Məhkəmə qərarları › İş №e-2(004)-502/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-502/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-502/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər “İcbari Sığorta Bürosu” X6 və ”Aztimont” ASC-yə qarşı kompensasiya və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İcbari Sığorta Bürosu” X3 5000 manat kompensasiya məbləğinin, Cavabdeh2 ASC-dən 24660 manat məbləğində vurulmuş zərərin, 2000 manat vurulmuş mənəvi zərərin, 185,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan "Kamaz" markalı 31BE460 dövlət qeydiyyat nişanlı avtomobil 28 fevral 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “Ford Cargo” markalı 90JX958 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, avtomobil hadisə vaxtı "xxxx" ASC-yə (hal-hazırda ”Aztimont” ASC) məxsus olmuşdur. Avtomobili hadisə zamanı həmin təşkilatın əməkdaşı X5 idarə etmişdir. Hadisə zamanı o, ölmüşdür. Azərbaycan Respublikasının DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin 19 may 2022-ci il tarixli qərarı ilə qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində X5 təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarət dəymişdir. Aldığı xəsarətlər nəticəsində uzun müddət müalicə almış, iş qabiliyyəıti olmamışdır. Bu müddət ərzində Cavabdeh2 ASC onun səhhəti ilə maraqlanmamış, heç bir yardım göstərməmişdir. Bu səbəbdən İddiaçı mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 ASC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmışdır. Cavabdeh “İcbari Sığorta Bürosu” X6 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın “İcbari Sığorta Bürosu” X2rşı hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “İcbari Sığorta Bürosu” X6 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Büroya qarşı tələbləri “İcbari sığortalar haqqında” Qanunun normalarına zidd olmaqla əsaslı deyildir və iddiaçı tərəfindən həmin Qanuna düzgün istinad edilməmişdir. Belə ki, iddiaçı Qanunun 32.1.1-ci maddəsinə əsaslanaraq onun xeyrinə kompensasiya məbləğinin tutulmasını tələb edir. Eyni zamanda, iddiaçı ərizədə qeyd edir ki, “Hadisə zamanı “Ford Cargo” markalı 90JX958 dövlət qeydiyyat nişanlı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmamışdır”. Büro tərəfindən verilən kompensasiya ödənişlərinin təyinatı Qanunun 32.1-ci maddəsi ilə müəyyən edilmişdir və aşağıdakılardan ibarətdir: “32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; 32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda; 32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda. ” Göründüyü kimi, əmlaka və sağlamlığa dəyən zərərlə bağlı Büro tərəfindən kompensasiya ödənişi yalnız Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulan hala görə (sığortaçı icbari sığorta müqavilələri üzrə öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə) ödənilir, digər 32.1.2 və 32.1.3-cü maddələrdə nəzərdə tutulmuş hallara görə isə kompensasiya əmlaka dəyən zərərə görə deyil, yalnız üçüncü şəxsin sağlamlığa zərər vurulduqda ödənilir. Beləliklə, işin hallarından göründüyü kimi, hadisədə zərərvurmuş şəxs məlum olduğundan və “Ford Cargo” markalı 90JX958 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması ilə əlaqədar kompensasiya ödənişinin verilməsi üçün Qanunun 32.1.1-ci və 32.1.2-ci maddələri tətbiq edilə bilməz. Əlavə olaraq, iddiaçı Qanunun 32.1.3-cü maddəsinə əsasən kompensasiya ödənişinin verilməsi üçün Büroya 26 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir və Büro tərəfindən 06 oktyabr 2022-ci il 1-317/2022 nömrəli Qərara əsasən iddiaçıya Qanunun 14.2.4-cü maddəsinə əsasən 1500 manat məbləğində sağlamlığa vurulmuş zərərə görə kompensasiya ödənişi verilmişdir. Qanunun 21.1.3-cü maddəsinə əsasən həmin Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. Yuxarıda qeyd olunanları əsas tutaraq, məhkəmədən “İcbari Sığorta Bürosu” HŞİ-yə qarşı 5000 manat kompensasiya məbləğinin və dövlət rüsumunun müəyyən hissəsinin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinəyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/514 saylı ekspert rəyinə əsasən, aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, internet saytı məlumatlarına əsasən yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 1988-ci il buraxılışlı “Kamaz” markalı, ** BE *** markalı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 17000 manat müəyyən edilir. Tədqiq edilən 1988-ci il buraxılışlı “Kamaz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 30%-ni təşkil edir. Beləliklə, tədqiq edilən 1988-ci il buraxılışlı “Kamaz” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrinin dəyərini çıxmaqla təxminən 11900 (17000,Om - 30%) manat müəyyən edilir. Beləliklə, tədqiq olunmuş sübutlarla Cavabdeh2 ASC-yə məxsus avtomobillə həmin cavabdehin işçisi tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi, bunun nəticəsində iddiaçıya məxsus avtomobilə zərər vurulması müəyyən edilmişdir. Göstərilənləri və ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh2 ASC-dən maddi zərərin əvəzi olaraq 11900 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdeh «İcbari Sığorta Bürosu» X2rşı kompensasiya tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 32. Kompensasiya ödənişlərinin təyinatı 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; 32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda; 32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda. Göründüyü kimi, istinad olunan qanunda Büro tərəfindən əmlaka və sağlamlığa dəyən zərərə görə kompensasiyanın ödənilməsi halları dəqiq müəyyən edilmişdir. Büro tərəfindən təqdim edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçının sağlamlığına dəymiş zərərin kompensasiyası olaraq ona 07 oktyabr 2022-ci il tarixdə 1500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. İddiaçıya məxsus avtomobilə dəymiş zərərin kompensasiyası isə buna qanunla müəyyən edilmiş əsas, yəni iddiaçıya məxsus avtomobili sığortalamış sığortaçının ödəmə qabiliyyətinin olmaması əsası olmadığından ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin kompensasiyasının büro tərəfindən ödənilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından cavabdeh «İcbari Sığorta Bürosu» X2rşı iddia əsassızdır və rədd edilməlidir. Bundan əlavə məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.» “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) ,habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə Cavabdeh2 ASC-nin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə və sağlamlığına zərər vurulmasını, iddiaçının uzun müddət avtomobilindən istifadə edə bilməməsini, iddiaçının məcbur olaraq vəkilə və məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh2 ASC-dən mənəvi zərərin əvəzi olaraq 500 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edildiyi üçün ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 73,4 manat dövlət rüsumu Cavabdeh2 ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda 50 manat məbləğində ekspertiza xərcinin 23,5 manat məbləği Cavabdeh2 ASC-dən, 26,5 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 ASC-dən 11900 (on bir min doqquz yüz) manat məbləğində maddi zərər, 500 (beş yüz) manat məbləğində mənəvi zərər, 73,4 (yetmiş üç manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. 23,5 (iyirmi üç manat əlli qəpik) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh2 ASC-dən, 26,5 (iyirmi altı manat əlli qəpik) manat məbləğində məhkəmə ekspertizasının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar