Məhkəmə qərarları › İş №e-2(004)-4673/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4673/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4673/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5889,12 manat məbləğində əsas borcun, 530,55 manat məbləğində faiz borcunun, cəmi 6419,67 manat borcun və 85 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Borcluya 36 ay müddətinə, illik 22.5% olmaqla 9000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 2(004)-4673/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CC/26080/82/10 saylı kredit sazişinə əsasən bank tərəfindən müştəriyə 36 ay müddətinə illik 22,5% dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli, CC/26080/82/10 saylı kredit müqaviləsi üzrə 5889,12 manat əsas, 530,55 manat faiz borcu, 0 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətinə əsasən, iddiaçı tərəfindən kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş və kredit borcunun dərhal ödənilməsi tələb edilmişdir. Əks halda cavabdehə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 14 avqust 2021-ci il tarixli CC/26080/82/10 saylı kredit müqaviləsi üzrə 5889,12 (beş min səkkiz yüz səksən doqquz manat on iki qəpik) manat əsas borc, 530,55 (beş yüz otuz manat əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 6419,67 (altı min dörd yüz on doqquz manat altmış yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat pul iddiaçı "Bank of Baku” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 14 avqust 2021-ci il tarixli CC/26080/82/10 saylı kredit müqaviləsi üzrə 5889,12 (beş min səkkiz yüz səksən doqquz manat on iki qəpik) manat əsas borc, 530,55 (beş yüz otuz manat əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 6419,67 (altı min dörd yüz on doqquz manat altmış yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar