Məhkəmə qərarları › İş №e-2(004)-4979/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4979/2025

13.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4979/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh “Bakı Şəhəri 39 Saylı” vəkil bürosunun qanuni təmsilçisi (müdiri) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Bakı Şəhəri 39 Saylı” vəkil bürosuna qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Şəhəri 39 Saylı” vəkil bürosuna qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 39 saylı vəkil bürosundan maddi ziyan olaraq 23188 (iyirmi üç min yüz səksən səkkiz) manat, mənəvi ziyan olaraq 50 min manat, toplam 73188 (yetmiş üç min yüz səksən səkkiz) manat tutulub ona ödənilməsi, cavabdehin dövlət orqanında fəaliyyət göstərməsi, dövlət hesabına dövlət orqanına - ƏƏSMN-ə hüquqi yardım göstərməsi özbaşınalığına hüquqi qiymət verilməsi üçün xüsusi qərardadla Ədliyyə Nazirliyinə, Baş prokurorluğa xəbər verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, torpaqlarımıza təzavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilini, elmi işini atıb, 2 körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub Qarabağ savaşına getmişdir. 1-ci dərəcəli zabit Qarabağ əlilidir, SN-in rəyi ilə xaricdə müalicəyə ehtiyacı var. Son xidmət yeri olan DİN Daxili Qoşunları üzrə 1993-cü ildən DİN MPİ-dən pensiya alır. Pensiyası 2006-cı ildən DSMFə keçəndə “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə zidd olaraq 45,10 manat azaldılıb. Halbuki həmin maddəyə görə əvvəllər təyin edilmiş pensiyanın bütün əlavələr, ləğv edilən güzəşt əvəzi kompensasiyalarla birlikdə ümumi məbləği dəyişdirilmədən şərti çevrilməsi aparılır. Qanunla, Prezident fərmanı, NK qərarı ilə nəzərdə tutulan əlavələr, güzəştlər qərəzlə pensiyaya hesablanmır. Məhkəmə müdafiəsi hüquqlarına da kobud qadağa qoyulub. 2020-ci ildə ƏƏSMN-in əmri ilə DSMF-də Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş idarəsi tam tərkibdə 39 saylı vəkil bürosundan ibarət məmur-vəkil korpusu heç bir hüquqverici sənəd olmadan məhkəmə işlərinə çıxır, prosessual hüquq fəaliyəti, qabiliyyəti olmadan məhkəmələrə qeyri-prosessual sifariş verib, iddialarına baxılmasına, mahiyyəti üzrə həll edilməsinə imkan vermirlər. Pensiyalarını ödəyən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbərliyi xx.xx.2023-cü və xx.xx.2023-cü ildə pensiyasının müvafiq məhkəmə qərarına əsasən əlavə olunan 110 manatla birlikdə 1112,44 manat olduğunu, 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olduğunu bildiriblər. Mart ayında iddiası Bakı İnzibati Məhkəməsində icraata götürülüb, aprel ayından pensiyasına məhkəmə qərarı ilə əlavə olunan 110 manatın verilməsi dayandırılaraq ümumi məbləğ 138,79 manat azaldılaraq 1112,44 manatdan 973,65 manata endirilib. Özbaşınalıq, vicdansız davranış göz qabağındadır: o, məhkəməyə pensiyasının düz hesablanmamasından, əlavələrin verilməməsindən ərizə verir ki, pensiyası artsın, məhkəməyə müraciət edən kimi pensiyasına məhkəmə qərarı ilə əlavə olunanı da kəsirlər. Bu özbaşınalıqda 39 saylı vəkil bürosunun payı çoxdur. Bunlar prosessual fəaliyyət hüquq qabiliyyəti olmadan işə çıxıb, onun məhkəmə müdafiəsi, hüquqi yardım hüququna, sosial təminat hüququna qadağa qoydurur. Hətta 39 saylı büro bütün işlərə eyni etirazı şablon kimi yazıb göndərir. Başqa şəxsə etdiyi ona şəxsi kabinetlə verdiyi etirazdan çıxarış əlavə olunur. 2023-cü ilin 13 sentyabrında o, xəstəxanada yatanda, DSMF-in cavabdehlik daşımayan, yəni prosessual hüquq qabiliyyəti olmayan 39 saylı vəkil bürosu BİM-ə -akı İnzibati Məhkəməsinə (h. Bəhlul Cəlalov) onun pensiyasına 110 manatlıq əlavəni nəzərdə tutan 1BİİM-in (h. Elçin Məmmədov) xx.xx.2017 t-xli, 2-1(81)- 1889/17 saylı Qərarını təqdim edib və BİM-in hakimi dövlətin adından çıxarılan məhkəmə qərarının qüvvədə olduğunu əsas tutub, iddianı mümkün saymayıb. Apellyasiya şikayətinə də 39 saylı vəkil bürosunun müdiri, DSMF-in departament müdiri X3 etiraz yazıb ki, 1BİİM-in xx.xx.2017 tarixli, 2-1(81)-1889/17 saylı Qərarı qüvvədədir və həmin qərar iddianı mümkün saymamağa əsasdır. Apellyasiya instansiyası da 39 saylı vəkil bürosunun qeyri-prosessual sifarişini əsas tutub, hüquqi əsas, predmet eyni olmadığı halda, aşağı instansiyanın aktını qüvvədə saxlayıb ki, onun xeyrinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. 39 saylı vəkil bürosunun qeyri-prosessual sifarişi, özbaşınalığı nəticəsində iddiası mümkün sayılmayıb ki, qanuni qüvvədə olan xx.xx.2015 tarixli məhkəmə qərar var və həm də bu Qərar qüvvədən düşürülüb, xx.xx.2023-cü ildən qərarla verilən əlavə ləğv olunub. 39 saylı vəkil bürosunun iddia tələbinin predmetini, hüquqi əsasını öz mənafeyinə uyğun dəyişməsi, xx.xx.2017-ci il tarixli Qərarın gah qüvvədə olduğunu, gah qüvvədən düşdüyünü məhkəmələrə bildirib, məhkəmə müdafiəsi hüququna qadağa qoyması cinayətkar saxtalıqdır. 2024-cü ilin sonlarında Bakı İnzibati Məhkəməsində xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın icrasının özbaşına dayandırılmasından dəyən maddi, mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırdı. Yenə də əsl cavabdeh XŞTMF əvəzinə, 39 saylı vəkil bürosunun müdiri, həmdə DSMF-in departament müdiri Nümayəndə məhkəməyə etiraz təqdim edib və iddia tələbini “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” formasında saxtalaşdırıb. Buna etiraz edəndə isə “etiraza əlavə” təqdim edib və yenə iddia tələbini özbaşınalıqla saxtalaşdırıb. Məhkəmə yenə də 39 saylı vəkil bürosunun saxtalığını, qeyri-prosessual sifarişini əsas tutub, iddianı mümkün saymayıb. Cavabdeh 39 saylı vəkil bürosunun özbaşınalığı, Konstitusiyaya, qanuna, məhkəməyə hörmətsizliyi elə bu iki məhkəmə icraatı ilə sübut olunur. 1-ci halda xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın qüvvədə olması əsası ilə iddianı mümkün saydırmayıb. 2-ci halda, xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın 8 il sonra qüvvədən düşməsi əsası ilə iddiasını mümküsüz saydırıb. Cavabdeh 39 saylı vəkil bürosunun ƏƏSMN-in, DSMFin tərkibində fəaliyyət göstərməsi Konstitusiyaya, qanuna ziddir. Vəkilin, bütöv vəkil bürosunun dövlət orqanında işləməsi, dövlət büdcəsindən maliyyələşməsi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna ziddir. Heç bir dövlət orqanı vətəndaşa, pensiyaçıya, əlilə, qaziyə...qarşı özünə nəinki bütöv vəkil bürosunu, heç bir nəfəri də vəkil tuta bilməz. Vəkilin dövlət orqanına hüquqi yardım göstərməsi absurddur və qanunsuzdur. ƏƏSMN, DSMF əhalinin, əlillərin sosial müdafiəsini təmin etmək yerinə, onların pensiyasını, təminatını mənimsəmək üçün, məhkəmədə müdafiəsinə, hüququna qadağa qoymaq üçün 39 saylı vəkil bürosunu özünün filialı kimi özünə qanunsuz müdafiəçi-vəkil edib. Vəkil bürosunun ƏƏSMN-də fəaliyyət göstərməsi dövlətin sosial müdafiə, sosial, hüquqi yardım siyasətinə ziddir və özbaşınalıqdır. Məhkəmə filialının direktoru Abuzər Mütəllimov, departament müdirləri Nümayəndə, Nicat Məsili, Arzu Səfərova, Emil İsgəndərli.. 40-a yaxın vəkil-məmurlardır. Konstitusiyanın 12-ci maddəsində təsbit olunub ki, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq, Azərbaycan Respublkkası vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədidir. 39 saylı vəkil bürosu isə dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarını pozmaq, sosial təminat, məhkəmə təminatı, hequqi yardım hüququ, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququna, məhkəmə qərarlarının icrasına qadağa olduğunu ortaya qoyur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsində Vəkillər Kollegiyasının qeyri-dövlət, müstəqil, özünü idarə edən təşkilat olduğu təsbit olunub. 39 saylı vəkil bürosu isə dövlət təşkilatının tərkibində müstəqil olmayan qanunsuz fəaliyyət göstərir. Həmin Qanunun 3-cü maddəsinə görə, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarətdir. 39 saylı vəkil bürosu isə yalnız ƏƏSMN-ə, DSMF-ə və özü də dövlət orqanı kimi, dövlət büdcəsindən aylıq vəzifə maaşı ilə DÖVLƏT HESABİNA hüquqi yardım göstərir. Bu hüquqi yardım isə şəhid ailələrinin, əlillərin, qazilərin, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial təminatının mənimsənilməsindən, məhkəmə təminatı, hüquqi yardım almaq hüququna qadağa qoymaqdan ibarətdir. Onun pensiyasının düz hesablanmamasından dəyən ziyan bir yana, təkcə xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı qərarla əlavə olunan 110 manatın 28 aydır kəsilməsindən dəyən maddi ziyan məbləği 4446 manatdır. (2023-cü ilin 9 ayında hər ay138,79 manat az hesablama ilə 1250 manat+ 2024-ün 12 ayında hər ay155 manat az hesablama ilə 1860 manat+ 2025-ci ilin 8 ayında hər ay 167 manat az hesablama ilə 1336 manat= 4446 manat) Günə 1 faiz dəbbə pulu ilə birlikdə maddi ziyan məbləği 20 min manat təşkil edir. Hələ üstəlik borclunun tələb etdiyi 3188 manatı da əlavə etsə, ümumi maddi ziyan məbləği 23188 manat edir. Mənəvi ziyan məbləği isə 50 min manat qiymətləndirir. Sosial təminat, hüquqi yardım, məhkəmə müdafiəsi hüququna qadağadan intihar həddindədir, əsəbləri tamam pozulub. O, 1-ci d. Qarabağ əlilidir, özbaşınalığa dözümü yoxdur. Cavabdeh 39 saylı vəkil bürosuna xatırladır ki, Konstitusiyanın 129-cu maddəsində təsbit olunub ki, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində və Mülki Məcəllənin 7-ci maddəsində təsbit olunub ki, normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, onların hüquq məsuliyyətini yüngülləşdirən, yaxud aradan qaldıran normativ aktların qüvvəsi geriyə şamil edilir. DSMF, yanındakı 39 saylı vəkil bürosu-məhkəmə filialı vəziyyətini aylıq 110 manatdan məhrum etməklə pisləşdirən 2021-ci il tarixli qanunu 15 il qabağa necə şamil edirlər? 39 vəkil bürosunun ünvanı məhkəməyə təqdim edilən orderdə Nərimanov rayonu, Çinar park, 6, 4-cü mərtəbə, Ziya Bünyadov göstərilib. Lakin büro məhkəmələrə verdiyi iddiada ərazi aidiyyətini pozmaqla işin Yasamala aid olduğundan, baxılmasına imkan vermir. Odur ki, Yasamal məhkəməsinə iddiasını təqdim etmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə vəsatət məhkəməyə təqdim edərək bildirmişdir ki, cavabdeh 39 saylı vəkil bürosunun ƏƏSMN tabeliyində DSMF-in tərkibində MƏRKƏZİ FİLİAL kimi fəaliyyət göstərdiyini sübut edən sənədləri təqdim edir. Filialın direktoru Abuzər Mütəllimov 13 saylı vəkil bürosunda vəkil işləyib, indi 39 saylı vəkil bürosundadır. Direktor müavini Arzu Səfərova, departament müdiri Emil İsgəndərli, departament müdiri Nümayəndə (39 saylı vəkil bürosunun müdiridir) ... hamısı vəkil məmurlardır. Bu isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Konstitusiyaya ziddir. Vəkil dövlət orqanında işləyə, dövlət büdcəsindən maliyyələşə bilməz. Dövlət orqanı isə vətəndaşla mübahisədə vəkillə təmsil oluna bilməz. 39 saylı vəkil bürosu isə prosessual hüquq fəaliyyəti qabiliyyəti olmadan məhkəmə işlərinə çıxır, qeyri-prosessual yolla əlillərin, şəhid ailələrinin, sosial, əmək pensiyaçılarının məhkəmə müdafiəsi, hüquqi yardım hüququna qadağa qoydururlar, hətta Maliyyə N-yinin müavininin imzaladığı topdan etibarnaməni təqdim edib, özbaşınalıqla hüququnu pozurlar, işə mahiyyəti üzrə baxılmasına yol vermirlər. O, 1-ci d. Qarabağ əlilidir, hazırda yataqda xəstədir. Cavabdeh bu durumundan da suiistifadə edir, hətta dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına qadağa qoydururlar. 1BİİM-in xx.xx.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarının icrasına Bakı İM-lə qeyri-prosessual əlaqəyə girib, qadağa qoydurublar. Bəyəm vəkil bilmir ki, dövlətin adından çıxarılan məhkəmə qərarının icrası məcburidir. 30 aydır bu qərarın icrasını dayandırıb, bərpasına da imkan vermirlər. Özü də həmin qərarı özlərinə sərf edəndə qüvvədə saydırır, icrasına gələndə qüvvədən düşdüyünü bildirirlər, icranı mümkünsüz etdirirlər. Göstərilənləri əsas tutub, hazırlıq iclasının videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini; 39 saylı vəkil bürosunun ƏƏSMN-də qanunsuz fəaliyyətinə hüquqi qiymət verilməsi üçün Baş prokurorluğa, Ədliyyə N-yinə xüsusi qərardad çıxarmaqla müraciət etməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil məhkəmə çıxışında məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi (müdiri) Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, DSMFN-nin əməkdaşıdır, departament müdürüdür. İddiaçının daha əvvəl başqa məhkəmədə olan iddia ərizəsinə dair etiraz ərizəsi hazırlandığına görə hazırda belə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Amma hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsində onların etiraz ərizəsinə görə yox, iddia tələbinin daha öncə mübahisələndiridiyi üçün olmuşdur. Eyni tələblə bağlı dəfələrlə məhkəməyə müraciət etdiyinə görə məhkəmə tərəfindən baxılması mümkün olmayıb. İddiaçının bugünə kimi 90-a yaxın məhkəmə mübahisələri olmuşdur. Vəkillik fəaliyyəti ilə məşğul olan şəxs dövlət orqanında işləyə bilməz mi? Yalnız dövlət qulluqçuları vəkillilk fəaliyyəti ilə məşğul ola bilməz. Hansı qanunda yazılıb ki, dövlət orqanında çalışan şəxs vəkil ola bilməz?. Ona verilən suallara cavab olaraq bildirdi ki, Emil İskəndərli iddiaçı üçün kassasiya şikayətinin hazırlanmasına görə hüquqi yardım edib. Əgər etiraz ərizəsi yazmağında səlahiyyəti olmasaydı məhkəmə tərəfindən qəbul edilməzdi. Həm o, həm də Emil İskəndərli əmək müqaviləsi əsasında dövlət orqanında fəaliyyət göstərirlər. Məhkəmə proses iştirakçısının izahatını, vəkilin çıxışını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 082397 saylı, xx.xx.2005-ci il tarixli vəsiqəyə əsasən İddiaçı birinci qrup əlildir. - xx.xx.2023-cü il tarixli vəkil orderinə əsasən Bakı şəhəri 39 saylı vəkil bürosu tərəfindən 469 saylı müqaviləyə əsasən vəkil X2 hüquqi yardım göstərmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun XŞTMF Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil etmək üçün vəkil təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli etirazına əsasən iddiaçı X1 həyat yoldaşı X5 ailənin təmsilçisi kimi ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Hazırki iş üzrə X6 ailəni təmsil edən şəxs olmadığı halda “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hesab edir ki, hazırki iş üzrə iddiaçı X6 əsl iddiaçı X5 ilə əvəz edilməlidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə etiraza əlavə ünvanlamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 11 oktyabr 2023-cü il tarixli İddiaçı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2-1(112)- 7485/2023 saylı məhkəmə qərardadından verilmiş apellyasiya şikayətinə etirazına əsasən İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2-1(112)-7485/2023 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Barassociation.az saytından çıxarışa əsasən Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkilləri arasında X8, X9, X7 və X4 qeyd olunmuşdur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin V hisəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.https://e-qanun.az/framework/257 İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir. Həmin Qanunun 8-ci maddəsinin İV hissəsinə əsasən, dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarındandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfindən onların hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən maddi və mənəvi zərər tələbi Bakı şəhəri 39 saylı vəkil bürosunun guya qanunsuz fəaliyyətinə, prosessual hüquq qabiliyyətinə malik olmadan məhkəmə işlərinə çıxmasına, iddiaçıya məxsus məhkəmə müdafiəsi və sosial təminat hüquqlarının pozulmasına dair ümumi və hüquqi cəhətdən əsaslandırılmamış mülahizələrə əsaslanır. İş materiallarından görünür ki, 39 saylı Vəkil Bürosu Dövlət Sosial Müdafiə Fondunun müxtəlif instansiyalarda təmsil olunması üçün bağlanmış müqavilə və təqdim edilmiş orderlər əsasında fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixli orderə əsasən Emil İskəndərli DSMF-in Ali Məhkəmədə təmsilçisi kimi çıxış etmişdir. Bu hallar vəkilin dövlət orqanını təmsil etməsinin qanuna zidd olduğunu təsdiq etmir. İddiaçının təqdim etdiyi faktlar onun pensiya hesablamasının düzgün aparılmaması ilə bağlı əvvəlki mübahisələrdən ibarətdir: 2017-ci il tarixli qərarla tələb qismən təmin edilib, sonrakı illərdə eyni məzmunlu və eyni predmeti əhatə edən çoxsaylı iddialar qaldırılmışdır, bu səbəbdən yeni iddialar təkrar müraciət kimi məhkəmələr tərəfindən mümkün sayılmamışdır. İddiaçı məhkəmə müdafiəsi hüququnun pozulduğu barədə bildirsə də, iş materiallarında bunun sübutu yoxdur. İddiaçının maddi və mənəvi zərərlə bağlı iddia tələbi də sübutlarla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77-ci maddəsinə görə, tərəflər iddia tələblərini və etirazlarını sübut edən halları sübut etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Bakı Şəhəri 39 Saylı” vəkil bürosuna qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, cavabdeh Bakı şəhəri 39 saylı vəkil bürosunun ƏƏSMN-də qanunsuz fəaliyyətinə hüquqi qiymət verilməsi üçün Baş prokurorluğa, Ədliyyə N-yinə xüsusi qərardad çıxarmaqla müraciət etməyi ilə bağlı vəsatətinə münasibətdə hesab edir ki, hazırki halda hər hansı cinayət tərkibinin əlamətlərinə dair əsaslar müəyyən edilmədiyindən vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bakı Şəhəri 39 Saylı” vəkil bürosuna qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar