Məhkəmə qərarları › İş №e-2(004)-5003/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5003/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5003/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 12720 manat məbləğində pulun və iddia qaldırılarkən ödənilmiş 128.16 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X2 ilə Cavabdeh1 12 aprel 2014- cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş və birgə nikahlarından 16 mart 2015-ci il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Onların aralarında yaranan narazılığa görə 2014-cü ilin sentyabr ayından ayrılmışlar və Yasamal rayon məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2(004)-4712/2026 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Belə ki, toydan qabaq qızı Nərminin gəlin köçəndən sonra yaşayacağı Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 84 saylı evin 63 saylı mənzilinə getmişlər. Mənzil yarı təmirli olsa da, yaşayış olmadığından bəzi hissələri yararsız hala düşmüşdür. Pəncərə altlıqları, divar kağızları yarasız idi. Tavanda nəm çəkmə izləri var idi. Qızdırıcılar divarın içində olduğundan həm divar yararsız hala düşmüş, həm də ev yaxşı isinmirdi. O, nişandan sonra evin köhnə radiatorlarının yerinə İtaliya istehsalı olan radiatorlar alıb quraşdırmış və istilik sisteminə 2500 manat pul xərcləmişdir. Eyvanda olan şkafı isə 220 manata düzəltdirmişdir. Bu hallar Yasamal rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(004)-10611/2014 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Belə ki, qızı Nərmin Abbasəliyeva həmin iş üzrə iddiaçı olmuş, lakin iddia tələbi təmin edilməmişdir. Bundan başqa həmin vaxt şahid qismində dindirilmiş X7 da ifadəsində göstərmişdir ki, tərəflərin mənzilində təmir işləri aparmışdır. O, radiatorları dəyişdirmiş və yenisini qoymuş, əlavə divar kağızlarını dəyişdirmiş, pəncərə altını yenidən təmir etmiş və tavana əl gəzdirmiş, nəm çəkmiş hissələri təmir etmişdir. Əl-haqqı olaraq 1000 manat pul almış və 1500 manat da materiallara pul xərclənmişdir. Bu faktı cavabdehin qardaşı X5 da təsdiq etmişdir. Beləliklə o, cavabdehlərə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 84 saylı evin, 63 saylı mənzilinin istilik sisteminin yenidən quraşdırılmasına, təmirinə və eyvandakı şkafın düzəldilməsinə 2720 manat xərc çəkmişdir. Bundan başqa o, 2014-cü ilin iyul ayının axırlarında Cavabdeh1 xaricə istirahətə getməsi üçün 10000 manat pul vermişdir. Lakin həmin vaxtdan hal-hazıra kimi də həmin pulu da cavabdeh ona qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxaırılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilmişdir, cavabdehlər məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının qızı Nərmin Abbasəliyeva tərəfindən eyni məzmunlu iddia qaldırdığını, həmin iddianın öz təsdiqini tapmadığını bildirmiş, eyni zamanda mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, X1 Nail Vidadi oğluna qarşı qızıl-zinət və digər əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, bina 84, mənzil 63-də qalmış 97826 manat məlbəğində əmlakın, valideynləri tərəfindən alınaraq ona verilmiş 3305 manat məbləğində əmlakın, 2500 manat istilik sisteminə və eyvanın şkafına çəkilmiş 220 manat, cəmi 2720 manat xərcin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10611/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi cehiz əmlakın qaytarılması hissəsində qismən təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1946/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10611/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ümumilikdə 12720 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmiş, cavabdehlər isə iddia tələbinə etiraz etmişlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı cavabdehlərə məxsus mənzildə istilik sisteminin dəyişdirilməsi və eyvana dolabın quraşdırılması üçün ümumilikdə 2720 manat məbləğində xərc çəkdiyini və 2014cü ilin iyul ayının axırlarında Cavabdeh1 xaricə istirahətə getməsi üçün 10000 manat pul verdiyini bildirsə də, sözü gedən halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı, tərəfindən çəkilmiş xərcin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10611/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilməsini bildirsə də, həmin iş üzrə dindirilmiş şahid ifadləri, eləcə də, şahid qismində dindirilmiş hazırki iddiaçının ifadəsi ilə də mənzilə həmin məbləğdə xərc çəkilməsinə dair izahat verməsi öz təsdiqini tapmış, lakin izahatında mübahisələndirilən məbləğin məhz onun tərəfindən verilməsinə dair izahat verməsi müəyyən edilməməklə, müvafiq qətnamə ilə iddia tələbinin həmin hissədə sübuta yetməməsi əsasi ilə rədd edilməsi qət edilmişdir. Yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat 16 (on altı) qəpik məbləğində dövlət rüsumu iddiaçıya edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat 16 (on altı) qəpik məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar