Məhkəmə qərarları › İş №e-2(004)-474/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-474/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-474/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4” ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 290.4 manat əsas, 66.55 manat faiz, 20.39 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 377.34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 29% olmaqla 300 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 oktyabr 2024, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 290.4 manat əsas, 66.55 manat faiz, 20.39 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 377.34 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin əsassız olduğunu, iddianın rədd edilməsinə və yazılmış əsassız borcların, cərimələrin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə məhkəməyə etiraz ərizəsi verərək, 17 oktyabr 1994-cü il tarixdən Azərbaycan Elmi-Tədqiqat və Layihə-X2 MMC-də texnik vəzifəsində çalışdığını, anadangəlmə ikinci qrup əlil olduğunu, mütəmadi müalicə aldığını, ailəli və 3 övladı olduğunu, 19 yaşlı qızının universitetdə, 8 yaşlı qızının orta məktəbdə təhsil aldığını, 4 yaşlı qızının uşaq bağçasına getdiyini, həyat yoldaşının işləmədiyini bildirmişdir. 2023-cü il tarixdə "xxxx" ASC-də işlədiyini və həmin dövrdə sürücü vəzifəsində çalışan X3 vəziyyətinin ağır olduğunu, kredit alınması üçün ondan köməklik göstərməyi xahiş etdiyini, hər ay ödənişləri özü edəcəyini bildirmişdir. Problemli kreditlərinin olmasına baxmayaraq Anar “X4” ASC ilə danışıb razılaşdırıb, onun adına kredit rəsmiləşdirilmiş və pulu bankdan yerindəcə Anar özü almışdır. Anar onun adından aldığı 6600 (altı min altı yüz) manat məbləğində olan kredit üzrə mütəmadi olaraq (ay ərzində 187 manat) ödənişləri etsə də, sonradan həmin ödənişləri ödəməkdən boyun qaçırmışdır. Anarı dəfələrlə xəbərdar etməsinə baxmayaraq, krediti ödəmədiyini bildirmişdir. “X4 “ ASC tərəfindən kredit qaydalarının pozularaq bir neçə dəfə kredit alan, problemli kreditləri olan, ikinci qrup əlilin adına başqa bir adama kredit verilməsini qanunsuz hal kimi qiymətləndirilməsini, iddianın əsassız olduğundan rədd edilməsi və yazılmış əsassız borcların, cərimələrin silinməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, ikinci qrup əlil olduğunu, X1 ondan bankdan kredit götürməsini xahiş etdiyini, kredit onun adına rəsmiləşdirilsə də, hər ay ödənişləri Anarın edəcəyini, lakin hazırda ödənişləri ödəməkdən boyun qaçırdığını bildirdi. İş materiallarında olan “X4” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən Bank müştəri Cavabdeh SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Müştəri isə hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinin 17.10-cu bəndinə əsasən “Müştəri” kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə ”Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx)%-nin bir günə olan məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. İş materiallarında olan sms bildirişə əsasən “X4” ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus ********* nömrəsinə sms göndərməklə xx.xx.2028-ci il tarixədək 35 ay müddətinə, illik 29% olmaqla 300 manat məbləğində kredit verilməsini təklif etmiş və həmin kredit məbləği cavabdehin kartına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli 429sNARb/23 saylı kredit müqaviləsinə əsasən banka 17 iyul 2024-cü il tarixinə 290.4 manat əsas, 45.15 manat faiz, 9.27 manat cərimə borcu olmaqla, cəmi 344.82 manat borcunun yarandığını, bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv ediləcəyi və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli UB-BANK/PİKMD/1231132 nömrəli maliyyə arayışına əsasən “X4” ASC-nin müştərisi olan Cavabdeh “X4” ASC-yə 429sNARb/23 saylı kredit müqaviləsi üzrə 15 oktyabr 2024-cü il tarixinə 290.4 manat əsas, 66.55 manat faiz, 20.39 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 377.34 manat borcu yaranmışdır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, kredit müqaviləsi üzrə borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə kredit müqaviləsi üzrə borcu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu kredit müqaviləsi üzrə borc məbləğidir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) kredit müqaviləsi üzrə borc vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə kredit müqaviləsi üzrə borc vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edildiyi gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsindən irəli gəlir. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və banka olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 290.4 manat əsas, 45.15 manat faiz, 9.27 manat cərimə borcu olmaqla, cəmi 344.82 manat məbləğində pul tutularaq iddiaçı “X4” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 290.4 (iki yüz doxsan manat qırx qəpik) manat əsas, 45.15 (qırx beş manat on beş qəpik) manat faiz, 9.27 (doqquz manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 344.82 (üç yüz qırx dörd manat səksən iki qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul məbləğində pul tutularaq iddiaçı “X4” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar