Məhkəmə qərarları › İş №e-2(004)-4552/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4552/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4552/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri sistemində göstərilən əsas borc üzrə 1339,67 manat, faiz borcu üzrə 34,32 manat, cəmi 1373.99 manat məbləğində pul vəsaitinin "xxxx" QSC tərəfindən silinməsinin təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə onunla "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti (bundan sonra – Bank və ya Bankçılıq Departamenti) arasında xx.xx.2013-cü il tarixli 289/13 saylı “Vakala” borc müqaviləsi (bundan sonra borc müqaviləsi) bağlanmışdır. Borc müqaviləsinin predmetinə əsasən Bank ona “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** yuyucu maşının (bundan sonra məhsul) alınması üçün 3000 manat məbləğində pul vəsaitini borc verməyi və o, ödəniş cədvəlinə əsasən həmin vəsaiti banka qaytarmağı öhdəsinə götürmüşdür. Məhsulu əldə etmək üçün bankın tələbi ilə onunla “X3” MMC (bundan sonra Şirkət) arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra, məhsul üçün ödənişi onun əvəzinə Şirkətə bank ödəməli və ödənilmiş məbləğ borc müqaviləsinin şərtlərinə əsasən tərəfindən banka qaytarılmalı idi. Beləki, şirkətlə alqı-satqı müqaviləsi imzalandıqdan və bank tərəfindən məhsulun ödənişi həyata keçirildikdən sonra ödəniş cədvəlinə uyğun olaraq aylıq kredit məbləğini ödəməyə başlamışdır. Həmin borc müqaviləsi üzrə onun tərəfindən ilkin ödəniş edilmiş və aylıq ödənişlər həyata keçirilmişdir. Qeyd olunan borcun ümumi 1660.33 manat məbləği ödənildikdən sonra həmin borc üzrə artıq ödəniş edə bilmədiyi üçün alqı-satqı müqaviləsinə uyğun olaraq, aldığı məhsul saz vəziyyətdə və bütün tərkib hissələri ilə birlikdə şirkətə geri qaytarılmış, bu barədə müvafiq olaraq məhsulun geri təhvil verilməsinə dair şirkətlə onun arasında akt imzalanmış və tərəflərin heç bir öhdəliyi qalmadığı üçün alqı-satqı müqaviləsinə qarşılıqlı razılıqla 12 yanvar 2014cü il tarixli müqavilənin ləğv edilməsi haqqında Razılaşma imzalanaraq alqı-satqı müqaviləsinə xitam verilmişdir. Məhsul geri təhvil verildiyi üçün şirkət tərəfindən ona həmin tarixədək onun banka ödədiyi 1660.33 manat məbləğinin geri qaytarılmayacağı bildirilmiş, lakin məhsulun tam tərkib hissəli saz vəziyətində olduğunu nəzərə alaraq, onun həmin məhsul üçün banka ödəməli olduğu 1339.67 manat borc məbləğinin şirkət tərəfindən banka qaytarıldığına dair məlumat verilmişdir. Lakin, həmin dövrdə bank tərəfindən problemli aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, dövlətə məxsus Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - Cavabdeh QSC) idarəetməsinə verilməsi üçün tədbirlərin həyata keçirilməsi zamanı şirkət tərəfindən banka qaytarılmış borc məbləği Bankçılıq Departamenti tərəfindən nəzərə alınmamış və borcun silinməsi üçün lazimi işlər yerinə yetirilməmişdir. Bu səbəbdən, bank tərəfindən aktivlərin Cavabdeh QSCnin idarəetməsinə verilməsi zamanı borc müqaviləsi üzrə olan 1.339,67 manat məbləğdə aktiv borc kimi Cavabdeh QSC-yə ötürülmüşdür. Cavabdeh QSC tərəfindən borc müqaviləsi üzrə olan 1.339,67 manat məbləğində əsas və 34,32 manat faiz borcunun ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, müraciətə onun iştirakı olmadan baxılaraq Cavabdeh QSC-nin xeyrinə qarar çıxarılmışdır. Daha sonra tərəfindən Yasamal Rayon Məhkəməsinin 2 (004)-7154/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, Apellyasiya məhkəməsi işin təfərrüatlarını araşdırdıqdan sonra apellyasiya şikayətini təmin etmiş və xx.xx.2021-ci il tarixli 2 (103)-9219/2021 saylı qətnamə ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və Cavabdeh QSC-nin borc müqaviləsi üzrə yaranmış borcun ödənilmə tələbi rədd edilmişdir. Hazırki borc məbləğinin məhkəmə tərəfindən əsassız hesab edilərək ödəmə barədə iddia tələbindən rədd edilsə də, bugünədək həmin məbləğ Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində onun adında borc kimi göstərilməkdədir. Məlumat üçün bildirir ki, maddi durumunun ağır olmasına və aztəminatlı ailə statusuna aid olduğuna baxmayaraq, bu vaxtadək heç bir sosial imtiyazla təmin olunmamışdır. Qazancının əsas hissəsi kirayə pulunun ödənişinə çıxdığı üçün ailəsi və 4 övladı la çox çətinliklə keçinməyə çalışırlar. Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində adımda faiz borc məbləği göstərildiyi üçün bu hal onun sosial evlər, sadələşdirilmiş ipoteka və ya dövlət tərəfindən yaradılmış digər bu kimi imkanlardan yaralanmağına böyük çətinlik törədir. Yalnız bu borc məbləği həmin sistemdən çıxarıldıqdan sonra bu imtiyazlardan istifadə edə bilmə imkanı yaranacaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, apellyasiya məhkəməsində iddia müddətinin tətbiq edildiyinə görə iddialarının rədd olunduğunu, bunun nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə ilə telefon vasitəsilə əlaqə saxlayaraq iddianı müdafiə etdiyini, iclasın tarixini səhv saldığını bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 289/13 nömrəli “Vakala” Borc müqaviləsinə əsasən Borc alan İddiaçı “Kirby” firmasının istehsalı olan “Sentria" modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) borc aldığı pul vəsaiti ilə dərhal almağı öhdəsinə götürür. Borc verən Borc Alana bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də göstərilən məbləği borc verməyi öhdəsinə götürür. Borc alan bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə və Əlavə İdə göstərilən müddətdə və qaydada borcu və bank gəlirini Borc verənə qaytarmağı öhdəsinə götürür. Alınan avadanlıqlar Borcverən tərəfindən Borcalana maliyyə icarəsinə verilir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli müqavilənin rədd edilməsi haqqında razılaşmaya əsasən tərəflər arasında 6 Oktyabr 2013-cü il tarixdə «Kirby» markalı, «Sentria» modelli ********** seriya nömrəli yuyucu maşının və onun tərkib hissələrininhissə satılması barədə alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə şərtlərinə uyğun olaraq alıcı ilkin ödəniş aparmış və hər ay 156 AZN (yüz əlli altı) manat aylıq ödəniş aparmağı öz öhdəsinə götürmüş, müqavilə şərtlərinə uyğun olaraq satıcı tərəfindən əmlak onun tərkib hissələri ilə birlikdə təhvil verilmiş, onun işlək vəziyyətdə olması yoxlanılmış və bu hallar yazılı qaydada rəsmilləşdirilmişdir. Hal-hazırda alıcının müraciəti əsasında və müqavilə şərtlərinə uyğun olaraq müqavilə ləğv olunur. Satılmış əmlak onun tərkib hissələri ilə birlikdə işlək vəziyyəti yoxlanılaraq satıcıya qaytarılmış, əmlakın təhvil alınması bərədə akt tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən İddiaçı müraciətinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından "xxxx" QSCyə daxil olmuş vətəndaş İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı müraciətlərində bəhs edilən məsələlərə aidiyyatı üzrə baxılmışdır. İddiaçı xx.xx.2013-cü il tanxdə "xxxx" ASC- dən 3000.00 manat krediti götürmüşdür. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-cı tarixli 570 saylı Fərmanının icrası tədbirləri ilə əlaqədar olaraq İddiaçı 1373,99 manat ( 1339,67 manat əsas, 34,32 manat faiz) problemli kredit borcu 'Aqrarkredıt'' QSC-yə ötürülmüşdür. Borcalan kredit öhdəyini yerinə yetirmədiyi üçün "xxxx" QSC tərəfindən Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 2(004)-7154/2019 saylı 06 12 2019-cu ıl tarixli və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9219/2021 saylı 11 10 2021-ci ıl tarixli qətnaməsi ilə cavabdehdən cəmi 1403,99 manatın tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9219/2021 saylı 11 10 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilərək iddia müddəti keçdiyindən iddia rədd edilmişdir. Lakin iddia müddətinin keçməsi həmin borc üzrə Cavabdeh QSC-nin tələb hüququnu aradan qaldırılmadığından və məhkəmə qərarı ilə "xxxx" QSC-nın üzərinə bu borcun silinməsi öhdəliyi qoyulmadığından İddiaçıın kredit borcu onun adına qalmaqdadır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci i tarixli 2(103)-9219/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının adından “X2 Edilməsi Agentliyi”nin İddiaçı qarşı “əsas və faiz borcunun qaytarılmasına dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7154/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" ASC-nin X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 289/13 saylı “Vakala” borc müqaviləsi üzrə yaranmış 1.339,67 manat əsas borc, 34,32 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.403,99 manat vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh QSC-yə ödənilməsi barədə iddia tələbi iddia müddətinin keçməsi səbəbindən rədd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən,borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq özözlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edibetməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci i tarixli 2(103)-9219/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7154/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" ASC-nin X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 289/13 saylı “Vakala” borc müqaviləsi üzrə yaranmış 1.339,67 manat əsas borc, 34,32 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.403,99 manat vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh QSC-yə ödənilməsi barədə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Hazırda İddiaçı həmin borcun Cavabdeh QSC tərəfindən silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İdida təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar