Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4491/2023 19.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3.369,2 manat məbləğində vəsaitin, 53,7 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan **-CX-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. **-RX-*** dövlət qeydiyyat nişanlı “Audi Q3” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən **-CX- *** dövlət qeydiyyat nişanlı, “DAF” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı **-RX-*** dövlət qeydiyyat nişanlı, “Audi Q3” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-RX-*** dövlət qeydiyyat nişanlı “Audi Q3” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən 3469,20 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən azadolma çıxılmaqla 3.369,20 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, təqsirli şəxsin icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləği tam olaraq cavabdehdən tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə azadolma çıxılmaqla 3.369,2 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahahatında bildirmişdir ki, “Daf” yük markalı nəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. Buna görə də “Audi Q3” markalı avtomobil təmir edilmiş, sığortalıya ödəniş edilməmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, əvvəl nəqliyyat vasitəsinin icbari sığortası olmuş, lakin hadisə baş verən tarixdə müddəti bitmişdir. Baş verilmiş yol-nəqliyat hadisəsində o təqsirli bilinmişdir. Bununla bağlı olaraq yol polisi idarəsinə dəvət olunaraq 100 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməsi ilə bağlı qərarı mübahisələndirməmişdir. İddiaçının 3469 manat məbləğində ödəniş etməsi barədə məlumatı yoxdur. O, kasıb olduğundan və övladı qazi olduğundan digər cavabdeh dəymiş zərəri ödəyəcəyini bildirmişdir. Belə ki, onun maddi imkanı zəifdir. Həmin yük maşınını günlük 20 manat ödəməklə istifadə etmişdir. Həmçinin o, nəqliyyat vasitəsinin mülkiyyətçisinə məlumat vermişdir ki, sığorta müqaviləsinin müddəti bitmişdir, lakin o, səhlənkarlıq edərək yeni icbari sığorta müqaviləsi bağlamamışdır. Hesab edir ki, icbarı sığorta müqaviləsini vaxtında bağlamamaqda təqsirli olan, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 özü tam mülki məsuliyyət daşımalıdır. Eyni zamanda Cavabdeh1 hazırkı mülki iş barədə məlumatlı olmaqla ona vəd vermişdir ki, mülki məsuliyyəti tam olaraq özü daşıyacaqdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Yasamal rayonu ərazisində “Daf” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri DYPİ-nin eyni tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan isə müəyyən edilir ki, Cavabdeh2 həmin xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan da müəyyən edildiyi kimi, Cavabdeh2 İXM-nin 327.6-cı maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh2 hasdisə yerindən yayınmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Cavabdeh2 izahatından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə “Daf” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibaramə əsasında idarə etdiyini və baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığını etiraf etmiş, bununla bağlı olaraq barəsində tərtib edilmiş protokolla razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2020-ci il tarixdə , “Audi Q3” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Daf” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun avtomobilinə sürtülməklə ziyan vurduğunu və “Daf” yük markalı nəqliyyat vasitəsini sürücüsünün hadisə yerindən yayındığını bildirmişdir. - Bakı Şəhəri BP DYP tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, “Daf” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmaqla, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan (CM-1685/2020 nömrəli zərər) üzrə sığorta ödənişi 3469,2 manat təşkil edir, müqaviləyə əsasən 100 manat azadolma məbləği hesab edildiyindən, cəmi 3369,2 sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. - sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən edilir ki, “Audi Q3” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdur. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, “Audi Q3” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci cəmi 3469,2 manat təşkil etmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, dəymiş CM- 1685/2020 nömrəli zərərə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 3469,2 manat məbləğində sığorta ödənişi edilmişdir. -xx.xx.2022-ci il tarixli bildirişdən isə müəyyən edilir ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməklə cavabdehlərdən vurulmuş zərərə görə pul tələb edilmiş, lakin cavabdehlər tərəfindən hər hansı münasibət bildirilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Daf” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmaqla Cavabdeh2 tərəfindən idarə olunmuşdur. Hadisə zamanı Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ barədə etibarnamə olmuşdur. Belə ki, iş materiallarında olan ƏN-V seriyalı, 138954 nömrəli etibanaməyə əsasən müəyyən edilir ki, Cavabdeh2 “Daf” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə 4 il 6 ay 25 gün müddətinə - xx.xx.2025-ci il tarixədək etibarnamə verilmişdir. Həmçinin iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli blinmiş və həmin hadisə nəticəsində “Audi Q3” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyərini təşkil edən 3469,2 manat sığortaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə tam şəkildə ödənilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, hadisənin iştirakçı olan və “Daf” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətçisi Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada mülki məsuliyyəti icbari qaydada sığorta edilməmişdir. Hazırda iddiaçı Cavabdeh2 təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 3.369,2 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinməsini və onun idarə etdiyi avtomobilin Cavabdeh1 mülkiyyətində olmasını, sonuncu tərəfindən mülki məsuliyyətin aradan qaldırılması ilə bağlı icbari sığorta müqaviləsinin bağlanması öhdəliyinin yerinə yetirilməməsini, eyni zamanda iddiaçı tərəfindən 3469,2 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını, lakin iddiaçının 3369,2 manat məbləğində pul tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi 3369,2 manat məbləğində pulun hər iki cavabdehdən tələb edilməsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 3369,2 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,1 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 3369,2 (üç min üç yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,1 (əlli dörd manat on qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 3369,2 (üç min üç yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 54,1 (əlli dörd manat on qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4491/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4491/2023
19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver