Məhkəmə qərarları › İş №e-2(004)-4672/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4672/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4672/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 84.000 manat və ödənilmiş dövlət rüsumunu əvəzi olan 342 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq 92000 (doxsan iki min) manat pul vəsaiti xx.xx.2020-ci il tarixinə qədər qaytarmaq şərti ilə borc qismində verilmişdir. Lakin cavabdeh bu günə qədər həmin pul vəsaiti tam olaraq geri qaytarmamışdır. Ondan dəfələrlə pul vəsaitinin tam olaraq geri qayratması tələb olunsa da imkanının olmadığı bildirərək müxtəlif bahanələr gətirmiş, iddiaçının müraciətləri nəticəsiz qalmışdır. Bundan əlavə Cavabdeh iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş pul vəsaitini qaytarmayacağı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. Lakin o, məktuba məhəl qoymamış pul vəsaitini tam olaraq qaytarmamışdır. Qeyd olunur ki, Cavabdeh iddiaçıya bu günə 84.000 (səksən dörd min) manat borcu vardır. Bunanla da sübut olunur ki, cavabdeh iddiaçının hüquqlarını pozmuş, ona yuxarıda qeyd edilən məbləğdə maddi zərər yetirilmişdir. Belə olan halda iddia ərizəsi ilə eketron qaydada məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh nəğd şəkildə müəyyən qədər ödəniş etmişdir. Cavabdeh iddiaçıya bu günə 84.000 (səksən dörd min) manat borcu vardır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 92.000 manat məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında 92.000 manat borc verilməsi ilə bağlı yazılı müqavilə bağlanmışdır. Hazırda iddiaçı 84.000 manat qalıq borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, nə qədər ki, cavabdehin iddiaçıdan 92.000 manat məbləğində borc aldığı sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq iddiaçı cavabdehin borca müəyyən qədər ödəniş etdiyini və qalıq borcun 84.000 manat təşkil etdiyini bildirərək, 84.000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi borcun tutulması hissədə təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 342 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 84.000 (səksən dörd min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 84.000 (səksən dörd min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar