Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-466/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində yerləşən yeraltı dayanacaqdan təyinatı üzrə istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə onun arasında bağlanmış 02 fevral 2015-ci il tarixli MN-387/15 saylı Mənzilin Alğı-Satqı Müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqlı mənzil dəyəri tam ödənilməklə tərəfindən əldə edilmişdir. 30 dekabr 2019-cu il tarixdə Cavabdeh MTK ilə onun arasında 1 yerlik (1 avtomobil üçün) yeraltı avtodayanacaq zolağının istifadəyə verilməsi məqsədilə Qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə (“İcarə Müqaviləsi”) bağlanmış və o binanın sakini olaraq avtomobilini yeraltı dayanacaqda saxlayaraq, MTK-ya hər ay 100 manat xidmət (mühafizə) haqqı ödəmişdir. Lakin, 2022-ci ilin yanvar ayından etibarən binanın idarəçiliyini həyata keçirən Cavabdeh MTK-nın nümayəndələri avtomobili yeraltı dayanacağa buraxmaq üçün ondan 150 manat aylıq ödəniş tələb etməyə başlamışlar. O, bununla razılaşmayaraq, yeraltı dayanacağın binanın mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti olduğunu bildirərək, oradan istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını tələb etmişdir . Buna baxmayaraq, cavabdehin əməkdaşları onu ümumi paylı mülkiyyət hüququ üzrə ona məxsus sahəyə, yəni mənzil sahibi olduğu binanın yeraltı dayanacağına buraxmırlar, bunanla da qanunla qorunan və dövlət tərəfindən təminat verilən hüquqlarını kobud şəkildə pozurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin çoxmənzilli binanın tərkib hissəsinə (yeraltı dayanacağa) mülkiyyət hüquqları (sərəncam, sahiblik, istifadə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və daşınmaz əmlak üzərində hər hansı hüququ əmələ gəlməyib. Cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin (“Kompleks”) tərkib hissəsinə (yeraltı dayanacağa) mülkiyyət hüququnu (istifadə, sərəncam, sahiblik) təsdiq edən hüquq müəyyən edici sənədləri, yəni daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış mövcud deyil, cavabdehin yaşayış binasının tərkib hissəsi üzərində sərəncam vermək və bu tərkib hissələri istifadəyə vermək barədə bütün sahə mülkiyyətçilərinin razılığı və ya bu əmlak üzərində sərəncam və istifadə hüququnu müəyyən edən hər hansı digər sənədləri mövcud deyil, cavabdehin sahibkarlıq fəaliyyəti göstərərək, dayanacaq haqqının yığılması ilə gəlir əldə etməsi üçün əsas olan sənədlərin, o cümlədən vergi bəyannamələri mövcud deyil. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X2 müvafiq hissəsinə əsasən mənfi 3, mənfi 2 və mənfi 1-ci mərtəbələrdə yerləşən yeraltı avtomobil dayanacaqları üçün yerlər nə yaşayış sahəsi, nə də ki qeyri-yaşayış sahəsidir. Həmin sahələr çoxmənzilli binanın ümumi əmlakıdır və qanunvericiliyə uyğun olaraq ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Göründüyü kimi, Azərbaycan Respublikasının mülki və mənzil qanunvericiliyinə əsasən çoxmənzilli binanın əmlakı (1) yaşayış və qeyri-yaşayış sahələri və (2) bu sahələrə xidmət etmək üçün, yəni binanın tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərdən (çoxmənzilli binanın ümumi əmlakı) ibarətdir. Qanunla çoxmənzilli binanın ümumi əmlakı üzərində hər hansı şəxsin ayrıca mülkiyyət hüquqluları qeydə alınmır. Məhz binanın sahə mülkiyyətçiləri qanunvericiliyə uyğun olaraq ümumi əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Bütün bunlar isə öz növbəsində belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdeh tərəfindən hər hansı məhdudiyyət qoyulmadan və icarə müqaviləsi bağlanmadan kompleksin yeraltı avtomobil dayanacaqları üzərində ümumi mülkiyyət qaydasında sahiblik etmək və ondan istifadə etmək hüquqlarını özündə saxlayır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, binada heç kim üçün çıxarış verilməmişdir, hazırda dayanacaqlar satılır. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin -1, -2, -3 mərtəbələrində yerləşən qeyri-yaşayış sahələri "xxxx" MTK-nın mülkiyyətindədir. Qaraj anlayışı ümumi mülkiyyətin içində deyil. Bina istismara getdiyi halda mənzil mülkiyyətçilərinə də çıxarış veriləcəkdir. Lakin o vaxta qədər öz səlahiyyətlərini saxlayır. Ümumi mülkiyyətdə dayanacaq anlayışı yoxdur. Yalnız icarə müqaviləsi bağlayıb maşını qarajda saxlaya bilər. İcarə müqaviləsi bağlanmadığı halda qarajdan giriş-çıxışlar üçün istifadə edə bilər. Layihədən də görünür ki, həmin yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK-ya məxsusdur. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin eksiz layihəsindən görünür ki, həmin yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK-nın sahibliyi və istifadəsindədir. İş materiallarına əlavə olunmuş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli MN-387/15 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, icraçı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqdan ibarət 387 nömrəli mənzili sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 683 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqlı 387 nömrəli mənzil üzrə İddiaçı Cavabdeh MTK-ya borcu qalmamışdır. İcarəyə verən Cavabdeh MTK ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-QA-Eİ 09/19 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən görünür ki, icarəyə verən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 yerlik avtomobil dayanacağı icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında 100 manat icarə haqqını icarə verənə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 54.1-ci maddəsinə hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.4-cü maddəsinə görə isə idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə yaşıllaşdırma və abadlaşdtrma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, eskiz layihədən də görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTKnın istifadə və sahibliyindədir. Həmçinin Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli MN-387/15 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, icraçı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqdan ibarət 387 nömrəli mənzili sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından da görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin 2 saylı binasının B bloku, 5-ci yaşayış mərtəbəsində, ümumi sahəsi 114,48 kv.m. olan üç otaqlı 387 nömrəli mənzil üzrə İddiaçı Cavabdeh MTK-ya borcu qalmamışdır. Hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində yerləşən yeraltı dayanacaqdan təyinatı üzrə istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində "xxxx" MTK-nın balansında olan qeyri-yaşayış sahələri mənzilin ümumi birgə paylı mülkiyyətində olmadığından, yəni mənzilin mülkiyyətçilərinin ümumi mülkiyyətində olmadığından, həmçinin Cavabdeh MTK-nın sahibliyi və istifadəsində olunduğundan İddiaçı iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-QA-Eİ 09/19 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən görünür ki, icarəyə verən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 yerlik avtomobil dayanacağı icarəçinin istifadəsinə verməyi icarəçi isə bunun qarşılığında 100 manat icarə haqqını icarə verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yenidən icarə müqaviləsi üzrə aylıq 100 manat məbləğində 1 yerlik avtomobil dayanacağının icarəçinin istifadəsinə verilməsini tələb etmişdir. Məhkəmə isə bu hissədə hesab edir ki, müqavilə bağlanan zaman fiziki və hüquqi şəxslər öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-466/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-466/2023
11.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver