Məhkəmə qərarları › İş №e-2(004)-4576/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4576/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4576/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 127,500 manat (75.000 ABŞ dolları) məbləğində vəsaitin, 418 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı (Məhəmməd) oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu 1980-ci ildən etibarən Qazaxıstan Respublikasının Aktau şəhərində yaşayır. Dayısı oğlu Cavabdeh ilə danışarkən hər dəfə cavabdeh ona Bakıda ev almağı təklif edirdi. İddiaçı isə maddi imkanıın olmadığını bildirmişdir. Lakin, sonra Saqibin təklifi ilə razılaşıb Bakı şəhərində özümə ev almaq fikrinə düşmüşdür. İddiaçı özü Bakıda yaşamadığı, Bakı şəhərində demək olar ki, heç kimi tanımadığına görə dayısı oğlu Cavabdeh iddiaçıya ev tapa biləcəyini bildirdi. Bir neçə gündən gündən sonra Saqib iddiaçıya zəng edərək Xırdalan şəhəri H.Z. Tağıyev küçəsində yerləşən "xxxx" MTK-a məxsus Xırdalan şəhərində yerləşən 2 otaqlı ev satışa çıxdığını, qiymətinin 52 min Abş Dollarından 45 min Abş dollarına endirdiyini və həmin evi almağı məsləhət gördüyünü bildirmişdir. İddiaçı da həmin məbləği hissə-hissə verə biləcəyini bildirmişdir. Saqib də bununla razılaşmışdır. Beləliklə, hissə-hissə olmaqla 45 min dollar məbləğində pulun bir hissəsini iddiaçı özü şəxsən əlbəəl, digər hissəsini həyat yoldaşı, bir hissəsini də dostu Əliyev Hümbət vasitəsilə Bakı şəhərində cavabdehə vermişdir. Cavabdeh də iddiaçıya evin alqı-satqısının baş tutduğunu və evin artıq iddiaçının olduğumu bildirmişdir. Bir müddət sonra isə iddiaçı yenə də hissəhissə olmaqla evin təmiri üçün 30 min ABŞ dolları miqdarında pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh də narahat olmamağı və evi də keyfiyyətli şəkildə təmir etdirəcəyini bildirdi. İddiaçı 4-5 ildir ki, evin təmirini tam şəkildə bitirərək həmin evi təmirli vəziyyətdə kirayə verməyə başlamışdır. Kirayəçilər isə kirayə pulunu iddiaçının kürəkəni Əliyev Elmana ödəmişlər. 2023-cü ilin oktyabr-noyabr aylarında iddiaçının kürəkəni Elman Bakı şəhərinə gələrək Xırdalan şəhəri H.Z. Tağıyev küçəsində yerləşən "xxxx" MTK-a məxsus binanın A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı ümumi sahəsi 104.84 kv.m olan mənzilin çıxarışı düzəldib satmaq istəmişdir. MTK-nın nümayəndəsi evin sahibi Musayeva Mehribanın və həyat yoldaşının razıllığı lazım olduğunu bildirdi. Elman həmin şəxslərlə əlaqə saxladıqda isə Musayeva Mehriban və həyat yoldaşı Ramiz adlı şəxslər evi satmağa razılıq vermədiklərini, əlavə olaraq 55 min manat pul tələb edərək evin sənədləşdirilməsi üçün lazımı sənədləri verməkdən imtina etdiyi, Cavabdeh evin alınması üçün onlara heç bir ödəniş etmədiyini bildirmişlər. Bundan sonra Mehriban və Ramizin dələduzluq etdiyini fikirləşib iddiaçı onlar barəsində Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi nəticəsində başlanılmış araşdırma nəticəsində bəlli olmuşdur ki, iddiaçının pulunu mənimsəyən şəxs cavabdeh dayısı oğlu Cavabdehdur. Abşeron rayon polis idarəsi 30 iyul 2024-cü il tarixli cinayət işinin başlanılması barədə qərar qəbul etmişdir. Həmin qərardan da görünür ki, Cavabdeh öz izahatında məndən hissə-hissə ümumiikdə 75000 ABŞ dolları məbləğində vəsait alıb, lakin həmin vəsaitin Mehribana və ya Ramizə evin alqı-satqısı məqsədilə verdiyini sübut edə bilməyib. Mehriban və Ramizin əməllərində cinayət tərkibinn olmaması, Saqibin əməlində isə dələduzluq niyətinin təsdiq edən kifayət həcmdə sübutların olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin Abşeron Rayon Polis İdarəsi də öz qərarında Cavabdeh qarşı iddiaçıya dəymiş ziyanın ödəmilməsi üçün aidiyyatı məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərardan da Cavabdeh hüquqazidd hərəkətləri və iddiaçıya məxsus 75000 ABŞ dolları (127,500 manat ) məbləğində vəsaiti mənimsəməsi öz təsdiqini tapır. İddia tələbinin sübut edən dəlillər qismində Cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərar iştirak edir. İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, bildirmişdir ki, sözügedən mənzili bibisi oğlu olan iddiaçı üçün onu tapşırığı əsasında mənzilin ilkin sahibi X1 onun etibarnamə üzrə nümayəndəsi kimi çıxış etmiş X3 (vəfat etmişdir) vasitəsilə almışdır (maliyyə arayışı və etibarnamə iş materiallarına əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş Abşeron RPİ İŞ-nin Cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsinin 5-ci abzasında Cavabdeh izahatı öz əksini tapmışdır. Sözügedən izahatın surəti müvafiq sorğu əsasında əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X7 bildirmişdir ki, İddiaçı oğlu onun dostudur və uzun illərdir Qazaxıstan Respublikasında yaşayır. Mübahisə predmeti olan mənzilin alınmasından məlumatı vardır. Həmin mənzil təxminən 10 ildən uzun müddətdir ki, iddiaçı tərəfindən alınmış və iddiaçının ailəsi mənzili təmir etdirdikdən dərhal sonra həmin mənzildə yaşamışlar. Mənzil son 3-4 il ərzində isə kirayəyə verilmişdir. Həmin mənzilin əldə edilməsi ilə bağlı müvafiq pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə hissəhissə göndərilməsi ona məlumdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. MM-in 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. MM-in 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. MM-in 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MM-in 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. MM-in 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. MM-in 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə isə qeyd oluan heç bir şərt ödənilmir. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, iddiaçı və ailəsi sözügedən mənzildə tam təmir etdirdikdən sonra təxminən 10 ildən artıq həmin mənzildə yaşamışdır (mənzilin sahibi olmuşdur). Həmin mənzilin alınması ilə bağlı cavabdehin hüquqi roluna münasibətdə məhkəmə hesab edir ki, cavabdeh mənzilin alınması ilə bağlı iddiaçını nümayəndə qismində təmsil etmişdir (təmsilçi). Cavabdeh tərəfin arqumentlərinə əsasən o, həmin vaxt MKİS rəisi olduğundan mənzili bibisi oğlu olan iddiaçının tapşırığı (xahişi) ilə özünün vəsaiti hesabına iddiaçı üçün almış, daha sonra isə həmin pul (alqı-satqı və təmir xərci) iddiaçı tərəfindən bir neçə ay ərzində hissə-hissə ona göndərilmişdir (iddiaçı tərəf və şahid də bu xüsusatı məhkəmə qəbul edir). İddiaçı tərəf isə Abşeron RPİ İŞ-nin Cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərarından başqa hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Sözügedən qərara və həmin şikayət ərizəsi üzrə cavabdehin izahatına əsasən cavabdehin hazırki iddia ərizəsində göstərilən xüsusatları etiraf etməsi xüsusatı müəyyən edilmir. Belə ki, həmin izahatda da o, qeyd etmişdir ki, mənzil alındıqdan sonra mənzilin pulu 3-4 dəfəyə iddiaçı tərəfindən ona göndərilmişdir. Bu hal, cavabdehi təmsilçi qismində deyil, müstəqil subyekt olaraq müqavilə tərəfi kimi çıxış etməsinə dəlalət etsə də, sözügedən hallar hüquqi məsələlərdir və mülki işin bilavasitə nəticəsinə ciddi təsir etmir. Sözügedən mənzilin digər mülkiyyətçisinin olması faktiki halı mövcud olsa da, buna görə hazırki mülki iş üzrə cavabdehin öhdəliklə (təqsir) mükəlləf edilməsi sübuta yetirilmir. Yəni, cavabdehin sanki iddiaçıdan mənzilin pulunu alsa da mənimsəməsi xüsusatı ağlabatan hesab edilmir. Nəzərə alınmalıdır ki, iddiaçının ailəsi həmin mənzildə uzun illər (10 ildən çox) yaşamış, mənzili təmir etdirmiş, kirayə vermiş, mənzilə dair çıxarış əldə etmək niyyəti yarandıqdan sonra MTK tərəfindən ona bildirilmişdir ki, mənzilin sahibi başqasıdır. Həmçinin, iş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən müəyən edilir ki, sözügedən mənzilə dair X4 (mənzilin iddia olunan ilk mülkiyyətçisi, yəni, tərəflərin deməsinə görə mənzil ondan alınmışdır) tərəfindən İddiaçı oğlunun arvadı X2 10 il müddətinə etibarnamə verilmişdir. Deməli, həmin mənzilə dair tərəflər arasında qeyri-rəsmi formada alqı-satqı münasibətləri olmuşdur. Yəni, cavabdeh tərəfindən iddiaçının pulunun mənimsənilməsi (əsassız varlanma, delikt, müqavilə öhdəliklərinə əməl edilməməsi və s.) xüsusatı sübuta yetirilmir. Bununla bağlı iddiaçı həmin mənzilə dair kifayət qədər araşdırma aparmaqla (faktiki vəziyyəti müəyyən etməklə) məhz mənzilin təhvil verilməsinə dair müvafiq iddia tələbi üzrə müvafiq cavabdehlərə (MTK və s.) qarşı iddia qaldıra bilər. Polis orqanında aparılan təhqiqat araşdırması çərçivəsində isə belə bir nəticə gəlmək tam dolğun olmaya bilər. Həmçinin, polis orqanının qərarında müvafiq hüquqi nəticə müəyyən edilmiş olsa belə, məhkəmə təhqiqat orqanının prosessual qərarından asılı deyildir. Polis orqanı məsələnin mülki-hüquqi mahiyyətinə deyil, cinayət əməli və ya cinayət faktına (əgər varsa) hüquqi qiymət verməlidir. Məhkəmə mübahisəyə yalnız iş üzrə təqdim edilmiş sübutlar əsasında baxaraq qərar qəbul etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır (sübuta yetirilmir) və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı oğluna aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar