Məhkəmə qərarları › İş №e-2(004)-4422/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4422/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4422/2025 30.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli 113670-1-48322 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka 1.195.23 manat məbləğində əsas borc, 90.95 manat məbləğində faiz borcu, 85.05 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.371.23 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33.71 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 06 sentyabr 2023-cü il tarixli 113670-1-48322 saylı “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-ə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 23 (iyirmi üç) faiz hesablanması (kredit alan tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl edildiyi halda, faiz dərəcəsi 5 faiz endirilir) şərti ilə 36 (otuz altı) ay müddətinə 1.954 (bir min doqquz yüz əlli dörd) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 1.195,23 (bir min bir yüz doxsan beş, 23) manat məbləğində əsas borc, 90,95 (doxsan, 95) manat məbləğində faiz borcu, 85,05 (səksən beş, 05) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.371,23 (bir min üç yüz yetmiş bir, 23) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 113670-1-48322 nömrəli Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, illik 23.02 faiz dərəcəsi ilə 1954 manat kredit məbləği ayırmağı, Kredit alan isə krediti müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə illik faizi ödəməyi öhdəsinə ötürür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixinə 1195.23 manat əsas, 90.95 manat faiz, 85.05 manat cərimə borcu olmaqla, cəmi 1371.23 manat borcunun yarandığını, borc məbləğini 3 iş günü ərzində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh İddiaçı ASCyə xx.xx.2023-cü il tarixli 113670-1-48322 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə 1195.23 manat əsas, 90.95 manat faiz, 85.05 manat cərimə borcu olmaqla, cəmi 1371.23 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən "xxxx" ASC-ə 1499 manat məbləğində ödəniş köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 113670-1- 48322 nömrəli Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair müştəri ərizərazılaşmasından irəli gəlir. Ərizə-razılaşmaya əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının 85.05 manat məbləğində cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və 73.82 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1195.23 manat əsas, 90.95 manat faiz, 73.82 manat cərimə borcu olmaqla, cəmi 1360 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 33.71 manat məbləğində dövlət rüsumunun 33.6 manat məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1195.23 (min yüz doxsan beş manat iyirmi üç qəpik) manat əsas, 90.95 (doxsan manat doxsan beş qəpik) manat faiz, 73.82 (yetmiş üç manat səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 1360 (min üç yüz altmış) manat və dövlət rüsumu olaraq ödənilmiş 33.6 (otuz üç manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar