Məhkəmə qərarları › İş №e-2(004)-5025/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5025/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5025/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsi üzrə 267620,80 manat əsas borc, gecikdirməyə görə 20071 manat olmaqla cəmi 287691 manat məbləğində pulun və 589 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsinin şərtlərinə görə cavabdehə 474.980 manat məbləğində borc verilmişdir. Müqavilənin 2.2.1-ci bəndinə görə həmin borc məbləğini cavabdeh xx.xx.2020-ci il tarixinədək hər ay, hissə-hissə aylıq proposional şəkildə geri qaytarmaq öhdəliyi götürmüşdür. Lakin müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh borc məbləğini tam şəkildə ödəməmiş və bununla da müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. Belə ki, sözügedən müqavilə üzrə cavabdehin ona 267620,80 manat məbləğində borcu qalmışdır. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, həmçinin qanuna müvafiq qaydada tərəflər könüllü olaraq mediasiya mərhələsindən keçməsinə baxmayaraq öhdəliyin icrası barədə cəhdlər nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh bu barədə yazılı ərizə təqdim etməklə iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya 170000 manat borcunun qaldığını göstərmiş və həmin məbləğdə borcun ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavadehin ərizəsinə münasibətini bildirərək, cavabdehlər öz aralarında razılaşaraq cavabdehin 170 000 manat borcu qaldığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsinə əsasən borc verən 279.400 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borc alana verməyi, (məzənnə 1.70 manat ilə 474.980 manat) borc alan isə həmin məbləği borc müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixinədək aybaay hissə-hissə aylıq proporsional şəkildə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsi üzrə öhdəliklərin 7 gün müddətində yerinə yetirilməsi bildirilmişdir. Bildiriş cavabdehə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, tərəflər arasında razılıq əldə olunduğuna görə, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, cavabdehdən xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsi üzrə 170.000 manat məbləğidə borc və 295 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin Cavabdeh xx.xx.2015-ci il tarixli 01 nömrəli borc müqaviləsi üzrə 170.000 (bir yüz yetmiş min) manat borc və 295 (iki yüz doxsan beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar