Məhkəmə qərarları › İş №e-2(004)-5098/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5098/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5098/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Maarif qızından 2000 (iki min) manat köçürülmüş vəsait, 240 (iki yüz qırx) manat əldən çıxmış fayda və 43 (qırx üç) manat dövlət rüsumunun, cəmi 2283 (iki min iki yüz səksən üç) manat alınıb ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 2024-cü ilin iyun ayının əvvəllərində ev almaq məqsədi ilə sosial şəbəkədə axtarış zamanı elanda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Yeni Şəhər Massivində yerləşən 4 otaqlı mənzili bəyəndikdən sonra vasitəçi ilə əlaqə saxlamaq istəmədiyinə görə həmin evin sahibini özü tapmaq qərarına gəlmiş və istəyinə nail olmuşdur. Şifahi razılaşmaya əsasən cavabdeh tərəfə beh qismində xx.xx.2024-cü il tarixdə 2000 (iki min) manat **********533610 nömrəli "Bank Respublika"ya məxsus karta vəsait göndərmişdir. Vəsaiti cavabdehin nümayəndəsinin ona evin qanuni olaraq 4 otaqlı olmasını dedikdən sonra göndərmiş, daha sonra evin texniki pasportu üzrə təsvir edildiyi kimi 4 otaqlı deyil, 3 otaqlı olması müəyyənləşdirilmiş və vicdanlı alıcı kimi tərəflə ilkin sövdələşmələri baş tutmaması onun tərəfindən cavabdehin nümayəndəsinə bildirilmişdir. Bundan sonra cavabdeh tərəf onun, nümayəndəsi Əhməd adlı şəxs vasitəsi ilə köçürülmüş 2000 (iki min) manatın geri qaytarılmasından boyun qaçırmışdır. İddia üzrə ilk olaraq Xəzər RPŞ-nə müraciət etmiş və İstintaq Şöbəsində HK- 1/635 nömrəli material xx.xx.2024-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə yekunlaşdırılmışdır. Cavabdeh onun etibarından istifadə edərək 2000 (iki min) manat pulunu mənimsəmişdir. Bununla əlaqədar sübutları var və məhkəməyə müraciət edir. Cavabdeh onun etibarından sui-istifadə etməklə əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Cavabdehə dəfələrlə mənimsədiyi pulu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Müxtəlif bəhanələrlə, “behin qaytarılmaması”nın doğruluğunu müdafiə etməklə vəsait geri ödəməkdən boyun qaçırır. Eyni zamanda Respublika ərazisində olan bankların orta illik faiz dərəcəsi 12% təşkil etdiyini nəzərə almaqla və bu vəsait üzrə 1 il ərzində 2000 (iki min) manat əldən çıxmış fayda olaraq azı 240 (iki yüz qırx) manat hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş şahid X1 ifadəsində cavabdehin nümayəndəsi Maarif müəllimin dostu Əhmədin qaynatası, Sevda xanımın isə dostu Əhmədin həyat yoldaşı olduğunu, Maarifi Əhməd vasitəsilə tanıdığını, iddiaçı Elnurun Əhmədin evini bəyənib 320000 manata razılaşdığını, Elnurun 2000 manat beh qoyduğunu, Elnurun Əhmədə 2 ayın tamamında evini alacağını bildirdiyini, sonradan Əhmədin ona zəng vurub Elnurun 2000 manatdan əlavə 8000 manat da beh qoyacağını, notariusa getdiklərini, etibarnaməsi olmadığına görə zəng vurub Əhmədə 2000 manatın kifayət etdiyini, 8000 manatı sonradan alqı-satqıda verər dediyini, 2 ayın tamamında 25 avqust 2024-cü il tarixində Əhmədin zəng vurub Elnur evi alırsa gəlirəm dediyini, Əhmədin gəldiyini, Elnurun ona maddi durumunun aşağı olduğunu ona görə də evi 300000 ya da 310000 manata ala biləcəyini dediyini, onun isə Əhmədə elə söz deyə bilmərəm dediyini, sonradan görüşdüklərini və orda Elnurun Əhmədə evi 310000 ya da 300000 manata almaq istədiyini bildirdiyini, buna görə alqı-satqının baş tutmadığını bildirdi. Əlavə olaraq suallara cavab olaraq Elnurun evin sənədlərini görüb görmədiyini bilmədiyini, evin sənədlərinin harda olduğunu bilmədiyini bildirdi. İş materiallarında olan Bakı şəhəri, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X2 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə olan ev elanı ilə bağlı əlaqə saxladığı Əhməd adlı şəxsin Səbail rayonu, Bayıl qəsəbəsində 4 otaqlı mənzi satacağını vəd edərək ondan 2000 manat pul aldığı, sonradan vədinə əməl etməyərək pulu qaytarmaqdan imtina etdiyi barədə şikayəti əsasında toplanmış materiallar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “bina.az” saytında yerləşdirilmiş elana əsasən Bakı şəhəri, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 145 kv.metr olan mənzil barədə ətraflı məlumatda göstərilmişdir ki, “Yerləşmə yeri idealdır. Bayıl bulvarı ilə üz-üzə, sakit bir məhəllədə qanuni 4 otaqlı (əlavə olaraq qarderob otağı), 2 sanuzeli, böyük blakonu olan mənzil bütün əşyaları ilə biryerdə satılır. Binanın qarşısında böyük “parking” dayanacaq yeri və şəxsi kamera ilə müşahidə var. Mənzil yüksək keyfiyyətli materiallardan yeni təmir olunub. Mənzildə bütün məişət əşyaları yeni və keyfiyyətli şirkətindir. (5 ədəd kondisioner, paltaryuyan, qabyuyan, soyuducu, plazma tv-lər və s.) Təcili satıldığı üçün bazar qiymətindən aşağı qoyluub. Real alıcı ilə qiymət razılaşmaq olar!” İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən 416973******9574 nömrəli kart nömrəsindən 524748******3610 nömrəli kart nömrəsinə 2000 manat vəsait köçürülmüşdür. Bundan başqa iş materiallarına səs yazıları və yazışmalar olan flash kart və fotoşəkillər əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-ci maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı sosial şəbəkədə axtarış zamanı elanda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Yeni Şəhər Massivində yerləşən 4 otaqlı mənzili görüb bəyənmiş və mənzili almaq məqsədilə mənzilin mülkiyyətçisi Cavabdeh həyat yoldaşı Əhməd Zülfiqarla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq 10000 manat məbləğində beh ödənilməsi barədə razılığa gəlmişlər, İddiaçı ilkin olaraq xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus bank kartına 2000 manat məbləğində pul göndərmiş, qalan 8000 manat məbləği isə mənzilin sənədləri iddiaçıya göstərildikdən sonra notariat qaydasında bağlanmış beh haqqında razılaşma əsasında ödəməklə bağlı razılığa gəlmişlər. Əhməd notariat orqanına qayınatası Nümayəndə gələcəyini, onun sənədləri iddiaçıya göstərəcəyini bildirsə də, notariat orqanına X1 gəlmiş, mənzilin sənədlərini gətirməmiş, həmçinin etibarnaməsi olmadığından beh müqaviləsi bağlanmamışdır. Daha sonra iddiaçı dəfələrlə mənzilin sənədlərini görmək istədiyini, mənzilin planının hazırki vəziyyəti ilə eyni olduğundan əmin olmaq istədiyini bildirsə də, Əhməd iddiaçının sənədlərlə bağlı tərəddüdünü başa düşmədiyini, beh alınanda sənədlərin göstərilmədiyini, sənədlərin alqı-satqı zamanı təqdim olunduğunu, sənədlərin mənzildə kilidli otaqda olduğunu bildirərək, mənzilin sənədlərini iddiaçıya təqdim etməmişdir. Daha sonra mənzilin sənəddə 4 otaq deyil, 3 otaq qeyd olunduğu məlum olmuş və iddiaçı avans kimi ödədiyi 2000 manat pulun geri qaytarılmasını tələb etsə də, “sənədləri görməmiş pulu göndərməzdin” deyərək pulu geri qaytarılmamışdır. Mənzilin sənədləri iddiaçıya göstərilmədiyindən və mənzilin sənədində elanda və realda olduğu kimi 4 otaq deyil, 3 otaq qeyd olunduğundan, buna baxmayaraq 320000 manatdan aşağı qiymətə verilmədiyindən tərəflər arasında alqı-satqı baş tutmamışdır. Hazırda İddiaçı Cavabdeh avans kimi ödədiyi 2000 manat, 240 manat əldən çıxmış fayda və 43 manat dövlət rüsumu olmaqla, cəmi 2283 manat məbləğində pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır və beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Göründüyü kimi, sözügedən mənzilin alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə 2000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus karta göndərilmiş, yəni həmin məbləğin beh kimi qəbul olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə riayət edilməmişdir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bağlanma formasına riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Belə olan halda məhkəmə həmin məbləğin avans kimi ödənildiyi qənaətinə gəlir. Həmçinin, qanunvericiliyin tələbinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Tərəflərin izahatları, şahid ifadəsi, iş materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalar və səs yazılarına əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqının baş tutmama səbəbi iddiaçının dəfələrlə evin sənədləri ilə tanış olmaq istəməsini bildirməsinə baxmayaraq müxtəlif bəhanələrlə mənzilin sənədlərinin ondan gizlədilməsi, “bina.az” saytında yerləşdirilmiş elanda və real həyatda sözügedən mənzilin 4 otaq olmasına baxmayaraq, sənədlərdə 3 otaq qeyd olunmasının iddiaçıya sonradan məlum olması, mənzilin sənədində elanda və realda olduğu kimi 4 otaq deyil, 3 otaq qeyd olunmasına baxmayaraq 320000 manatdan aşağı qiymətə verilməməsi olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının avans kimi ödədiyi 2000 manat məbləğində pul geri qaytarılmalıdır. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə 240 manat məbləğin cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır və əldən çıxmış fayda yalnız qanunsuz hərəkət nəticəsində əmlak sahibinin real gəlir əldə etmək imkanının əngəlləməsi halında baş verir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 43 manat dövlət rüsumunun 40 manat məbləği cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat və dövlət rüsumu olaraq ödənilmiş 40 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar