Məhkəmə qərarları › İş №e-2(004)-480/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-480/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-480/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 144 (bir yüz qırx dörd) manat borc məbləği, 15 (on beş) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 189 (bir yüz səksən doqquz) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 01 dekabr 2019-cu il tarixli, WTCN-007341 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 590 (beş yüz doxsan) manat olan Samsung A405 64 ds (İMEİ **********14494) markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 01-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 49 (qırx doqquz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 144 (bir yüz qırx dörd) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbi tam qanunsuz və əsassızdır. İddia ərizəsində sübut kimi təqdim olunan müqavilə qanunsuzdur və həmin halların məhkəmə tərəfindən araşdırılması zəruridir. Hesab edir ki, iddia qanunsuz və əsassız olması səbəbi ilə rədd edilməlidir. Bildirmişdir ki, o, uzun illərdir iddiaçıdan dəfələrlə nağd, nisyə və kreditə məhsullar götürmüşdür. Həmin məhsulların ödənişlərini isə hər zaman vaxtından əvvəl iddiaçıya ödəmişdir. İddiaçı ilə heç vaxt aralarında ödənişlə bağlı heç bir problem olmamışdır. Qeyd etmişdir ki, iddiaçı hazırki məbləği ondan tələb edərkən təqdim etdiyi müqaviləyə əsaslanır. Həmin müqavilə ona təqdim olunmamışdır və onun qeyd olunan müqavilə ilə bağlı ümumiyyətlə məlumatı yoxdur. O, həmin tarixdə iddiaçı ilə heç bir müqavilə bağlamamış və ya heç bir sənədə imza atmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən müqavilədə göstərilən imzanın ona aid olub-olmaması araşdırılmalı və müvafiq ekspertiza təyin olunmalıdır. Bundan əlavə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə sübut etmə yükü tərəfin üzərinə düşür (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi). İddiaçı əsassız söz toplusundan ibarət iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddianın nə hüquqi, nə də faktiki əsası yoxdur. İddiaçı məhkəməyə yalan məlumatlar verərək, hüquqdan sui-istifadə etmək niyyətilə ondan pul almağa və əsassız varlanmağa çalışır. İddiaçı məhkəmədən əvvəl ona telefon zəngi ilə borc barədə məlumat verərkən də o, onlara vəziyyəti izah etməyə çalışmışdır. Lakin iddiaçı məsələni aydınlığa gətirmək əvəzinə qərəzli şəkildə onun üzərinə şər atmağa davam etmişdir. Hesab edir ki, iddia tam əsassız və qanunsuzdur. İddiaçı hüquqdan sui-istifadə edərək, hansısa maraqlardan irəli gələrək ondan pul tələb etməyə çalışır və bununla da ona ziyan vurmağa çalışır. Hesab edir ki, iddia tələbi iddia icraatına keçirilməli və araşdırma aparıldıqdan sonra məhkəmə tərəfindən rədd edilməlidir. İddiaçının iddia tələbi tam qanunsuz və əsassızdır. İddiaçının təqdim etdiyi müqavilədən onun ümumiyyətlə məlumatı yoxdur. Sözügedən müqavilədə onun adından atılan imza ona aid deyildir. Müqavilədə qeyd olunan imzanın ona aid olub-olmaması müvafiq ekspertiza tərəfindən yoxlanılmalıdır. Müqavilədən başqa sübut kimi məhkəməyə heç bir sənəd təqdim edilməmişdir (edilə bilməmişdir). Göstərilənlərə əsasən məhkəmədən, İddiaçı MMC ona qarşı “borc” tələbinə dair iddiasına iddia icraatı qaydasında baxılmasını və müvafiq araşdırma aparıldıqdan sonra iddia tələbinin rədd olunmasına dair yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5932/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair 2(004)-5932/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə işinə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi tam qanunsuz və əsassızdır. İddia ərizəsində sübut kimi təqdim olunan müqavilə qanunsuzdur və həmin halların məhkəmə tərəfindən araşdırılması zəruridir. Hesab edir ki, iddia qanunsuz və əsassız olması səbəbi ilə rədd edilməlidir. Bildirmişdir ki, o, uzun illərdir iddiaçıdan dəfələrlə nağd, nisyə və kreditə məhsullar götürmüşdür. Həmin məhsulların ödənişlərini isə hər zaman vaxtından əvvəl iddiaçıya ödəmişdir. İddiaçı ilə heç vaxt aralarında ödənişlə bağlı heç bir problem olmamışdır. Qeyd etmişdir ki, iddiaçı hazırki məbləği ondan tələb edərkən təqdim etdiyi müqaviləyə əsaslanır. Həmin müqavilə ona təqdim olunmamışdır və onun qeyd olunan müqavilə ilə bağlı ümumiyyətlə məlumatı yoxdur. O, həmin tarixdə iddiaçı ilə heç bir müqavilə bağlamamış və ya heç bir sənədə imza atmamışdır. Müqavilədəli imza onun deyil. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan faktor İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 002 saylı faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan WTCN-007341 saylı, xx.xx.2019-cu il tarixli girov müqaviləsinin surətinə əsasən (mal alqı-satqısı haqqında) 590 manat məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı, özündə saxlamaq şərtilə girov qoyur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən borclu Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə kimi hər ay 49 manat, xx.xx.2020-ci il tarixdə isə 51 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/309 saylı, xx.xx.2024-cü il tarixli məlumatına əsasən WTCN-007341 saylı, xx.xx.2019-cu il tarixli girov müqaviləsinin əsli Ekspertiza Mərkəzinə təqdim olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir, iddiaçı "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 01 dekabr 2019-cu il tarixli, WTCN-007341 nömrəli alqı-satqı müqaviləsinin bağlanılmasını iddia edir. Məhkəmə tərəfindən Cavabdeh tərəfindən müqavilənin imzalanıb- imzalanmamsının müəyyən edilməsi və həmin müqavilə üzrə hər hansı əşyanın almaması ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/309 saylı, xx.xx.2024-cü il tarixli məlumatına əsasən WTCN-007341 saylı, xx.xx.2019-cu il tarixli girov müqaviləsinin əsli Ekspertiza Mərkəzinə təqdim olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən müqavilənin əslinə dair sübutlar təqdim edilməmişdır. Qeyd etmək lazımdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. 339.6-cı maddəsinə görə isə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar