Məhkəmə qərarları › İş №e-2(004)-4559/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4559/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4559/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” iddia tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11683,25 manat əsas borc, 1680,92 manat faiz borcu, 281,41 manat cərimə borcu olmaqla, cəmi 13645,58 (on üç min altı yüz qırx beş manat əlli səkkiz) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 131 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 22.5% olmaqla 12.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Sonuncu dəfə borclu tərəfindən ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, eyni zamanda onun istifadəsində olan mobil telefon nömrələrinə sms bildiriş göndərilmişdir. Eyni zamanda cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərkən ona məhkəmə baxış iclasının vaxtı elan edilməklə bildiriş təqdim edilmişdir. Lakin cavabdeh bildirişlərin çatdırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək etirazının olmadığını bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara tam, hərtərəfli və obyektiv baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli CC/40237/83 nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 48 ay müddətinə illik 22,5 faiz ödəmək şərti ilə 12.000 (on iki min) manat kredit vermişdir. İş materiallarında olan ödəniş cədvəlindən və xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 11683,25 manat əsas, 1680,92 manat faiz, 281,41 manat cərimə olmaqla, cəmi 13645,58 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 428.4-ci maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, kreditor tərəfindən cavabdehə kredit borcunun qaytarılması ilə bağlı müraciət olunmuşdur. Qeyd olunan müraciəti məhkəmə müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş təklifə bərabər tutur. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/40237/83 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh müqavilə üzrə 11683,25 manat əsas borc, 1680,92 manat faiz borcu, 281,41 manat cərimə borcu olmaqla, cəmi 13645,58 (on üç min altı yüz qırx beş manat əlli səkkiz) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 131 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13.776,58 (on üç min yeddi yüz yetmiş altı manat əlli səkkiz qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/40237/83 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli CC/40237/83 saylı kredit müqaviləsi üzrə 11.683,25 manat əsas borc, 1.680,92 manat faiz borcu, 281,41 manat cərimə borcu olmaqla, cəmi 13645,58 (on üç min altı yüz qırx beş manat əlli səkkiz) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar