Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4512/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 1570 (min beş yüz yetmiş) manat pul və 36,10 (otuz altı manat on qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Chevrolet Cruze” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Chevrolet Cruze” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsini idarə edərkən Bakı şəhəri Yasamal rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş, “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1570 (min beş yüz yetmiş) manat sığorta ödənişi həyata keçirilmişdir. Yasamal RPİ DYPŞ-nin müvafiq qərarına əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi X2 məhkəməyə izahat verərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, “Chevrolet Cruze” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər və hesablanmış sığorta ödənişi 940 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesablama aktına əsasən müəyyən olunur ki, “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 940 manat təşkil edir. İş materiallarında olan 002083 nömrəli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə X3 940 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən müəyyən olunur ki, “Mercedes Benz” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər və hesablanmış sığorta ödənişi 630 manat təşkil edir. İş materiallarında olan 002083 nömrəli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, “Mercedes Benz” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 630 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.6 (hadisə yerindən yayınma) və 327.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh dair hissədə hər 3 dispozitiv şərt yerinə yetirilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, müəyyən edilir ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Chevrolet Cruze” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Chevrolet Cruze” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsini idarə edərkən Bakı şəhəri Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ümumilikdə 1570 (min beş yüz yetmiş) manat (940+630=1570 manat) sığorta ödənişi həyata keçirilmişdir. Yasamal RPİ DYPŞ-nin müvafiq qərarına əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin törədilməsində və hadisə yerindən yayınmaqda təqsirli bilinməklə inzibati məsuliyyətə cəlb edilmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 36,10 (otuz altı manat on qəpik) manat dövlət rüsumu qaydada Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1570 (min beş yüz yetmiş) manat pul və ödənilmiş 36,10 (otuz altı manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 1570 (min beş yüz yetmiş) manat pul və ödənilmiş 36,10 (otuz altı manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4512/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4512/2023
27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver