Məhkəmə qərarları › İş №e-2(004)-4920/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4920/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4920/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə bağlanmış VİP 17096 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1274 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 195 ABŞ dolları cərimə, cəmi 1469 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə bağlanmış VİP 17096 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1467 ABŞ dolları olan “HP NB 15 i7r8h1” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 105 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 88 ABŞ dolları ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, VİP 17096 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh satış qiyməti 1467 ABŞ dolları olan“HP NB 15 i7r8h1” markalı 1 ədəd mobil telefonu nisyə satmışır. Alıcı malın satış qiymətinin 105 ABŞ dolları qədər hissəsini ilkin ödəniş qismində İddiaçınə ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, VİP 17096 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 1274 ABŞ dolları əsas borcu və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 195 ABŞ dolları cərimə borcu, cəmi borcu 1469 ABŞ dolları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, cavabdehin 1274 ABŞ dolları əsas borcu, 195 ABŞ dolları cərimə borcu qalmaqdadır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 1274 ABŞ dolları əsas borc, 5 ABŞ dolları cərimə borcu, ümumilikdə cəmi 1279 ABŞ dolları borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli maliyyə arayışına görə cərimə pulunun 195 ABŞ dolları məbləğində deyil, 5 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, VİP 17096 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1274 (bir min iki yüz yetmiş dörd) ABŞ dolları əsas borc, 5 (beş) ABŞ dolları cərimə borcu, cəmi 1279 (bir min iki yüz yetmiş doqquz) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar