Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-457/2023 23.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun, əldən çıxmış faydaya görə 3644 (üç min altı yüz qırx dörd) manat və 150 (yüz əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıdan aldığı 20.000 (iyirmi min) manat borcu xx.xx.2020-ci il tarixədək qaytaracağını öz öhdəliyinə götürmüşdür. Lakin xx.xx.2019-cu il tarixdən 3 (üç) ilə yaxın müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən borcun hər hansı hissəsi ona geri qaytarılmamışdır. Bununla əlaqədar, cavabdeh borclu olduğu məbləğin yaxın vaxtlarda iddiaçıya qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Cavabdeh iddiaçıdan aldığı ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pulu həmin vaxt ona qaytarsa idi, o həmin pulu banklarından birinə depozitə qoyub Respublika Mərkəzi Bankının Reyestr Xidmətinin həmin il üçün, yəni 2019-cu il üçün müəyyən etdiyi məbləğdə əlavə fayda formasında faiz pul götürə bilərdi. Banklara qoyulan depozitlərə Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri hər ilə görə müyyən edir. Cavabdehin əldən çıxmış fayda formasında iddiaçıya vurduğu zərərin həcmi X1 Xidmətinin 2019, 2020, 2021 və 2022-ci il üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğun hesablanmalıdır. 2019-cu ilin dekabr ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7,5 faizlə müəyyən edilmişdir. Beləliklə 20.000 manat x 7,5% = 1500 manat:12 ay=125 manat təşkil edir. 2020-ci ilin yanvar-may ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7,25 faizlə müəyyən edilmişdir. Beləliklə, 20.000 manat x 7,25% = 1450 manat:12 ay =120,8 manat x 5 ay = 604 manat təşkil edir. 2020-ci ilin iyun ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7 faizlə müəyyən edilmişdir. Beləliklə, 20.000 manat x 7% = 1400 manat :12 ay =116,6 manat təşkil edir. 2020-ci ilin iyul-sentyabr ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 6,75 faizlə müəyyən edilmişdir. Beləliklə, 20.000 manat x 6,75 % = 1350 manat:12 ay =112,5 manat x 2 ay = 225 manat təşkil edir. 2020-ci ilin oktyabr- 2021-ci ilin sentyabr ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 6,5 faizlə müəyyən edilmişdir. Beləliklə, 20.000 manat x 6,5 % = 1300 manat :12 ay =108,3 manat x 11 ay = 1191 manat təşkil edir. 2021-ci ilin oktyabr-dekabr ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7 faizlə müəyyən edilmişdir. Beləliklə də, 20.000 manat x 7 % = 1400 manat:12 ay =116,6 manat x 5 ay = 233 manat təşkil edir. 2022-ci ilin yanvar-mart ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7,5 faizlə müəyyən edilmişdir. Beləliklə, 20.000 manat x 7,5 % = 1500 manat :12 ay =125 manat x 3 ay = 375 manat təşkil edir. 2022-ci ilin aprel-oktyabr ayı Azərbaycan Respublikası Mərkəzi Bankının Reyestr Xidməti faizləri 7,75 faizlə müəyyən edilmişdir. Beləliklə də, 20.000 manat x 7,75 % = 1550 manat :12 ay =129 manat x 6 ay = 775 manat təşkil edir. Belə ki, 2019-cu ilin dekabr ayından cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsi otuz beş aydır, bu da ümumilikdə 35 ay üzrə 3644 (üç min altı yüz qırx dörd) manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixində kecirilən məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə İddiaçının nümayəndəsi və vəkili Vəkil Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-945 nömrəsi ilə qeydə alınmış 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borc pul verir, borcalan Cavabdeh isə həmin pul məbləğini 13 dekabr 2020-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarına əlavə olunmuş İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcla bağlı 2 (iki) iş gün müddətində ödəniş etməyəcəyi təqdirdə, borcun məcburi ödənilməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə Cavabdeh xəbərdar etmişdir. 17 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 160 (yüz altmış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, borc verən İddiaçı borcalan Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borc pul vermiş, borcalan Cavabdeh isə həmin pul məbləğini 13 dekabr 2020-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında bağlanmış müqavilə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 13 dekabr 2019-cu il tarixində qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Lakin cavabdeh öhdəliyi pozmuş, borcunu qaytarmamışdır. Nəticədə İddiaçı Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun, əldən çıxmış faydaya görə 3644 (üç min altı yüz qırx dörd) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20.000 (iyirmi min) manat Cavabdeh iddiaç İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı iddia ərizəsinin 3644 (üç min altı yüz qırx dörd) manat əldən çıxmış faydanın tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki bu tələbin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Lakin, iddiaçı cavabdehin ona məxsus pulun qaytarılmasını gecikdirməsi nəticəsində gəlir əldə etməsini, həmin puldan faydalanmasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən pul məbləğinin qaytarılması ilə bağlı faiz öhdəliyi nəzərdə tutulmadığından, eyni zamanda iddiaçı tərəfindən cavabdehin ona məxsus pulun qaytarılmasını gecikdirməsi nəticəsində gəlir əldə etməsini, həmin puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədəyindən iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 160 (yüz altmış) manat məbləğində dövlət rüsumunun 135,34 (yüz otuz beş manat otuz dörd qəpik) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 135,34 (yüz otuz beş manat otuz dörd qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-457/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-457/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver