Məhkəmə qərarları › İş №e-2(004)-4552/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4552/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4552/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: sığorta ödənişinin tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. BB seriyalı, 102475 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı tərəfindən sığortalanmışdır.

2. İddiaçı SŞ ASC-nin xx.xx.2020-ci il tarixli, 092762 nömrəli sığorta aktından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə yuxarı mənzildən su axıb. Subasma nəticəsində hamamın lanbirlərinə elektrik naqillərinə ziyan dəyib. Mətbəx tavanına ziyan dəyib. Dəymiş zərərin məbləğindən 250 manat azadolma məbləği və 0,1 manat bərpa məbləği çıxılmaqla sığorta ödənişi 99,90 manata bərabərdir.

3. 186 nömrəli Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli, 01/21 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə zərərvuran əmlakın sahibi Cavabdehdur.

4. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, imza edənlər mənzil 143-ün sakinləri Mehdiyev Mürsəl və Mehdiyeva Siyasət, mənzil 121-in sakini Müseyibov Asif, mənzil 129un sakini Kamal Səfərov bina 3-ün sədri Alfin Nəzərovun iştirakı ilə 143 nömrəli mənzilə baxış keçirərkən aşkar etmişlər ki, tavanın zədələnməsi, vanna otağındakı asma tavanın sıradan çıxması, elektrik naqillərinin qısa qapanması, vanna kabunəsinin işıqlarının sıradan çıxması və tavananın beton örtüyünün korriziyaya uğraması yuxarıdakı mənzildən su axıntısı nəticəsində baş vermişdir.

5. 186 nömrəli MTK-nın sədri Alfin Nəzərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən xx.xx.2022-ci il tarixli hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh məxsus 145 nömrəli mənzildən axan su əslində 8-ci mərtəbədə yerləşən 151 nömrəli mənzildən axmışdır.

6. ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən xx.xx.2022-ci il tarixli hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh məxsus 145 nömrəli mənzildən axan su əslində 8-ci mərtəbədə yerləşən 151 nömrəli mənzildən axmışdır. O, 149 nömrli mənzildə yaşayır və imzası ilə təsdiq edir.

7. ünvan 2 ünvanında yerləşən mənzildə yaşayan X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən xx.xx.2022-ci il tarixli hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh məxsus 145 nömrəli mənzildən axan su əslində 8-ci mərtəbədə yerləşən 151 nömrəli mənzildən axmışdır. O, 147 nömrli mənzildə yaşayır və imzası ilə təsdiq edir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yeni Yasamal 2, 3 nömrəli binanın 143 nömrəli mənzilində dəymiş zərərə görə ödənilmiş 99,90 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat komissiyanın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddianın əsaslarına görə, Bakı şəhəri Mənzil Kooperativ Təsərrüfatı İdarəsi 186 saylı MTK tərəfindən verilmiş akta və xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yeni Yasamal 2, 3 nömrəli binanın 143 nömrəli mənzilinə həmin binanın yuxarıdakı 145 nömrəli mənzilindən su axıdılaraq zərər vurulmuşdur. Bakı şəhəri, Yeni Yasamal 2, 3 nömrəli binanın 145 saylı mənzili n sahibi Cavabdehdur. Göründüyü kimi Bakı şəhəri, Yeni Yasamal 2, 3 saylı binanın 143 saylı mənzili xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, Bakı şəhəri, Yeni Yasamal 2, 3 nömrəli binanın 143 nömrəli mənzilinə 350 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 12641 nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri, Yeni Yasamal 2, 3 nömrəli binanın 143 nömrəli mənzilinə dəymiş zərərə görə sığortalı X1 99,9 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, Bakı şəhəri, Yeni Yasamal 2, 3 nömrəli binanın 143 nömrəli mənzilinə dəymiş zərərə görə ödənilmiş 99,9 manat sığorta ödənişi zərərvuran Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

b) iddiaya etiraz

10. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, artıq hadisədən 5 il keçib, ekspertiza rəyi olsa idi, o bəlkə razılaşardı. Sadəcə tərtib olunan akt ciddi bir göstərici deyil. Onun evinə baxış keçirilməmişdir. Aşağı mərtəbədəki mənzilə su 8-ci mərtəbədən axıb. Bu barədə iş materiallarına sığorta şirkəti tərəfindən əlavə edilmiş aktı tərtib etmiş Alfin Nəzərovun da məktubu var.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. İşdəki faktiki halları ilə müəyyən edilir ki, daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmış X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə su axması nəticəsində zərər dəymiş, sığorta hadisəsi nəticəsində azadolma məbləği çıxdıqdan sonra 99,90 manat məbləğdə sığorta ödənişi sığortalıya ödənilmişdir.

17. İddiaçı hazırda həmin sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməklə sığorta hadisəsində cavabdehin təqsirli olmasının təsdiqi kimi xx.xx.2020-ci il tarixli aktı iş materiallarına əlavə etmişdir.

18. Lakin, məhkəmə sözügedən aktı sığorta hadisəsində cavabdehin təqsirini (məsuliyyətini) müəyyənləşdirən mötəbər sübut qismində qəbul etmir. Əvvəla, xx.xx.2020ci il tarixli, 092762 nömrəli sığorta aktından görünür ki, sığorta hadisəsinin baş verdiyi tarix olaraq xx.xx.2020-ci il tarixi qeyd edilmişdir. İddiaçının istinad etdiyi akt isə, sığorta hadisəsindən daha əvvəl, xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir.

19. Digər tərəfdən, MTK sədri və bir neçə qonşunun iştirakı ilə, su axıdıldığı iddia edilən yuxarı mənzilə baxış keçirilmədən tərtib edilmiş sözügedən akt mənzilə dəymiş zərərin yuxarı mənzildən su axıdılması nəticəsində yarandığı barədə birmənalı qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün yuxarı mənzilə də, mümkün qədər mütəxəssisin iştirakı ilə baxış keçirilməli, su sızmasının texniki səbəbləri müəyyən edilməli, bu detalları ilə təsvir edilməli idi. Bu isə iş materialları ilə müəyyən edilmir. İddiaçının istinad etdiyi akta imza atmaqla möhür vurmuş MTK sədrinin hazırkı iş məhkəməyə daxil olduqdan sonra tam əks mövqedə ərizəni məhkəməyə təqdim etməsi onu deməyə əsas verir ki, həmin şəxsin rəyi və ya fikri ümumiyyətlə mötəbər mənbə kimi qəbul edilə bilməz.

20. Odur ki, hazırkı halda sığorta hadisəsində cavabdehin təqsiri müəyyən edilmədiyindən sığorta ödənişi də həmin şəxsdən tutula bilməz.

21. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

22. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar