Məhkəmə qərarları › İş №e-2(004)-452/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-452/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-452/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin kamera dirəyinə dəymiş ziyanın ödənilməmiş hissəsi-1592.70 manat məbləğində pulun cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 12:40 radələrində Xəzər rayonu, Qala-Mərdakan qəsəbələr arası yolda Cavabdeh2 idarə etdiyi “Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayırıcıya daxil olarkən “Stop” nişanına əhəmiyyət verməmiş, nəticədə vətəndaş X1 idarə etdiyi “Wolksvagen Tuareq” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncuya məxsus avtomobil yolun kənarında quraşdırılmış Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə nöqtəsinə çırpılaraq dirəyə zərər yetirmişdir. Cavabdeh2 yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Qala- Mərdakan yolu üzərində yerləşən Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin kamera olmayan dirəyinə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində zərər dəymişdir. "xxxx" MMC tərəfindən videomüşahidə nöqtəsinə dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən akta əsasən maddi zərər- 1 ədəd dirək 2040 manat, nöqtənin sökülməsi, yenidən bərpa edilməsi, işçilik və nəqliyyat 550 manat müəyyən edilmişdir. Ümumilikdə hadisə zamanı videomüşahidə nöqtəsinə dəyən maddi zərərin məbləği 2590 manat təşkil etmişdir. Dəymiş ziyanın yalnız 997.3 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda, cavabdeh "xxxx" ASC tərəfindən 997.3 manat pul ödənilmişdir. Odur ki, qalan 1592.7 manat məbləğində dəymiş ziyan cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus kamera dirəyinə dəymiş ziyanın ödənilməmiş hissəsi olan 1592.70 manat pulun ondan tutulmasına qismən razıdır. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatını dinləyib, sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətndən görünür ki, “Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin və “Wolksvagen Tuareq” markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 əməlində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin tərkibi olduğu üçün onların barəsində müvafiq olaraq inzibati tədbir görülməsi ilə əlaqədar qərarın surətinin icra olunması üçün Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi, toplanmış material üzrə cinayət tərkibi aşkar edilmədiyinə görə material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan daha sonra görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətinə məxsus üzərində kamera olmayan yeni quraşdırılmış dəmir dirəyin qırılması nəticəsində maddi ziyan vurulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində videomüşahidə nöqtəsinə dəyən maddi zərər- 1 ədəd dirək yenisi ilə əvəz olunması 2040 manat, 1 ədəd dirəyin bərpası üçün görülən işlər 550 manat, ümumilikdə 2590 manat müəyyən edilmişdir. İş materiallarında olan Xəzər Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, icbari sığorta müqaviləsinə dair məlumata əsasən, sığortalı X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə “Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini ümumi sığorta məbləği 55000 manat dəyərində sığortalamışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dirəyə 2590 manat zərər dəymiş, dəymiş zərərə görə mütənasiblik tətbiq olunmaqla 997.3 manat köçürmə yolu ilə ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Wolksvagen Tuareq” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10395 manat zərər dəymiş, dəymiş zərərə görə mütənasiblik tətbiq olunmaqla 4002.7 manat köçürmə yolu ilə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022ci il tarixdə saat 12:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Qala-Mərdakan yolunda hərəkətdə olarkən “Stop” nişanına əhəmiyyət verməmiş, nəticədə X1 idarə etdiyi “Wolksvagen Tuareq” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma zamanı sonuncuya məxsus avtomobil yolun kənarında quraşdırılmış dirəyə çırpılmışdır. Cavabdeh2 polis şöbəsində verdiyi izahatında da yol-nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin 18 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə, Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaka maddi ziyan vurulduğu qanuni qüvvəyə minmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla sübuta yetirilmişdir. Odur ki, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaka maddi ziyan vurulduğu işin mübahisəsiz halıdır. Mübahisə isə əmlaka dəymiş zərərin hər iki cavabdehdən tutulması ilə bağlıdır. Məhkəmə, iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı “Wolksvagen Tuareq” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10395 manat, iddiaçıya məxsus əmlaka isə 2590 manat maddi zərər dəymişdir. Həmin zərlərlə əlaqədar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə uyğun olaraq digər cavabdeh "xxxx" ASC tərəfindən mütənasiblik tətbiq olunmaqla sığorta ödənişi kimi “Wolksvagen Tuareq” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 4002.7 manat, iddiaçı DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin kamera dirəyinə dəymiş zərər görə 997.3 manat sığorta pulu ödənilmişdir. Belə olan halda, cavabdeh "xxxx" ASC üzərinə düşən öhdəliyi tam olaraq icra etdiyindən, həmçinin hazırkı iddia tələbi ilə bağlı öhdəlik daşımadığından iddia tələbi "xxxx" ASC-yə münasibətdə təmin edilməməli, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus kamera dirəyinə dəymiş 1592.7 manat zərər onun tərəfindən iddiaçıya ödənilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1592.7 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş ziyanın əvəzi kimi 1592,70 (bir min beş yüz doxsan iki manat yetmiş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar