Məhkəmə qərarları › İş №e-2(004)-473/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-473/2023

23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-473/2023 23.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixində doğulmuş X7 yetkinlik yaşına catanadək saxlanılması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında alımentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddıaçı ilə Cavabdeh arasında 08 oktyabr 2015-ci il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikaha Sabunçu Rayon Məhkəməsinin 2(008)-5338/2021 saylı qətnaməsi ilə xitam verilmişdir. Qətnaməyə əsasən birgə nikahdan doğulmuş 27 mart 2018-ci il təvəllüdlü X9 iddiaçının himayəsində saxlanılması, eləcə də Cavabdeh xx.xx.2021-cı il tarixdən etibarən X8 ilə Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il tarixində doğulmuş X7 yetkinlik yaşına catanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin sonradan cavabdehin maddi vəziyyətində dəyişiklik olmuşdur. Cavabdeh hazırda Bakı şəhərində Vergi orqanlarının birində məsul vəzifədə işləməklə daha yüksək əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verəmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 çıxışında bildirmişdir ki, cavabdeh özü ailə qurmuş, bir neçə günə ata olacaqdır. O dövlət Vergi Xidmətində işləyir. İddiaçı tərəfin cavabdehin əməkhaqqısı kimi qeyd etdiyi vəsait maaş və mükafatların cəmidir. Mükafatlar isə AR İqtisadiyyat Nazirliyinin əmrinə əsasən büdcədənkənar fondun hesabına verilən vəsaitdir. Vəziyyəti nəzərə alan zaman iddia əsassızdır. Çünki iddiaçının əməkhaqqı qeyd edilən qədər çox deyil və bu məbləğ gələcəkdə dəyişə bilər. Odur ki, iddiaçının tələbi qeyri-müəyyən xarakter daşıyır. Cavabdeh isə qeyri-rəsmi uşaqla məşğul olur, onun xərclərini müəyyən qədər qarşılayır. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, cavabdehin vəkilinin çıxışını dinləyib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın yüksək mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 100486 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçı X8 ilə Cavabdeh arasında Yevlax Rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 312 nömrəli akt qeydi ilə tərtib olunmuş 08 oktyabr 2015-ci il tarixli nikahın pozulması, iddiaçı X8 ilə Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il tarixdə doğulmuş X7 iddiaçı X3 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən iddiaçı X8 ilə Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il tarixində doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 Baş İdarəsinin 13 dekabr 2022-ci il tarixli **********114400 saylı məktubundan müəyyən olunur ki, Qazıyev X2 İdarə Edilməsi Baş İdarəsində Məhdudlaşdırma və cinayət xarakterli materiallarla bağlı tədbirlərin təşkili şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyir, orta aylıq əmək haqqı 2895 (iki min səkkiz yüz doxsan beş) manat təşkil edir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 27 mart 2018-ci il tarixdə doğulmuş X9 ananın yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda cavabdehin orta aylıq əmək haqqı 2895 (iki min səkkiz yüz doxsan beş) manat təşkil edir. İddiaçı sabit məbləğdə tutulan alimentin dəyişdirilərək, cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında tutulmasını xahiş edir. Məhkəmə cavabdehin müntəzəm qazancının olmasını, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkünlüyünü nəzərə alaraq qeyd edir ki, alimentin miqdarı dəyişdirilməli, 27 mart 2018-ci il təvəllüdlü doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay Cavabdeh əmək haqqının 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5338/2021 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2018ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5338/2021 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar