Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4718/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 1448/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə xx.xx.2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarını artıraraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi, iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumu və 58 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1448/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə görə birgə nikahdan doğulmuş, xx.xx.2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüzəlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Ailəyə laqeyd münasibətinə görə nikah pozulmasına səbəb cavabdehin onlara qarşı laqeyd hərəkətləri sonradan da davam etdi. Belə ki, valideynlik vəzifəsini lazımınca dərk etsəydi başa düşərdi ki, uşağın bütün qayğılarını çəkən, təlim-tərbiyəsi ilə məşğul olan, bacardığı qədər onun ehtiyaclarını ödəməyə çalışan lakin çox vaxtda buna nail ola bilməyən daimi iş yeri və stabil qazancı olmayan tək ana üçün 150 manat alimentlə 4 yaşlı oğlan uşağını saxlamaq çətindir. O, dəfələrlə cavabdehə uşağın artan tələbatı və xəstəliyi ilə bağlı ona əlavə maddi yardım etməsini xahiş etsəm də, o ona məhəl qoymadı. Halbuki, kifayət qədər yüksək gəlirə məxsusdur və istəsə hər ay ən azı 100 manat həcmində əlavə maddi yardım etmək ona çətin olmaz. Lakin qeyd etdiyi kimi o əlavə maddi yardımdan boyun qaçırtdı. Belə olan halda uşağın saxlanılması üçün qətnamə ilə təyin edilmiş alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üzrə müəyyən edilmiş minimum dolanışıq xərclərini və uşaqların mənafeyini nəzərə alan məhkəmə iddianı təmin edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbin müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, uşağı xəstədir və həkimlərə aparmaq üçün pula ehtiyacı var. Hazırda məhkəmə tərəfindən müəyyən edilən aliment uşağın xərclərini ödəməyə yetərli deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, 250 manat aliment ödənilməsinə imkanı çatmır, günəmuzd fəhləlik edərək aya 400-500 manat pul qazanır. Ayrıca uşağın saxlanması üçün əlavə ödənişlər də edir, lakin bununla bağlı sübutu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1448/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 150 manat aliment hazırda uşağın saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2019-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 58 (əlli səkkiz) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-4718/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4718/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver