Məhkəmə qərarları › İş №e-2(004)-4968/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4968/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4968/2025 29.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2448,93 manat məbləğində əsas bоrcu və 277,05 manat faiz borcu оlmaqla, cəmi 2725,98 (iki min yeddi yüz iyirmi beş manat doxsan səkkiz qəpik) manat borcun və 47,26 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2022-ci il tarixli 101797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə krеdit xətti ayrılmışdır. Müqavilənin 3.2-ci bəndində göstərilmiş hal yarandığına görə 02 fevral 2022-ci il tariхli, 101797-PC********** nömrəli kredit xətti müqaviləsi 20 fevral 2025-ci il tarixdə avtomatik olaraq kredit müqaviləsinə çevrilmişdir. Müqaviləyə əsasən həmin tarixdə borcalanın borclu olduğu 2448,93 (iki min dörd yüz qırx səkkiz manat, doxsan üç qəpik) manat məbləğində borc 24 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin tərtib etdiyi 07 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 20 fevral 2025-ci il tarixli 101797-PC********** (02 fevral 2022-ci il tarixli 101797-PC**********) nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh banka borcu 2448,93 (iki min dörd yüz qırx səkkiz manat doxsan üç qəpik) manat əsas borc və 277,05 (iki yüz yetmiş yeddi manat beş qəpik) manat faiz borcu olmaqla, cəmi borcu 2725,98 (iyirmi yeddi min iyirmi beş manat doxsan səkkiz qəpik) manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 20 fevral 2025-ci il tarixli 101797- PC********** (02 fevral 2022-ci il tarixli 101797-PC**********) nömrəli kredit müqaviləsi üzrə banka 2448,93 (iki min dörd yüz qırx səkkiz manat doxsan üç qəpik) manat əsas borc və 172,95 (yüz yetmiş iki manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2621,88 (iki min altı yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat borcu yaranmış, borc məbləğinin 7 (yeddi) gün müddətində gec olmayaraq banka ödənilməsi tələb olunmuşdur. 2621,88 (iki min altı yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat borcun 12 iyun 2025ci il tarixənədək ödənilməməsi təqdirdə cavabdeh barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********66 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 47,26 (qırx yeddi manat iyirmi altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Belə ki, iş materiallarında olan 02 fevral 2022-ci il tariхli, 101797-PC********** nömrəli kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən həmin kredit xətti müqaviləsi 20 fevral 2025-ci il tarixdə avtomatik olaraq kredit müqaviləsinə çevrilmiş və müddəti 24 ay müddətinə uzadılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə 02 fevral 2022-ci il tarixli 101797- PC********** nömrəli kredit müqaviləsinə əsasən faiz üzrə hesablanmış borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 02 fevral 2022-ci il tarixli 101797-PC********** nömrəli kredit müqaviləsinə əsasən 2448,93 (iki min dörd yüz qırx səkkiz manat doxsan üç qəpik) manat əsas borc və 172,95 (yüz yetmiş iki manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2621,88 (iki min altı yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 47,26 (qırx yeddi manat iyirmi altı qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 fevral 2022-ci il tarixli 101797-PC********** nömrəli kredit müqaviləsinə əsasən 2448,93 (iki min dörd yüz qırx səkkiz manat doxsan üç qəpik) manat əsas borc və 172,95 (yüz yetmiş iki manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2621,88 (iki min altı yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 47,26 (qırx yeddi manat iyirmi altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar