Məhkəmə qərarları › İş №e-2(004)-5090/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5090/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5090/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı «X4» Bakı Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X4» Bakı Filialının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit və ona hesablanmış faiz borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X4» Bakı Filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit və ona hesablanmış faiz borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X4» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1.138 №-li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 % ödəmək şərti ilə, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1.138 №-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 229 saylı zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx-xx-2022-ci il tarixə «Bank»a kredit borcu üzrə - 1.649,52 manat ödəniş yerinə yetirməli idi. Lakin xx-xx-2022ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 551 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 29%ödəməlidir. xx-xx-2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 5150,76 manat təşkil edir. Bundan 4759,75 manat vaxtı kecmiş kredit borcu 391,01 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 5.150,76 manat (bundan 4.759,75 manat vaxtı keçmiş borcu, 391,01manat faiz borcu təşkil edir) məbləğində xx-xx-2022-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 71,51 manat dövlət rüsumunun tutularaq «X4» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «X4» Bakı Filialının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduğu yer üzrə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, «X4» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1.138 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 19 faizlə 36 ay müddətinə şəxsi istehlak məqsədilə 5000 manat məbləğində kredit vermişdir. Cavabdeh2 «X4» Bakı filialı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1.138 saylı kredit müqaviləsindən, Cavabdeh1 isə «X4» Bakı filialı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 229 saylı zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyaraq, müştərək qaydada əsas borc üzrə 4759.75 manat, faiz borcu üzrə 391.01 manat borcları yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4759 (dörd min yeddi yüz əlli doqquz) manat 75 (yetmiş beş) qəpik əsas borc, 391 (üç yüz doxsan bir) manat 01 (bir) qəpik faiz borcu, cəmi 5150 (beş min yüz əlli) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X4» Bakı Filialına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 71 (yetmiş bir) manat 51 (əlli bir) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «X4» Bakı Filialına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4759 (dörd min yeddi yüz əlli doqquz) manat 75 (yetmiş beş) qəpik əsas borc, 391 (üç yüz doxsan bir) manat 01 (bir) qəpik faiz borcu, cəmi 5150 (beş min yüz əlli) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X4» Bakı Filialına ödənilsin. İş üzrə ödənilmiş 71 (yetmiş bir) manat 51 (əlli bir) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «X4» Bakı Filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar