Məhkəmə qərarları › İş №e-2(004)-4963/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4963/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4963/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 21276.39 (iyirmi bir min iki yüz yetmiş altı manat otuz doqquz qəpik) manat - bundan 13246.32 (on üç min iki yüz qırx altı manat otuz iki qəpik) manat əsas, 4503.85 (dörd min beş yüz üç manat səksən beş qəpik) manat faiz, 3126.94 (üç min bir yüz iyirmi altı manat doxsan dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 399.28 (üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 153.83 (bir yüz əlli üç manat səksən üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 2937/1-i nömrəli 01 aprel 2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 3700 (üç min yeddi yüz) manat məbləğində kredit xətti açılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 85/11 nömrəli 04 avqust 2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. 20 aprel 2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh arasında 007/16 nömrəli Əlavə Saziş bağlanaraq, Əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 3600(üç min altı yüz) manat təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 24 (iyirmi dörd) ay təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 14 faiz ödəməli idi. 24 oktyabr 2016-cı il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh arasında 1 nömrəli Əlavə Saziş bağlanaraq, Əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin cəmi 10450 (on min dörd yüz əlli) manat təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 24 aprel 2018-ci il tarixədək təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 23 faiz ödəməli idi. 2937/1-i saylı 01 aprel 2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə öhdəliklərin 85/11 saylı xx.xx.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə birləşdirilməsinə, əlavə və dəyişiklikliyə dair bağlanmış 2 nömrəli 29 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısında olan öhdəliklərinin əsas borc məbləğlərinin qalığı cəmi 13396.28 (on üç min üç yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat təşkil etmişdir.Kreditin müddəti 60 ay təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 17% dərəcəsi ilə faiz ödəməli idi. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2022-ci il tarixə Cavabdeh müqavilə üzrə cəmi borcu 21276.39 (iyirmi bir min iki yüz yetmiş altı manat otuz doqquz qəpik) manat təşkil edir. Bundan 13246.32 (on üç min iki yüz qırx altı manat otuz iki qəpik) manat əsas, 4503.85 (dörd min beş yüz üç manat səksən beş qəpik) manat faiz, 3126.94 (üç min bir yüz iyirmi altı manat doxsan dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 399.28 (üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat faiz borcu təşkil edir. Daha sonra iddiaçı LPO İddiaçı ASC iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 20 aprel 2016-cı il tarixli, KM002T04160013S01 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə yaranmış cəmi borcu 2832.21 (iki min səkkiz yüz otuz iki manat iyirmi bir qəpik) manat -bundan 2757.64 (iki min yeddi yüz əlli yeddi manat, altmış dörd qəpik) manat əsas, 72.60 (yetmiş iki manat, altmış qəpik) manat faiz, 1.97 (bir manat, doxsan yeddi qəpik) manat cərimə borcu və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2016-cı il tarixli, KM002T10160013S01 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə yaranmış cəmi borcu 10580.40 (on min beş yüz səksən manat,qırx qəpik) manat - bundan 10196.73 (on min yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 377.85 (üç yüz yetmiş yeddi manat, səksən beş qəpik) manat faiz, 5.82 (beş manat, səksən iki qəpik) manat cərimə, həmçinin iş üzrə ödənilmiş 153.83 (yüz əlli üç manat, səksən üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO”Dəmirbank” ASC-nin nümayəndələri X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə etiraz edərək, bank tərəfindən ilkin olaraq iddia tələbi ilə vaxtında məhkəməyə müraciət edilməsi, həmin müraciət zamanı iddia müddətinin ötürülmədiyini, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldığını, Bakı Apelyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qərardadı ilə işin baxılmamış saxlanıldığını, həmin qərardadda da ağlabatan müddətin iddia müddətinə daxil edilməməli olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, onunla "xxxx" ASC arasında 20 aprel 2016-cı il tarixli KM002T04160013S01 saylı və 24 oktyabr 2016-cı il tarixli KM002T10160013S01 saylı müqavilə mövcud deyil. Ərizədə qeyd edilən məlumatlar texniki səhv olaraq göstərilmişdir. Cavabdeh ilə Dəmirbank ASC arasında 20 aprel 2016-cı il tarixli, "2937/1-i saylı 01 aprel 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə" Əlavə Saziş № 007/16 (24 ay müddətinə, son ödəniş tarixi 20 aprel 2018-ci il) və 24 oktyabr 2016-cı il tarixli, "85/11 saylı 04 avqust 2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə" Əlavə Saziş № 1 (18 ay müddətinə, son ödəniş tarixi 24 aprel 2018-ci il) imzalanıb. Bu müqavilələr üzrə yaranmış borc tələbi üzrə iddiaçı 27 sentyabr 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu idda üzrə 19 noyabr 2018-ci il tarixində, iddia qismən təmin edilməklə qətnamə qət edilmişdir. Bu qətnamə üzrə 01 mart 2019-cu il tarixində apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti üzrə isə 21 may 2019-cu il tarixində qərardadla 19 noyabr 2018-ci il tarixli, 2(004)-7985/2018 saylı qətnaməsi ləğv edilməklə, Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd etdiyi müqavilələr üzrə yaranmış borc tələbi ilə bağlı növbəti iddia ərizəsi 05 sentyabr 2022-ci ildə iddiaçı tərəfindən məhkəməyə təqdim edilib, sonra 13 oktyabr 2022-ci il tarixli, № **********801 saylı "İddia tələbinin dəqiqləşdirilməsi barədə" ərizə ilə yenilənmişdir. Bu iddia tələbi artıq müddətin ötürülməsi ilə verilmişdir. İddia üzrə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə, iddia tələbi iddia müddətinin buraxılması ilə verildiyindən həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2937/1-i nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 14 faizlə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 85/11 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 23 faizlə 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 20 aprel 2016-cı il tarixli 007/16 saylı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2937/1-i saylı, 01 aprel 2015-ci il tarixli Kredit xətti müqaviləsi üzrə 1 saylı Əlavə Sazişdən görünür ki, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 3600(üç min altı yüz) manat təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 24 ay müddətinə illik 14 faiz ödənilməklə uzadılır. İş materiallarında olan 24 oktyabr 2016-cı il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 85/11 saylı, 04 avqust 2015-ci il tarixli Kredit kartının verilməsi və istifadə müqaviləsi üzrə 1 saylı Əlavə Sazişdən görünür ki, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 9997 (doqquz min doqquz yüz doxsan yeddi) manat əsas borc, 453(dörd yüz əlli üç) manat faiz borcu cəmi 10450 (on min dörd yüz əlli) təşkil edən qalıq məbləğ kreditə çevrilir və kreditin müddəti 24 aprel 2018-ci il tarixinədək uzadılır. Kreditin istifadəsinə görə borcalan kreditora illik 23 faiz ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(004)-7985/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “DəmirBank" ASC-nln ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair” mülki iş üzrə iddia qismən təmin edilərək, Cavabdeh 13246,32 (on üç min iki yüz qırx altı manat otuz iki qəpik) manat əsas, 2902,33 (iki min doqquz yüz iki manat otuz üç qəpik) manat faiz borcu, 26.52 (iyirmi altı manat əlli iki qəpik) manat cərimə olmaqla cəmi 16175.17 (on altı min yüz yetmiş beş manat on yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 29,40 (iyirmi doqquz manat qırx qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan "DəmirBank’ ASC-nin xeyrinə tutulması.İddia tələbi qalan hissədə təmin olunması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(103)-4806/2019 saylı qərardadın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(004)-7985/2018 saylı qətnaməsi ləğv edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən 10196,73 (on min yüz doxsan altı manat yetmiş üç qəpik) manat əsas, 377,85 (üç yüz yetmiş yeddi manat səksən beş qəpik) manat faiz, 5,82 (beş manat səksən iki qəpik) manat cərimə, cəmi 10580,40 (on min beş yüz səksən manat qırx qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən 2757,64(iki min yeddi yüz əlli yeddi manat altmış dörd qəpik) manat əsas, 72,60(yetmiş iki manat altmış qəpik) manat faiz, 1,97(bir manat doxsan yeddi qəpik) manat cərimə, cəmi 2832,21(iki min səkkiz yüz otuz iki manat iyirmi bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il bildirişlərdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 153,83 (yüz əlli üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2937/1-i nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə ilə Cavabdeh 12 ay müddətinə, illik 14 faizlə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit xətti, xx.xx.2015-ci il tarixli, 85/11 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə ilə 12 ay müddətinə, illik 23 faizlə 10000 (on min) manat məbləğində kredit xətti açılmışdır. 20 aprel 2016-cı il tarixli 007/16 saylı 1 saylı əlavə sazişlə xx.xx.2015-ci il tarixli müqavilənin 24 ay müddətinə uzadılmış, 24 oktyabr 2016-ci il tarixli 1 saylı əlavə sazişlə 04 avqust 2015-ci il tarixli kreditin müddəti 24 aprel 2018-ci il tarixinədək uzadılmışdır. Yasamal Rayon Məhkəməsinin 19 noyabr iyun 2019-cu il tarixli 2(064)-68/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(103)-4806/2019 saylı qərardadı ilə qətnamə ləğv edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında müvafiq kredit müqavilələri xx.xx.2015-ci il tarixdə 12 ay müddətinə, 04 avqust 2015-ci il tarixdə 12 ay müddətinə bağlanılmış, xx.xx.2016-cı il tarixli Əlavə Sazişlə xx.xx.2015-ci il tarixli müqavilənin müddəti 20 aprel 2018-ci tarixinə kimi, xx.xx.2016-cı il tarixli Əlavə Sazişlə xx.xx.2015-ci il tarixli müqavilənin müddəti 24 aprel 2018-ci tarixinə kimi uzadılmışdır. Lakin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC xx.xx.2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçı tərəfin ilkin olaraq iddia tələbi ilə vaxtında məhkəməyə müraciət edilməsi, həmin müraciət zamanı iddia müddətinin ötürülmədiyini, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılması, Bakı Apelyasiya Məhkəməsinin 21 may 2019cu il tarixli 2(103)-4806/2019 saylı qərardadı ilə işin baxılmamış saxlanılması, ağlabatan müddətin iddia müddətinə daxil edilməməsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(103)-4806/2019 saylı qərardadında göstərilmişdir ki, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağabatan müddət iddia müddətinə daxil olmamlıdır. Göründüyü kimi bu müddət Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi üçün nəzərdə tutulmuş ağlabatan müddətdir. Qərardaddan da göründüyü kimi Fərmanda qeyd olunan prosesual hərəkətlərlə bağlı bank tərəfindən nə həmin müddətdə, nə də ki hazırki icraat müddətində məlumat daxil olmamışdır. 21 may 2019-cu il tarixindən hazırki iddia qaldırılanadək olan müddəti məhkəmə ağlabatan müddət kimi qiymətləndirmir. Eyni zamanda hesabdan çıxarışdan da müəyyən olunur ki, müqavilələr üzrə cavabdeh tərəfindən sonuncu ödənişlər 20 aprel 2016-cı il və 24 aprel 2016-cı il tarixlərində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2016-cı il tarixli, KM002T04160013S01 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə yaranmış 2757.64 (iki min yeddi yüz əlli yeddi manat altmış dörd qəpik) manat əsas, 72.60 (yetmiş iki manat, altmış qəpik) manat faiz, 1.97 (bir manat doxsan yeddi qəpik) manat cərimə borcu və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2016-cı il tarixli, KM002T10160013S01 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə yaranmış 10196.73 (on min yüz doxsan altı manat, yetmiş üç qəpik) manat əsas, 377.85 (üç yüz yetmiş yeddi manat səksən beş qəpik) manat faiz, 5.82 (beş manat səksən iki qəpik) manat cərimə pulunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 153.83 (yüz əlli üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar