdi nömrəsi xxxxxxx olan xx.xx.2016-cı il tarixində Daxili İşlər Nazirliyi tərəfindən verilən C00964298 seriya nömrəli pasportun sahibi Cavabdeh 50.000 ABŞ dollarını İddiaçı almışdır.
9. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı Aleksandroviç tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun ödənilməsi barədə xəbərdar edilmişdir.
10. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Tərəflər arasında borc münasibətlərinin yaranması onlar arasında aparılmış və sübut kimi iddia ərizəsinə əlavə olunmuş “whatsapp” yazışmaları ilə də təsdiq olunur.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin... Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir.
17. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasından məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, hər dəfə məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, zəruri sübutlarını isə məhkəməyə təqdim etməmişdir.
18. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 50000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
19. Həmçinin iddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 345 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 50000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və 345 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil