Məhkəmə qərarları › İş №e-2(004)-48/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-48/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-48/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcunun qaytarılması tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada cəmi 11548,55 ABŞ dolları borcun, bundan 5695,00 ABŞ dolları əsas, 4957,97 ABŞ dolları faiz, 156,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 738,65 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 149 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (“Bank”) ilə Cavabdeh1 (“Cavabdeh”) arasında bağlanmış 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 6600 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 1 saylı kredit müqaviləsinə əlavə ilə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq X3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən cavabdehlərə qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. xx.xx.2022-ci il tarixə Cavabdeh1 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit üzrə cəmi borcu 11548,55 ABŞ dolları təşkil edir. Bundan 5695,00 ABŞ dolları əsas, 4957,97 ABŞ dolları faiz, 156,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 738,65 ABŞ dolları faiz borcu təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********16 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş qaydasını pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli 2(004)-1872/2022 saylı qərardadı ilə cavabdeh X2 aid hissədə iş üzrə icraata həmin cavabdehin xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi iddianı qəbul etməmişdir. O bildirmişdir ki, cavabdeh bankdan avtomobil krediti götürüb, lakin bank ona iki müqavilə əsasında kredit verilməsini qeyd edir, halbuki cavabdehin zaminlik müqaviləsi ilə bağlanmış kredit müqaviləsindən xəbəri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında 17 iyun 2015-ci il tarixli, 285 saylı müqaviləyə əsasən, bank tərəfindən borc alana 24 ay müddətinə, illik 22% olmaqla, şəxsi mənzil təmiri üçün 6600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödəyir. Kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli əlavə №1 əsasən kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22%dən 16%ə endirilmişdir. Cavabdeh2, Cavabdeh1, İddiaçı ASC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 285/1 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 17 iyun 2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki iş üzrə məhkəmə tərəfindən dəfələrlə - Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli qərardadları ilə ekspertiza təyin olunmasına baxmayaraq, iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər tam təqdim edilməmiş, bu səbəbdən ekspertizanın keçirilməsi həvalə olunan orqanlar – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Auditorlar Palatası ekspertiza keçirməkdən imtina etmişlər. Ekspertiza keçirilməsi mümkün olmadığından iddia tələblərinin düzgünlüyü təsdiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/515 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarında olan maliyyə arayışı məlumatlarında Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə - 5695 ABŞ dolları, faiz borcu üzrə 4957,97 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, həmin rəy mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, maliyyə arayışında göstərilən rəqəmlər ekspert tərəfindən iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilmədən və həmin sənədlər əsasında yoxlanılmadan verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 149 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə ekspertizasının dəyəri – 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 149 (yüz qırx doqquz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar