Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5056/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 4923,14 manat əsas borc, 171,99 manat cari faiz borcu və 251,23 manat cari dəbbə borcu olmaqla, cəmi 5346,36 manat kredit borcunun və 74,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2022-ci il tarixli GARA- 16443-2215 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 26% faizlə 36 ay müddətinə 10000 manat kredit verilmiş və kreditin aylıq 405 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 29 avqust 2022-ci il tarixli GARA-16443-2215+GARA-16465 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh3 18 sentyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 4923,14 manat əsas borc, 171,99 manat cari faiz borcu və 251,23 manat cari dəbbə borcu olmaqla, cəmi 5346,36 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış 29 avqust 2022-ci il tarixli GARA-16443-2215 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 26% faizlə 36 ay müddətinə 10000 manat kredit verilmiş və kreditin aylıq 405 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC, Cavabdeh3 (borclu), Cavabdeh1 (zamin) və Cavabdeh2 (zamin) arasında 29 avqust 2022-ci il tarixli GARA-16443-2215+GARA-16465 saylı Zaminlik müqaviləsinə əsasən zaminlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış 29 avqust 2022-ci il tarixli GARA-16443-2215 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən bununla məhdudlaşmadan əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış 29 avqust 2022-ci il tarixli GARA-16443-2215 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2024-cü il tarixinə banka olan borcu 4923,14 manat əsas borc, 171,99 manat faiz borcu və 251,23 manat dəbbə borcu olmaqla, cəmi 5346,36 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 02 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış 29 avqust 2022-ci il tarixli GARA-16443-2215 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2024-cü il tarixinə banka olan borcu 5164,18 manat əsas borc, 109,96 manat faiz borcu və 53,46 manat dəbbə borcu olmaqla, cəmi 5327,60 manat təşkil edir və borcun 08 avqust 2024-cü il tarixinədək "xxxx" MMC-yə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini kreditora ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə "xxxx"-a 4923,14 manat əsas borc, 171,99 manat faiz borcu və 251,23 manat dəbbə borcu olmaqla, cəmi 5346,36 manat, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə "xxxx"-a 5164,18 manat əsas borc, 109,96 manat faiz borcu və 53,46 manat dəbbə borcu olmaqla, cəmi 5327,60 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) və iddia tələbinin həcmini nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış 29 avqust 2022-ci il tarixli GARA-16443-2215 saylı kredit müqaviləsinə əsasən əsas borc iddia tələbindəki məbləğdə, faiz borcu isə cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 29 avqust 2022-ci il tarixli GARA-16443-2215 saylı müqavilə üzrə pretenziya məktubunda qeyd edilən 53,46 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimə borcunun ödənilməsi üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış 29 avqust 2022-ci il tarixli GARA-16443-2215 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4923,14 (dörd min doqquz yüz iyirmi üç manat on dörd qəpik) manat əsas borc, 109,96 (yüz doqquz manat doxsan altı qəpik) manat faiz borcu və 53,46 (əlli üç manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 5086,56 (beş min səksən altı manat əlli altı qəpik) manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,4 (yetmiş manat qırx qəpik) manat pul cavabdehdən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 3,6 (üç manat altmış qəpik) manat (74-70,4=3,6) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4923,14 (dörd min doqquz yüz iyirmi üç manat on dörd qəpik) manat əsas borc, 109,96 (bir yüz doqquz manat doxsan altı qəpik) manat faiz borcu və 53,46 (əlli üç manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 5086,56 (beş min səksən altı manat əlli altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,4 (yetmiş manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 3,6 (üç manat altmış qəpik) manat (74- 70,4=3,6) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5056/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5056/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver