Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-459/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2219.65 manat məbləğində kredit bоrcu, 1623.92 manat məbləğində faiz bоrcu və 1395.34 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5238 manat 91 qəpik məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 72.39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 056A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2780.35 manat ödəniş etmiş və оnun iddiaçıya 2219.65 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1318 gün üçün hesablanmış faiz borcu 1623.92 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1318 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1395.34 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, İddiaçı QSC-dən xx.xx.2019-cu il tarixdə 5000 manat məbləğində kredit götürdüyünü, hazırda tələb olunan əsas borcla razı olduğunu, faiz və cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 056A********** nömrəli kredit müqaviləsinə əsasən bank müştəriyə istehlak məqsədilə ümumi məbləği 5000.00 manat olan borc pulu aylıq faiz dərəcəsi 1.8333% olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubuna əsasən iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 2219.65 manat əsas, 201.8 manat faiz, 1395.34 manat cərimə məbləği olmaqla, cəmi 3816.79 manat təşkil etdiyini bildirmiş, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılmasını və kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunacağı və banka borclu olunan 5238.91 manat (2219.65 manat əsas, 1623.92 manat faiz və 1395.34 manat cərimə məbləği) məbləğin, həmçinin xx.xx.2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə və bu halda təkcə banka borclu olunan məbləğin deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərclərin ödəniləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-yə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 056A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə 2219.65 manat əsas, 1623.92 manat faiz və gecikmə günü 1318 gün olmaqla 1395.34 manat cərimə borcu olmaqla, cəmi 5238.91 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/10639 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu 2.395,17 manat əsas, 187,32 manat faiz, 342,64 manat illik 5 faiz dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda üzrə borc, ümumilikdə 2.925,13 manat məbləğində müəyyən edilir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində kredit müqaviləsi bağlanmışdır və cavabdehə 24 ay müddətinə, aylıq 1.8333% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Hazırda iddiaçı 2219.65 manat məbləğində kredit bоrcu, 1623.92 manat məbləğində faiz bоrcu və 1395.34 manat məbləğində cərimə olmaqla, cəmi 5238.91 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tələbdə qeyd olunmuş faiz və cərimə məbləği ilə razılaşmadığından, məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəməmühasibatlıq eskpertizası təyin etmişdir. Ekspert rəyinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə olan borcu 2.395,17 manat əsas, 187,32 manat faiz, 342,64 manat illik 5 faiz dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda üzrə borc, ümumilikdə 2.925,13 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində göstərilmiş 2.395,17 manat əsas borca münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində iddia tələbində göstərilən həddə, yəni 2219.65 manat məbləğində təmin olunmalıdır. Məhkəmə iddiaçının 1623.92 manat faiz bоrcunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, ekspert rəyində cavabdehin xx.xx.2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə faiz borcu 187,32 manat müəyyən olunduğundan iddia tələbi faiz borcu hissəsində ekspert rəyində göstərilən məbləğdə, yəni 187,32 manat məbləğində təmin olunmalıdır. Məhkəmə iddiaçının 1395.34 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının 72.39 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 72.39 manat məbləğində dövlət rüsumunun 45.62 manat məbləği cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehdan xx.xx.2019-cu il tarixli 056A********** nömrəli kredit müqaviləsi üzrə 2219.65 manat əsas, 187.32 manat faiz, 155.03 manat cərimə borcu olmaqla, cəmi 2562 manat və dövlət rüsumu olaraq ödənilmiş 45.62 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 056A********** nömrəli kredit müqaviləsi üzrə 2219.65 (iki min iki yüz on doqquz manat altmış beş qəpik) manat əsas, 187.32 (yüz səksən yeddi manat otuz iki qəpik) manat faiz, 155.03 (yüz əlli beş manat üç qəpik) cərimə borcu olmaqla, cəmi 2562 (iki min beş yüz altmış iki) manat və dövlət rüsumu olaraq ödənilmiş 45.62 (qırx beş manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-459/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-459/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver