Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-455/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK QSC-yə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mülkiyyətin müdafiəsi, mülkiyyətə edilən qanunsuz müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK QSC-yə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mülkiyyətin müdafiəsi, mülkiyyətə edilən qanunsuz müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdehin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və Cavabdeh MTK-nın qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “İzmir” restoranı və onun altındakı 0.32875 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında ona məxsusdur. Restoran 1995-ci ildən fəaliyyətə başlamışdır. Qısa müddətdə həmin restoran şəhər sakinlərinin və turistlərin daimi istirahət yerinə çevrilmişdir. Restoranda 60 nəfər daimi çalışan işçi olmuşdur. Lakin 8 ilə yaxındır ki restorana gedən məhəllə daxili avtomobil yolu Cavabdeh-ın rəhbərliyi tərəfindən qanunsuz olaraq daş hasar çəkilməklə tam bağlanılmışdır. Həmçinin cavabdeh də həmin yoldan hər hansı kənar məqsəd üçün deyil, öz təyinatı üzrə bina sakinlərinin gediş-gəliş yolu kimi istifadə edir. Yəni onların restorana gedən yolun açılması cavabdehin hər hansı hüquq və mənafelərinə toxunmur və həmin yol ümumi istifadə üçün nəzərədə tutulmuşdur. Bir nəfər mühafizəçidən başqa bütün işçilər qaçıb dağılmışdır. Bu hal onların restoranın fəaliyyət göstərməsinə tam mane olmuş, restoranın işgüzar nüfuzuna, onların maddi və mənəvi mənafeyinə mühüm ziyan vurmuş və vurmaqda davam edir. Onlar faktiki olaraq əmlakı idarə etmək imkanından və bundan əldə edəcəyi gəlirlərdən xeyli dərəcədə məhrum olmuşlar. Bütünlükdə Cavabdehnın qanunsuz hərəkətləri nəticəsində onlara külli miqdarda ziyan vurulmuşdur. Xüsusi ilə, həmin yerdə yanğın, uçqun və sair fövqəladə hallar baş verərsə yanğından mühafizə, təcili tibbi yardım və digər xilasetmə qüvvələri maşınlarının hazırda ora daxil ola bilmək imkanı yoxdur. Bu da ilk növbədə insanların həyat və sağlamlığını real təhlükə qarşısında qoymaq deməkdir. Qanunların ən öndə məqsədi və vəzifəsi insan həyatının aliliyinin qorunmasıdır. Bu mənada restoranın ətrafında, sağ və sol tərəfdə yaşayış binalarının olması da məsələnin nə dərəcədə ciddi, fövqəladə olmasından xəbər verir. Hər hansı yanğın halında xüsusi təyinatlı maşınların (texnikaların) müdaxiləsi əlçatmaz olar və baş verən yanğın qarşısı alınmaz ola bilər. Bu isə ağır bərpaolunmaz itkilərin yaranmasına gətirib çıxara bilər. Bu problemin həlli ilə əlaqədar dəfələrlə edilmiş müraciət və xəbərdarlıqlara baxmayaraq onlara restoranın normal fəaliyyəti üçün şərait yaradılmamış, haqlı tələbimiz təmin edilməmişdir. Tələbi ona görə haqlı hesab edir ki, Cavabdeh bir hüquqi şəxs kimi hələ təsis edilmədiyi vaxtlarda İzmir restoranı mövcud olub tanınmış restoran kimi fəaliyyət göstərmişdir. Həmin vaxt restorana avtomobillərin sərbəst giriş-çıxış yolu, həmin yolun önündə isə avtomaşınların dayana biləcəyi geniş avtodayanacaq mövcud olmuşdur. Fəaliyyətə başladığı gündən indiyədək xüsusi mülkiyyət hüququ əsasında ayrı-ayrı şəxslərin mülkiyyətinə keçmiş bu restorana Əmlak Məsələləri Dövlət Komitəsindən hər dəfə verilən texniki pasportlarda da avtomobillər üçün bu giriş-çıxış yolunun olması öz əksini tapmışdır. Yəni, onlar Cavabdeh-dan torpaq payı istəmir, qanunun və ədalətin verdiyi öz haqqını tələb edir. Onu da qeyd etmək vacibdir ki, restorana həmin yoldan başqa, alternativ giriş-çıxış yolu yoxdur. Onlar mülkiyyətə edilmiş qəsd və ya başqa maneələrlə bağlı aidiyyatı icra hakimiyyəti və hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etməklə Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən bu hərəkətlərə son qoyulmasına köməklik göstərilməsini xahiş etmişdir. Hüquq mühafizə orqanları tərəfindən araşdırmalar zamanı, yerli baxış zamanı göstərilən hüquqpozma, yəni məhəllə daxili avtomobil yolunun Cavabdeh Mənzil Tikinti Kooperativinin rəhbərliyi tərəfindən qanunsuz olaraq daş hasar çəkilməklə tam bağlanılması faktı öz təsdiqini tapsa da, hazırki məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Bu səbəbdən də pozulmuş hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 işin mahiyyəti üzrə baxılmasını məhkəmənin mülahizəsinə buraxıldığını bildirdi. Məhkəmə iddiaçının cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, ilk olaraq cavabdehin hazırki iddia üzrə iddiaçının subyektiv hüququnun olmaması, hazırki iddia üçün digər mülkiyyətçinin də mütləq razılığının olması ilə əlaqədar gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008ci il tarixli qərarında, həmiçinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İş materiallarında olan çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ½ hissədə paylı mülkiyyətdədir. Həmçinin həmin torpaq sahəsi natural qaydada bölünməmiş, mülkiyyətçilər arasında torpaq sahəsinin ayrıca istifadə qaydası müəyyən edilməmişdir. Bununla belə mübahisə predmeti, iddia predmeti həmin mülkiyyətin daxilində deyil, ümumi mülkiyyətə gedən nəqliyyat vasitələri yolunun açılması ilə bağlıdır. Bu isə öz növbəsində digər mülkiyyətçinin də mənafeyinə xidmət etmiş olur. Nəticə etibarı ilə digər mülkiyyətçinin iddiasının və razılığının olmaması mövcud vəziyyətdə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz və bu hal hazırki iddia üzrə iddiaçının subyektiv hüququnu, yəni tələbetmə hüququnu istisna edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə görə paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin mübahisəsiz halıdır ki, iddiaçının iddia etdiyi, əvvəllər nəqliyyat vəsitələrinin yolu kimi istifadə etdiyi giriş-çıxış qapısının önü mişar daşla inşa edilməklə həmin yol cavabdeh tərəfindən bağlanmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, “İzmir” restoranının həyatyanı ərazisinə gedən məhəllə daxili avtomobil yolu inşaat işləri ilə əlaqədar Cavabdeh MKT-nın nümayəndələri tərəfindən bağlanmışdır. Gələcəkdə hərhansı fövqəladə hadisənin baş verməsinin qarşısının alınması məqəsədi ilə qeyd edilən ünvanda obyektlərin perimetrləri boyunca keçidlərin açılması üçün xx.xx.2015-ci il tarixli məktubla Cavabdeh MKT-nın rəhbərliyinə və xx.xx.2014-cü il tarixli məktubla Yasamal Rayon İcra Hakimiyyətinə məktublar göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həqiqətən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 076/081 nömrəli tikintiyə icazə sənədi əsasında Cavabdeh MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binalarının ərazisinin daş hasara alınması zamanı sözügedən restoranın girişçıxış yolu bağlanmışdır. Həmçinin işdə olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, göstərilən ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının ətrafının daş hasara alınması zamanı İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranının da istifadə etdiyi və əvvəllər mövcud olmuş nəqliyyat vasitələrinin gediş-gəliş yolu bağlanmışdır. Həmin gediş-gəliş yolunun açılaraq bərpa edilməsi üçün aidiyyatı orqanlara müraciətlər olunsa da,bu yolun açılması təmin edilməmişdir. Həmçinin iş materiallarında olan 10/693 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə tikintitexniki ekspertizası rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri, planlı yerləşməsi və digər texniki parametrləri xx.xx.2018-ci il tarixli, **********23-06301 reyestr nömrəli texniki pasporta uyğundur. Həmin texniki pasportda ərazinin şimal tərəfindəki sərhəd hasarında giriş-çıxış qapısının olması qeyd olunsa da, faktiki vəziyyətdə həmin qapının önündə mişar daşından hasar inşa edilməklə yol bağlanmışdır. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri, planlı yerləşməsi və digər texniki parametrləri Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 10/121 nömrəli 2014-cü il tarixli Ayrıc Aktına uyğundur. İddiaçının gediş-gəliş yolu kimi iddia etdiyi sahə 10/121 nömrəli 2014-cü il tarixli Ayrıc Aktı ilə yaşayış binalarının tikintisi üçün Cavabdeh MTK-ya verilmiş 0,9479 ha torpaq sahəsinə düşür. Rəydən həmçinin görünür ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə (nəqliyyat vasitəsi ilə ) hər-hansı alternativ gediş-gəliş yolun olmadığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, sözügedən torpaq sahəsinə faktiki vəziyyətdə parkın ərazisindən keçən piyada yolu mövcuddur. Həmin piyada yolunda müvafiq icra hakimiyyəti qurumları ilə razılaşdırdıqdan sonra əraziyə uyğun tərtib olunacaq layihə əsasında yenidənqurma işləri aparılmaqla “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun açılması texniki cəhətdən mümkündür. Həmçinin, işdə olan cavabdeh tərəfin təqdim etdiyi texniki pasportda mübahisəli ərazinin avtodayanacaq kimi göstərildiyi,iddiaçının texniki pasportunda isə iddia edilən giriş-çıxış qapısının həmin avtodayanacağa açıldığının əks olunduğu müəyyən edilir. Göründüyü kimi mübahisə edilən yol əvvəllər də mövcud olmuş və İzmir restoranı tərəfindən istifadə edilmiş və “İzmir” restoranının həyatyanı ərazisinə gedən yeganə məhəllə daxili avtomobil yolu inşaat işləri ilə əlaqədar cavabdeh tərəfindən bağlanmışdır. Eyni zamanda həm cavabdeh tərəfin təqdim etdiyi texniki pasportda mübahisəli ərazinin avtodayanacaq kimi nəzərdə tutulması, həm də iddiaçının texniki pasportunda iddia edilən nəqliyyat üçün giriş-çıxış qapısının əks olunması onu göstərir ki, həmin yer bu təyinatlı ümumi istifadədə olan yol olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Mülki Məcəllənin 6.1.1-ci maddəsinə görə mülki hüquq subyektlərinin bərabərliyi prinsipi vardır. İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 10/121 nömrəli 2014-cü il tarixli Ayrıc Aktı ilə mübahisəli sahə cavabdehin istifadəsinə ayrılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmlakın istifadəyə verilməsi tam şəkildə mülkiyyət anlamını ehtiva etmir. İstifadə hüququ mülkiyyət hüququnun üç ünsüründən (sahiblik, istifadə, sərəncam) biridir. Hətta,cavabdehin mübahisəli yola istifadə hüququ əsasında mülkiyyətə bərabər hüququ olsa belə, bu həmin əmlakdan, xüsusi ilə ümumi istifadədə olmuş yoldan istifadə edən digər şəxslərin hüquqlarının xitamına əsas deyildir. Belə ki, Mülki Məcəllənin 158-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmçinin,iddiaçının istifadə etdiyi avtomobil yolunun cavabdeh tərəfindən bağlanması mülki hüquq subyektlərinin bərabərliyi, mütənasiblik prinsipinin pozulmasına, nəticə etibarı ilə mülkiyyətçinin həddən artıq fərdi yükə məruz qalmasına, şəxsə ağır bərpa olunmaz zərər vurulmasına gətirib çıxarır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 2 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi);arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Burada həmçinin nəzərə almaq lazımdır ki,AR Konstitusiyasında mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Hər bir halda qoyulmuş məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı) Qanunun mənasından göründüyü kimi dövlət mülkiyyətində olan və ümumi istifadə olunan yolun ayrıc aktı ilə cavabdehin istifadəsinə ayrılması iddiaçının mülkiyyət hüququnu pozmamalı, məhdudlaşdırmamalı və ayrıc aktının mövcudluğu iddiaçının da cavabehlə birlikdə həmin yoldan müştərək qaydada istifadəsi imkanını istisna etməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin V hissəsinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar.Həmin Məcəllənin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin vəzifəsidir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin cavab məktublarından da görünür ki, həmin avtomobil yolunun bağlanması iddiaçının mülkiyyətində olan restoranda yanğın, uçqun və.s. fövqəladə halların baş verəcəyi təqdirdə yanğınsöndürmə və sair qəzaxilasetmə işlərinin görülməsini qeyri-mümkün edir. Bu isə ağır bərpaolunmaz itkilərin yaranmasına gətirib çıxara bilər. Bu mənada cavabdehin müdaxiləsi qanuni məqsədlərə uyğun olamamaqla leqitim xarakter daşımır. Bu səbəbdən də həmin qanunsuz müdaxilə və maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 172.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Qeyd olunanlardan əlavə Mülki Məcəllənin yüklü əşyanın alqı-satqısı ilə bağlı münasibətləri tənzimləyən 572.1-ci və 572.2-ci maddələrinə əsasən isə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, qanunverici, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşya satıldıqda, satıcının alıcını bu barədə xəbərdar etmədiyi hallarda alıcının əşyanın qiymətinin azaldılmasını tələb etmək və ya müqavilədən imtina etmək hüququnu, alıcının bu barədə xəbərdar olub, yüklü əşyanı qəbul etdiyi halda isə, yüklülüyə dözmək vəzifəsini müəyyən etmişdir. Baxılan işin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh ayrıc aktı ilə ona mübahisəli yol ayrılmamışdan əvvəl həmin yolun avtodayanacaq olduğunu, İzmir restoranına gedən yol kimi istifadə olunduğunu bilirdi. Yəni, cavabdeh ayrıca aktı ilə həmin istifadə hüquqlarını əldə edərkən torpaq üzərindəki iddiaçıya məxsus restoranın mövcudluğundan və həmin restorana gedən yolun iddiaçı və restoranın müştəriləri tərəfindən istifadə olunmasından xəbərdar olmuş, dolayısı ilə də əmlakı yüklü şəkildə qəbul etməyə razılıq vermişdir. Belə olan təqdirdə isə, qanunun tələbinə əsasən, cavabdeh həmin yol üzərində mövcud olan yüklülüyə, yəni iddiaçının həmin avtomobil yolundan istifadə və sahibliyinə dözməlidir. Göstərilənlərdən əlavə məhkəmə iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza rəyinin “parkın ərazisindən “İzmir” restoranına və onun altındakı 0,32875 ha torpaq sahəsinə avtomobillə gediş-gəliş yolunun açılmasının texniki cəhətdən mümkün olması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ümumi istifadədə olan həmin park vətəndaşların istirahət yeridir. Parkda olan çoxillik qiymətli ağacların kəsilməsi həm ekoloji, həmdə iqtisadi cəhətdən yolverilməzdir və bu yalnız mühüm dövləti məqsədlər üçün mümkündür.Əks təqdirdə cəmiyyətin maraqları ilə fərdin maraqları arasında ədalətli balans pozulmuş olar. Eyni zamanda əvvəllər mövcud olmuş avtomobil yolunun açılaraq bərpa edilməsi daha az zərər vurulmaqla qanunun qeyd olunan normasının tələbi baxımından ağlabatan və məqsədəmüvafiqdir. Həmçinin həmin yolun tərəflər arasında müştərək qaydada istifadə olunması cavabdehin hər hansı hüququnun pozulmasına və onun mənafeinə hər hansı zərər vurulmasına səbəb olmur. Bununla belə cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdehin əmlaka istifadə hüququnun olması mahiyyət etibarı ilə mülkiyyətə bərabər tutulur. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyət hüququ əsasında yola sahiblik hüququnun olması faktı iddiaçının həmin yola məhdud əşya hüququ baxımından istifadə hüququnu istisna etmir. Xüsusi ilə vurğulanmalıdır ki, iş materiallarında olan dövlət orqanlarının, hüquq mühafizə orqanlarının arayışlarından da görünür ki, həmin yol daha əvvəllər mövcud olmuş və İzmir restoranı tərəfindən istifadə olunmuşdur. Bu isə hüquqi müəyyənlik prinsipi baxımından iddiaçının yoldan istifadə hüququnun cavabdehdən (ayrıc aktının verilməsindən) daha əvvəl yarandığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243-cü maddəsinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki,iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh tərəfindən yaradılmış maneə, yəni bağlanmış avtomobil yolu açılmalı, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalı və Cavabdeh QSC-nin qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54.4-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə həmin sahədən piyada və ya nəqliyyat vasitəsilə keçmək servitutu müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə; QƏT ETDİ : İddia təmin edilsin. İddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulsun. Yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələr aradan qaldırılsın və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-455/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-455/2023
21.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver