Məhkəmə qərarları › İş №e-2(004)-4677/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4677/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4677/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş ziyandan qalıq olaraq olan 574,5 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə cavabdeh idarə etdiyi “X2 minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus1 ədəd “Tuğçu” tipli işıq dirəyini və 2 ədəd çırağı zədələyərək müəssisəyə 1721 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Yasamal yaron DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2019-cu il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı digər şəxsə də zərər vurulmuşdur. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 1146,50 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Maddi ziyandan qalıq olaraq qalan 574,50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 13.1.-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2.-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 20.2.-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus əmlaka 1721 manat məbləğində maddi ziyan vurmuşdur. "xxxx" ASC ilə bağlanmış sığorta müqaviləsinə əsasən cavabdehin mülki məsuliyyətinin icbari sığortası olduğuna görə sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş zərərin bir qismi - 1146,5 manatı ödənilmişdir. Zərərin qalan hissəsi iddiaçı tərəfindən cavabdehdən tələb olunur. xx.xx.2019-cu il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarla cavabdehin təqsiri sübuta yetirildiyindən və zərərin məbləği zərər aktı ilə təsdiq edildiyindən qalıq məbləğ 547,5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14.-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçının tələbi təmin edildiyindən, habelə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 574,5 (beş yüz yetmiş dörd manat əlli qəpik) manat pul turularaq "xxxx" X1 xeyrinə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar