Məhkəmə qərarları › İş №e-2(004)-5087/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5087/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5087/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "borc tələbinə dair" iddia ərizəsi mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4298,43 manat əsas borc, 1518,90 manat faiz borcu, 3214,18 manat cərimə, 3214,18 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 980,40 manat faiz borcu olmaqla, cəmi 10011,91 manat məbləğində borcun və 120 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1599/014 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-952/2020 saylı qərardad ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında Bank tərəfindən xx.xx.2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, xx.xx.2022-ci il tarixli **********367 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, yeni müqavilənin bağlanması üçün cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə banka müraciət edilmədiyindən, yeni müqavilə bağlamaqdan imtina etmiş hesab edilir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 10011,91 manat təşkil edir. Bundan 4298,43 manat əsas, 1518,90 manat faiz, 3214,18 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 980,40 manat faiz borcu təşkil edir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddia tələblərini qəbul etmir, onları qanunsuz və əsassız sayır. Bundan əlavə iddiaçı iddia ərizəsini vaxtında və lazımı qaydada təqdim etməmişdir. Belə ki. iddia ərizəsindən görünür ki, bank hazırki tələbi irəli sürərkən xx.xx.2014-cü il tarixli. 1599/014 saylı kredit müqaviləsinə əsaslanmışdır. Bank özü iddia ərizəsində göstərmişdir ki, həmin müqavilənin müddəti 36 ay təşkil edir. Qanunvericiliyə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsaslanaraq, müqavilənin qüvvədə olma müddəti bitdiyi xx.xx.2017-ci il tarixindən hesablanmaqla, 3 il müddətinədək, xx.xx.2020-ci il tarixinədək məhkəmədə iddia qaldırıla biiərdi. Hazırki halda iş materiallarından da göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Daha əvvəlki iddia ərizəsi isə qüsurlu olduğu üçün məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə haqlı olaraq AR MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanmışdır. İş baxılmamış saxlandığı üçün AR Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbləri baxımından iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir, yəni bankın məhkəmədə iddia qaldırması nəzərə alınmamışdır. Bununla da 3 illik iddia müddəti buraxılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə Tofiq oğlu cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək göstərmişdir ki, hazırda Əmanətlərin Sığortalanması Fondu 21 bankın ləğv prosesini həyata keçirir. Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun 23 may 2019-cu il tarixli 01/041U saylı əmrinə əsasən, Fondun ləğvedicisi olduğu 21 bankın müştərilərilərinin müraciətlərinin araşdırılaraq, yeni müqavilə bağlanması üçün restrukturizasiya işçi qrupu yaradılmışdır. Restrukturizasiya işçi qrupuna 21 bankın müştərilərinin müraciət etdiyini, müraciətlərin araşdırılaraq müqavilə bağlanılması, Bank fəaliyyətini lisenziya üzrə həyata keçirən banklara münasibətdə gecikmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, ölkə ərazisində yayılmış yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin 20 mart 2020-ci il, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondu da həmin qurumların siyahısına əlavə edilmişdir. Yeni müqavilənin bağlanması üçün müddətin müəyyən edilməməsindən istifadə edərək, müqaviləni imzalamaqdan boyun qaçırmış və qəsdən faktiki iddia müddətinin keçməsinə səbəb olmuşdur. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Yuxarıda qeyd edildiyi kimi borclu Cavabdeh tərəfindən yeni müqavilənin bağlanması üçün müraciət etməsi özlüyündə borclunun borcu etiraf etməsini göstərən hərəkətdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2020-ci ildə bitir və bank xx.xx.2019-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etdikdə iddia müddəti ötməmişdir. Bank məcbur olub hazırki iddia ilə hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etdikdə də cavabdehin banka təqdim etdiyi etiraf və öhdəliyin icrası üçün möhlət istənməsi ərizəsinə əsasən iddia müddətinin axımı kəsilərək yendiən 3 il müddət yarandığından iddia müddəti ötməmişdir. Belə ki, bankdan asılı olmayan səbəblərdən kredit sənədləri məhkəmədə qalmışdır və bank onları əldə etməmiş məhkəməyə müraciət edə bilməzdi. Yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh ərizəsi əsassız olduğundan, bankın iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1599/014 saylı kredit müqaviləsinin surətindən görünür ki, 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 1599/014 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka olan borcu 4298,43 manat əsas borc, 1518,90 manat faiz borcu, 3214,18 manat cərimə, 3214,18 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 980,40 manat faiz borcu olmaqla, cəmi 10011,91 manat təşkil edir. İş materiallarından, həmçinin, müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(004)-952/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırki iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə isə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2014cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay təşkil edir və xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı ilkin olaraq hazırki tələblə xx.xx.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlandıqdan sonra müvafiq tədbirləri vaxtında yerinə yetirməmiş, bu səbəbdən də, hazırki iddia ərizəsi ilə iddia müddəti ötürüldükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin, iddiaçı iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "borc tələbinə dair" iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar