Məhkəmə qərarları › İş №e-2(004)-4769/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4769/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4769/2024 25.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Hüseynova Elnarə Qabil qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Yasamal rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 cavabdehin mülkiyyətində olmuşdur. Tərəfimizdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan müəyyən olur yuxarıda qeyd edilən mənzil xx.xx.2008-ci il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2014-cü ildə 25.80 manat borcla şəbəkədən ayrılmışdır. Həmçnin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında 7423 N saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra birinci dəfə xx.xx.2018-ci il tarixdə "xxxx" hüquq firmasının və “KaTV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7423 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə xx.xx.2019-cu il tarixdə "xxxx" hüquq firmasının və “KaTV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 7831 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə göründüyü kimi adıçəkilən ünvana tərəfimizdən iki dəfə akt tərtib edilmiş və tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus olmuş mənzilində “KaTV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar icra edilmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdehə məxsus mənzildə bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus olmuş mənzilin yerləşdiyi binaya sonuncu dəfə baxış keçirildiyi xx.xx.2015-ci il tarixdən qanunsuz qoşulma barədə ikinci aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixə qədər olan müddət 1606 gün, təşkil edir. 1606 günün 100 günü günlük 30 qəpik olmaqla 30 manat, 1506 günü üçün 33 qəpik olmaqla 496.98 manat olmaqla ümumilikdə 526.98 manatdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı Satıcı (cavabdeh) Cavabdeh tərəfindən Alıcı X1. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 7423 nömrəli akta əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 7831 nömrəli akta əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına kabel şəbəkəsinə qanunsuz qoşulma aşkar edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı Kabel televiziya xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə xidmətə qoşulmuş, xx.xx.2014-cü il tarixdə son ödəməni etmiş və xx.xx.2014-cü il tarixdə şəbəkədən borcsuz ayrılmışdır. İş materiallarına ünvan 1 ünvanına nəzarət baxışı keçirilmişdir. İş materiallarına CD disk əlavə edilmişdir. İş materiallarına Sifarişçi "xxxx" MMC ilə İcraçı "xxxx" MMC arasında “Hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2018-ci il tarixli müqavilə əlavə edilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müəyyən edilir ki, qanunsuz qoşulma aşkar olunmuş hər ünvana görə Sifarişçi İcraçıya 150 manat məbləğində pul ödəyir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Sifarişçi "xxxx" MMC İcraçı "xxxx" MMC-yə müqavilə üzrə 150 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı iddia tələbinin əsaslılığını, məhz cavabdehin əsassız varlanması xüsusatını sübut edə biləcək müvafiq mötəbər sənədlər əlavə etməmiş, istinad olunan sübutlar isə bilavasitə iddiaçının özü tərəfindən tərtib edilmiş sübutlardır. Həmin sübutlar isə öz-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Hazırki iddia tələbi üzrə həmin dispozitiv şərtlər yerinə yetirilmir. Diqqət edilməli xüsusi hal odur ki, ünvan 1 ünvanı Kabel televiziya xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə xidmətə qoşulmuş, xx.xx.2014-cü il tarixdə son ödəməni etmiş və xx.xx.2014-cü il tarixdə şəbəkədən borcsuz ayrılmışdır. Yəni, varlanma əgər olubsa da, həmin vaxt tərəflər arasında müqavilə əsası olmadığından mübahisəyə əsassız varlanmanın dispozitiv şərtləri tətbiq edilməlidir. Fərz edək ki, əsassız varlanmanın dispozitiv şərtləri yerinə yetirilsə belə, MM-in 1095-ci maddəsində müəyyən edilən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən məhz iddia müddəti hesab edilən 2 illik müddət ötürülmüşdür. Belə ki, xx.xx.2018-ci il tarixli 7423 nömrəli və xx.xx.2019-cu il tarixli 7831 nömrəli aktlara əsasən (yuxarıda istinad edilmişdir) əsassız varlanma halı mövcud olmuşsa da, həmin vaxtdan 5 ildən artıq müddət ötürülmüşdür (2 illik iddia müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Göstərilən hər üç şərt birlikdə mövcud olduqda delikt hüquq institutunun dispozitiv şərtləri baş tutmuş olur. Məhkəmə hazırki iddia tələbinin faktiki əsaslarını delikt hüquq institutu ilə eyniləşdirmir (əsassız varlanma ilə iddia müddətində fərq vardır (ümumi iddia müddəti 10 il). Belə ki, Hazırki iddianın faktiki əsaslara zərər vurmaya deyil (hərəkət, təqsir, səbəbli əlaqə və s.), əsassız faydalanmaya, varlanmaya kökləndiyindən iddia tələbinin hüquqi əsası qismində delikt hüquq institunun çıxış etməsi istisna olunur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir. Belə olan halda, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat və hüquqi xidmətlərin göstərilməsinə görə 150 (yüz əlli) manat məhkəmə xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat və hüquqi xidmətlərin göstərilməsinə görə 150 (yüz əlli) manat məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar