Məhkəmə qərarları › İş №e-2(004)-467/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-467/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-467/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş əri Cavabdeh1 (bundan sonra cavabdeh), ona və qız övladları X1 və X2 qarşı, “mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən, onların ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmasının təmin olunmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsiin 2(004)-58/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuşdur. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehlərin çıxarılması tələb olunan mənzil, iddiaçının mülkiyyətindədir və onların mənzildən istifadəsi iddiaçının qanunla qorunan maraqlarına ziddir. Həmin 16 mart 2021-ci il tarixli qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də birinci instansiya məhkəməsinin iş üzrə nəticəsi dəyişdirilmədən saxlanılıb.(Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6971/2021 №li, xx.xx.2021-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 3213/2021 №-li, xx.xx.2022-ci il tarixli qərarı). Həmin məhkəmə mübahisələri zamanı daima mənzilin mülkiyyətçisi olmalı olduğunu iddia etsə də və bunu mənzilin dəyərinin onun pulları hesabına ödənildiyini bildirsə də, bunun təsdiqi olaraq əlində, heç bir sübutu olmadığı üçün məhkəmələr onun bu iddiasını formal söz olaraq qəbul etmişdir. Lakin qısa müddət öncə evin boşaldılması məqsədi ilə yır-yığış zamanı sözügedən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə dair İH-nin Orderini tapmışdır və həmin orderdə də iki nəfərin: Cavabdeh1 və iddiaçı-İddiaçı adları yazılıb. Məhz bu fakt onun mənzilə olan mülkiyyət hüququ iddiasında haqlı olduğunu təsdiq edir. Lakin sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ərizənin baxılmamış saxlanılmasına etiraz etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işə baxılmasını davam etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, hazırkı iddianın məhkəmədə qaldırılmasında məqsəd iddia ərizəsində qeyd edilən icra mərhələsində olan icra sənədinin icrasını yubatmaq məqsədi daşıyır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair Yasamal rayon Məhkəməsinin qanuni qıvvəyə minmiş xx.xx.2019cu il tarixli qətnaməsi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, X3 və X2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 mart 2021-ci il tarixli 2(004)-58/2021 saylı qətnaməsindən görünür ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilməmişdir. Belə ki, tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə Cavabdeh1 tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və İddiaçı 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar