Məhkəmə qərarları › İş №e-2(004)-4665/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4665/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4665/2022 20.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, YSNPU-04657 saylı kredit müqaviləsi üzrə 4909,60 manat əsas borc, 164,67 manat faiz borcu, 1776,96 manat cərimə olmaqla, cəmi 6851,23 manat borcun və 88,52 manat dövlət rüsumu məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSNPU-04657 saylı kredit müqaviləsinə əsasən borc alana illik 18 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borcu tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Prosesin gedişində iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək, məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən əsas borcundan ödəniş edildiyini, eyni zamanda faiz və cərimə borcunun artdığını göstərmiş, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, YSNPU- 04657 saylı kredit müqaviləsi üzrə 4709,60 manat əsas borc, 325,61 manat faiz borcu, 2000 manat cərimə olmaqla, cəmi 7035,21 manat borcun və 90,36 manat dövlət rüsumu məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bankdan kredit götürdüyünü, hazırda maddi vəziyyəti ilə bağlı borcu ödəməkdə çətinlik çəkdiyini göstərmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.2, 739.1, 739.2, 741-ci maddələrini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSNPU-04657 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 18 % dərəcəsi olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə cavabdehin xx.xx.2020-ci il tarixli, YSNPU-04657 saylı kredit müqaviləsi üzrə banka olan borcu 4709,60 manat əsas borc, 325,61 manat faiz borcu, 2000 manat cərimə olmaqla, cəmi 7035,21 manat borc pul təşkil edir. Göründüyü kimi, borc verən müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli, YSNPU-04657 saylı kredit müqaviləsi üzrə 4709,60 manat əsas borc, 325,61 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 5235,21 manat məbləğində borc pul tutulmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, YSNPU-04657 saylı kredit müqaviləsi üzrə 4709,60 manat əsas borc, 325,61 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 5235,21 (beş min iki yüz otuz beş manat 21 qəpik) manat məbləğində borc və 90,36 (doxsan manat 36 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar