Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4497/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı LP "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Dadaşova(Şahgəldiyeva) Aygün Hikmət qızına qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı LP İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Dadaşova(Şahgəldiyeva) Aygün Hikmət qızına qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı LP İddiaçıASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Dadaşova(Şahgəldiyeva) Aygün Hikmət qızına qarşı (bundan sonra – cavabdehlər) “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.066,66 (iki min altmış altı Manat 66 qəpik) manat - bundan 2.032,49 (iki min otuz iki Manat 49 qəpik) manat əsas, 33,33 (otuz üç manat 33 qəpik) faiz, 0,84 (sıfır manat 84 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 40,67 (qırx manat 67 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Dadaşova (Şahgəldiyeva) Aygün Hikmət qızından müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 33 % dərəcəsi ilə 3.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Dadaşova (Şahgəldiyeva) Aygün Hikmət qızı ilə Bank arasında 280004155/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında LM101900320 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2.114,04 Manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Dadaşova (Şahgəldiyeva) Aygün Hikmət qızı ilə Bank arasında LM101900320 nömrəli xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmış, “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2.066,66 (iki min altmış altı Manat 66 qəpik) Manat təşkil edir. Bundan 2.032,49 (iki min otuz iki Manat 49 qəpik) Manat əsas, 33,33 (otuz üç Manat 33 qəpik) Manat faiz, 0,84 (sıfır Manat 84 qəpik) Manat cərimə borcu təşkil edir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 12 may 2014-cü il tarixli, ********* saylı “Kredit müqaviləsi”nə əsasən kreditor borcalana illik 18 ay müddətinə, 33 faiz dərəcəsi ilə 3500 USD məbləğində kredit verir,borcalan isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödəməyi öhdəsinə götürür.
5. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalanın istehlak məqsədilə verilir.
6. Müqavilənin 3.5-ci bəndinə əsasən borcalan bu Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda,gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir.
7. 12 may 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
8. İddiaçı və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, LM101900320 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2014-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2114,04 (iki min yüz on dörd manat 04 qəpik) məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür.
9. xx.xx.2019-cu il tarixli, LM101900320 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
10. İddiaçı və cavabdeh Dadaşova(Şahgəldiyeva) Aygün Hikmət qızı arasında xx.xx.2014-cü il tarixli, 280004155/ZM saylı “Zaminlik müqaviləsi”nə əsasən ləğv prosesində olan bankla “Borclu” arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürür.
11. İddiaçı və cavabdeh Dadaşova(Şahgəldiyeva) Aygün Hikmət qızı arasında xx.xx.2019-cu il tarixli, LM101900320 saylı “Zaminlik müqaviləsi”nə əsasən ləğv prosesində olan bankla “Borclu” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM********** saylı restrukturizasiya müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürür.
12. İddiaçı tərəfindən ayrı-ayrılıqda cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 2032,49 manat əsas, 31,90 manat faiz, 0,83 manat cərimə borcu olmaqla, ümumilikdə 2065,22 manat borcu yarandığından kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, LM101900320 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 2032,49 manat əsas, 33.33 manat faiz, 0.84 manat cərimə borcu olmaqla, cəmi 2066.66 manat borcu yaranmışdır.
14. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
19. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir.
20. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 2032.49 manat məbləğində krеdit bоrcu, 31.90 manat məbləğində faiz borcu və 0.83 manat məbləğində cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.
21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 2032,49 manat əsas, 31,90 manat faiz, 0,83 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 40,67 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
IV. Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Dadaşova(Şahgəldiyeva) Aygün Hikmət qızından müştərək qaydada 2032,49 manat əsas, 31,90 manat faiz, 0,83 manat cərimə borcu və ödənilmiş 40,67 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2105,89 manat məbləğində pul tutularaq iddiaçı LP"xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil