Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4705/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin itkin düşmüş hesab edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan X2 01 iyul 2022ci ildən itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2007-ci ildə X4 ilə nikaha girmişdir. Birgə nikahdan 14 mart 2009-cu ildə Aydın və 28 noyabr 2014-cü ildə Tuncay adlı övladları dünyaya gəlmişdir. Tərəflərin arasındakı nikah ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(004)-711/2016 saylı qətnaməsinə əsasən X1 ərizəçinin xeyrinə alimentin tutulması qət edilmişdir. Elnur Zeynalov daimi yaşayış yerində olmadığından onun barəsində 2022-ci ilin iyun ayında axtarış işi açılmışdır. Artıq 3 ildən artıq müddətdir ki, o daimi yaşayış yerində yoxdur. Həmin halın təsdiq edilməsi ərizəçiyə uşaq üçün sosial pensiyanın təyin olunması üçün zəruridir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(004)-711/2016 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh X3 qarşı “nikahın pozulması və alimentin tutulması” tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(004)-711/2016 saylı qətnaməsi əsasında açılmış icra işi üzrə borclu X2 dövlətlərarası axtarışı barədə müvafiq sənədlər əlavə edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, X4 barəsində Mingəçevir ŞPŞ-də itkin düşməsi ilə bağlı axtarış işi qeydə alınmamışdır. X4 barəsində xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞdə borclu kimi axtarış işi açılmışdır. Məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən, hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Mülki Məcəllənin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(004)-711/2016 saylı qətnaməsinə əsasən, iddiaçı Ərizəçi cavabdeh X3 qarşı “nikahın pozulması və alimentin tutulması” tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli 2(004)-711/2016 saylı qətnaməsi əsasında açılmış icra işi üzrə borclu X2 dövlətlərarası axtarışı elan edilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, X4 barəsində Mingəçevir ŞPŞ-də itkin düşməsi ilə bağlı axtarış işi qeydə alınmamışdır, X4 barəsində xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-də borclu kimi axtarış işi açılmışdır. Yəni, X4 barədə axtarış işi itkin düşmə ilə bağlı deyil, məhz aliment öhdəliklərinin icrasından yayınması ilə bağlıdır. Bu hal isə, özü-özlüyündə şəxsin itkin düşmüş hesab edilməsinə əsas ola bilməz. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə “formal həqiqət” prinsipi rəhbər tutulmaqla məhkəmənin arbitr rolunda iştirak etməsi nəzərə alınaraq tərəflərdən hər hansı birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Ərizəçi məhkəmə iclaslarında iştirak etməmiş, ərizəçinin nümayəndəsi yalnız sonuncu iclasda, yəni məhkəmə baxış iclasında iştirak etmişdir. Ərizənin əsaslılığı barədə ilkin sübutlar təqdim edilməmiş, şahidlərin dindirilməsi barədə vəsatət verilməmiş, ərizənin əsaslılığına dəlalət edən izahat, mülahizə bildirilməmişdir. Ərizəçinin vəkilinin müdafiəsinin əsas arqumenti odur ki, X4 barəsində axtarış işi açıldığından o, itkin düşmüş hesab edilməlidir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, şəxsin aliment öhdəliklərini icra etməməsi səbəbindən axtarışda olması onun xəbərsiz itkin düşməsinə əsas deyildir. Barəsində axtarış elan edilmiş borclunun öhdəliklərinin icrasının təmin edilməsi müvafiq icra orqanının vəzifəsidir. İtkin düşmə barədə məhkəmə qərarının qəbul edilməsi hüquqi nəticələrə səbəb olacağından qərar əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Ərizəçinin sırf sosial təminat sistemindən faydalanmağının təmin edilməsi məqsədilə şəxsin itkin düşmüş elan edilməsi barədə qərarın qəbul edilməsi yolverilməzdir. Ərizəçi ərizədə maraqlı şəxs qismində Sosial Müdafiə Mərkəzinin Mingəçevir şəhər Şöbəsini qeyd etsə də, məhkəmə izah edir ki, elə bir qurum hüquqi baxımdan mövcud deyildir. Ehtimal edilir ki, həmin qurum Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi qeyd edilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “şəxsin itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4705/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4705/2025
07.11.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver