Məhkəmə qərarları › İş №e-2(004)-4744/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4744/2024

02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4744/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit pul məbləğinin cavabdeh X4 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 iyun 2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu barədə akt Bakı şəhəri Nikah evi tərəfindən 28 iyun 2011ci ildə 1247 nömrəli akt ilə təsdiq olunmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il tarixində oğlu X7 və xx.xx.2017-ci il tarixində qızı X6 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-834/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuşdur. Nikahın pozulmasından yaranan digər məsələlər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02531 saylı barışıq sazişi ilə müəyyən edilmişdir, mediasiyaya dair protokolun surəti ərizəyə əlavə edilir. Belə ki, həmin barışıq sazişi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün nikaha xitam verildiyi tarixdən eibarən Cavabdeh tərəfindən hər ay sabit pul məbləğində hər uşaq üçün 220 ( iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 manat alimentin iddiaçıya İddiaçı ödənilməsinə dair öhdəlik götürülmüşdür. Hal-hazırda X5 12, X3 isə 8 yaşı var. Barışıq sazişində qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Tərəflərin birgə yaşadığı dövrdə ailənin ümumi maddi vəziyyəti nisbətən daha yaxşı olmuşdur. O zaman hər iki uşaq - Rəsulova Dəniz və Rəsulov Yunis müntəzəm olaraq əlavə təhsil və inkişaf kurslarına qatılır, daha sosial həyat tərzinə malik idilər. Lakin hazırda aliment olaraq təyin edilmiş məbləğ uşaqların əvvəlki təminat səviyyəsini qorumaq üçün kifayət deyil. Həmçinin, uşaqların böyüməsi və tələbatlarının artması ilə bağlı əlavə maliyyə yükü də yaranmışdır. Aşağıda bu ehtiyacları detallı şəkildə izah edir: Təhsil xərcləri: Uşaqlar böyüyür və yaşlarına uyğun olaraq da təhsil xərcləri artmışdır. Tərəflərin qız övladı Rəsulova Dəniz valideynləri arasında nikah pozulmamışdan əvvəl həftədə 3 dəfə “Lider” Tədris Mərkəzində məktəbəqədər hazırlıq kurslarına gedirdi. Bu kursların aylıq ödənişi 80 (səksən) manat təşkil edir. Bununla yanaşı hesab edir ki, uşaqların sosial inkişafını təmin etmək üçün müxtəlif mədəni və sosial tədbirlərə qatılmaları vacibdir, bu onların psixoloji və emosional inkişafı üçün zəruridir. Qeyd edir ki, Dəniz həmin vaxtda rəqs və gimnastika dərslərinə də gedirdi, bu dərslərin aylıq ödənişi isə 70 (yetmiş) manat edir. Belə ki, hər ay toplam 150 (yüz əlli) manat “Lider” Tədris Mərkəzinə ödəniş edilirdi. Nikah pozulduqdan sonra təyin olunan aliment məbləği uşaqların ehtiyaclarını təmin etmədiyindən 2024-cü ilin may ayından sonra Dənizin bu kurslarda iştirak etməsi mümkün olmamışdır. İddiaçının oğlu Rəsulov Yunis məktəblidir və keçən il olduğu kimi bu il də müəllim yanına getməsinə zərurət vardır. Belə ki, əvvəllər həftədə iki dəfə Rus dili və riyaziyyatdan hazırlığa müəllim yanına gedirdi. Rus dili üçün aylıq ödəniş 80 (səksən) manat, riyaziyyat üçün isə aylıq ödəniş 60 (altmış) manat ümumilikdə, aylıq 140 (yüz qırx) manat təşkil edir. Bununla yanaşı, Yunis həftənin iki günü futbola, iki günü isə kikboksa gedir, bu da aylıq futbol üçün 60 manat, kikboks üçün 100 manat, ümumilikdə, 160 manat təşkil edir. Belə ki, ümumilikdə hər iki uşağın məktəb xərcləri, o cümlədən, dərsliklər, məktəb ləvazimatları, məktəb forması və digər zəruri təchizatlar, eyni zamanda sosial fəaliyyətləri üçün aylıq minimum 450-500 manat xərclənir. Tibbi xərclər: Bununla yanaşı, uşaqların sağlamlığı üçün mütəmadi olaraq tibbi yoxlanışlar və lazım olan dərmanların (vitamin və s.) alınması xərcləri artmışdır. Belə ki, böyümə dövründə lazımlı olan tibbi dəstək, diş müalicəsi və digər tibbi xidmətlər də əlavə maliyyə yükü yaratmışdır. Uşaqlar hər ay vitaminlər qəbul etməlidir, bunların da qiyməti bir ay üçün ortalama 100-150 manat edir. Geyim və qida ehtiyacları: Uşaqların böyüməsiylə əlaqədar onların geyim və ayaqqabı xərcləri də artmışdır. Uşaqların sağlam və balanslı qidalanması üçün qida məhsullarına olan aylıq xərclər də artmışdır. Hazırda bu xərclər iki uşaq üçün hər ay təxminən 300 manat təşkil edir. Bununla yanaşı, iddiaçı tərəfindən övladı Yunis üçün Baku Electronics-dən toplam 614,98 manat məbləğində adapter və telefon alınıb. Ümumilikdə, hər iki uşağın bir aylıq ehtiyacları (təhsil, tibbi, geyimvə qida ehtiyacları) minimum 800-900 manat aralığı təşkil edir. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Əlavə olaraq Cavabdeh barışıq sazişi ilə müəyyən edilmiş alimentin yalnız 3 ayını ödəmiş və bu günə qədər 1 aylıq (iyun ayı üçün) aliment məbləğini ödəməmişdir. Bu hal, cavabdehin öhdəliklərini tam olaraq yerinə yetirmədiyini göstərir. Uşaqların bütün qayğısını, ehtiyaclarını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Qeyd edilməlidir ki, Cavabdeh hazırda yenidən evlənməmişdir və bu səbəbdən də onun yeni ailə üzvləri və ya başqa uşaqlara baxmaq öhdəliyi yoxdur. Bu vəziyyət cavabdehin maddi imkanlarının yalnız iddiaçı ilə birgə uşaqları olan X7 və X6 üçün sərf olunmasına imkan verir. Cavabdeh AZEMİS vasitəsilə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini mümkün hesab edən Bakı şəhəri, Yasamal rayon Məhkəməsi bu barədə e-2(004)-4744/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı qəbul edib və həmin 03 sentyabr 2024-cü il tarixli qərardadla bir neçə məsəllənin həlli o cümlədən də işdə iştirak edən şəxslərə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməli olduğu bildirilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı hər uşaq üçün barışıq sazişi ilə razılaşdırılaraq ona ödədiyi ümumilikdə 470 (dörd yüz yetmiş) manat pulu uşaqların saxlanılması üçün az məbləğ hesab edir və bunu uşaqların əlavə müəllim repetitor yanına, rəqs, idman dərnəklərinə getmələrinə, tibbi müainələrdən keçmələrinə çəkilən xərclərlə əlaqələndirir. O isə uşaqların saxlanılması üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ilə görə müəyyən olunan məbləği təmin edir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. İddia tərəf isə iki uşaq üçün ödədiyi 470 manat aliment pulun 700 (yeddi yüz) manata qədər artırılmasını tələb edir. Ailə qanunvericiliyinin qeyd olunan 76.1.2-ci maddəsinin tələbinə münasibətdə ondan tələb olunan məbləği ödəməyi üçün o ən azından 2100 (iki min yüz) manat gəlirə malki olmalıdır ki, onun da bu qədər gəliri yoxdur. Onun ümumi gəliri 1200 (bir min iki yüz) manatı aşmır. İddia tərəfin iddasına tətbiq edilə biləcək norma olan, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi belədir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentlə əlaqədar iddia tərəflə bağladığı barışıq sazişi var ki, həmin saziş üzrə razılaşma əsasında, eləcə də yaşayış minimumuna tam uyğun olaraq tərəfimdən aliment ödənişləri mütəmadi olaraq həyata keçirilir. Sazişin bağlanmasından sonra da onun fəaliyyətində, gəlirlərində, eləcə də müəyyən edilmiş yaşayış minimumunda hər-hansı dəyişiklik olmayıb. Məhz yuxarıda qeyd etdiyi əsaslardan çıxış edərək iddia tərəfin tələb detalları olan uşaqların repetitor, rəqs müəllimi, idman müəllimi yanına aparılması üçün lüzumsuz xərclərə görə ödədiyi alimentin artırılması tələbini əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(004)-834/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 28 iyul 2011-ci il tarixdə Bakı Nikah Evində 1247 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-02531 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər qismində adladandırılan "birinci tərəf" - Cavabdeh və "ikinci tərəf" - İddiaçı nəzdində aşağıda göstərilən şərtlərdə barışıq sazişi imzalanmışdır: 1. Tərəflər, 28 iyun 2013-cü il tarixində aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ-İ, 681175, 1247 nömrəsi ilə qeydiyyata alınmış) nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə dair razılığa gəlirlər. 2. Birinci tərəf - Cavabdeh ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3. Birinci tərəf - Saziş imzalandıqdan sonra İkinci tərəf: Cavabdeh ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci .il təvəllüdlü X8iunun və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nigaha xitam verildiyi tarixdən etibarən İkinci tərəf: Cavabdeh hər uşağa görə 220 ( iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini hər ay ona məxsus olan və İkinci tərəfə təqdim edəcək bank kartı hesabına ödəniləcəyi ilə razıdır. 4. Birinci tərəf - Saziş imzalandıqdan sonra İkinci tərəf: Cavabdeh ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona İkinci tərəf Cavabdeh tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. 5. Birinci tərəf - Saziş imzalandıqdan sonra İkinci tərəf. Cavabdeh ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə (uşağın mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən İkinci tərəf (atalan) Cavabdeh ilə sərbəst ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 6. İkinci tərəf - Birinci tərəf: İddiaçı ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 Birinci tərəf: İddiaçı (analarının) yanında (himayəsində) qalmalarına razıdır. 7. İkinci tərəf - Bu sazişi imzalamaqla Birinci tərəf: İddiaçı ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nigaha xitam verildiyi tarixdən etibarən hər uşağa 235 manat olmaqla ) Birinci tərəfə hər ay hər uşağa görə 220 (iki yüz qırx) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödəcəyi ilə bağlı öhdəlik götürür. Bu aliment məbləğini hər ay Birinci tərəfin ona təqdim edəcəyi və ona məxsus bank kartı hesabına ödəniləcəyinə dair öhdəlik götürür. İş materiallarına əlavə edilmiş AZEMİS -dən çıxarışdan görünür ki, Cavabdeh Respublika Təcili və Təxirəsalınmaz tibbi yardım mərkəzi publik hüquqi şəxsində təcili yardım həkimi vəzifəsində çalışır və 1706 manat əmək haqqı alır. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı qalması və onların saxlanılması üçün cəmi 440 manat sabit məbləğdə alimentin tutulması ilə bağlı razılıq əldə edilmişdir. Hazırda isə iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat məbləğində alimentin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Beləliklə iş materiallarından müəyyən edilir ki, Cavabdeh aylıq gəliri 1706 manat təşkil edir və həmin məbləğin 1/3 hissəsi 568 manat təşkil edir. Məhkəmə uşaqların yüksək mənafeyini, cavabdehin hal-hazırki gəlirini nəzərə alaraq, hesab edir ki, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-02531 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 284 (iki yüz səksən dörd) manat olmaqla, ümumilikdə 568 (beş yüz altmış səkkiz) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh 1706 manat məbləğində əmək haqqı alır və həmin məbləğin 1/3 hissəsi (568 manat) yaşayış minimumu həddindən yüksəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Həmçinin iddia tələbinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən alimentin tutulması hissəsində məhkəmə hesab edir ki, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-02531 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tutulan alimentin miqdarı dəyişdirildiyindən alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə məhkəmə cavabdehin etirazında qeyd etdiyi Ali Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi ilə bağlı qeyd edir ki, göründüyü kimi tutulan alimentin məbləği yaşayış minimumu həddindən çox yüksək deyildir. Ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki halda, tutulan alimentin məbləğinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsaslandığından, cavabdeh həmin məbləğin uşaqların saxlanılmasına yönəldilmədiyinə dair mötəbər sübutlar təqdim etmədiyindən, uşaqların yüksək mənafeyini əsas götürərək cavabdehin həmin hissədə etirazını əsaslı hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadının 40, 41 və 42-ci bəndlərinə əsasən, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. 41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. 42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-02531 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 284 (iki yüz səksən dörd) manat olmaqla, ümumilikdə 568 (beş yüz altmış səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-02531 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 284 (iki yüz səksən dörd) manat olmaqla, ümumilikdə 568 (beş yüz altmış səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar