Məhkəmə qərarları › İş №e-2(004)-460/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-460/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-460/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, RBNPU-10256 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 15245,76 manat (on beş min iki yüz qırx beş manat yetmiş altı qəpik) faiz borcuna görə 526,04 manat (beş yüz iyirmi altı manat, dörd qəpik) dəbbə borcuna görə 918,02 manat (doqquz yüz on səkkiz, iyirmi qəpik) cəmi 16690 manat (on altı min altı yüz doxsan manat) məbləğində pulun və 140,07 manat (yüz qırx manat, yeddi qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun iddia haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBNPU-10256 saylı kredit müqaviləsinə əsasən illik 14% (on dörd faiz) dərəcəsi olmaqla 36 ay (otuz altı) müddətinə 20000 manat (iyirmi min) məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, RBNPU -10256 saylı kredit müqaviləsinin şərtlərinə görə, borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu ( cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsədə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBNPU-256 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 8-dən (səkkiz) gec olmayaraq hər ay 683,56 manat (altı yüz səksən üç manat əlli altı qəpik) ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, RBNPU-10256 saylı kredit müqaviləsi borcuna görə 15245,76 manat (on beş min iki yüz qırx beş manat yetmiş altı qəpik) faiz borcuna görə 526,04 manat (beş yüz iyirmi altı manat, dörd qəpik) dəbbə borcuna görə 918,2 manat (doqquz yüz on səkkiz manat, iyirmi qəpik) cəmi 16690 manat (on altı min altı yüz doxsan manat sıfır qəpik) təşkil edir. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RBNPU-10256 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, illik 14% dərəcəsi olmaqla, 20000 manat (iyirmi min manat) məbləğində kredit verməyi, borcalan isə aldığı krediti və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, RBNPU-10256 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan 15245,76 manat əsas, 526,04 manat faiz, 918,2 manat dəbbə borcu olmaqla, cəmi 16071,8 manat (on altı min yetmiş bir manat səksən qəpik) borcu vardır. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 140,07 manat (yüz qırx manat, yeddi qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik, hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 20000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 918,2 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 300 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 140 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15245,76 (on beş min iki yüz qırx beş manat yetmiş altı qəpik) manat əsas, 526,04 (beş yüz iyirmi altı manat dörd qəpik) manat faiz, 300 (üç yüz) manat dəbbə borcu olmaqla, cəmi 16071,8 (on altı min yetmiş bir manat səksən qəpik) manat pul və ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15245,76 (on beş min iki yüz qırx beş manat yetmiş altı qəpik) manat əsas, 526,04 (beş yüz iyirmi altı manat dörd qəpik) manat faiz, 300 (üç yüz) manat dəbbə borcu olmaqla, cəmi 16071,8 (on altı min yetmiş bir manat səksən qəpik) manat pul və ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar