Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5119/2022 14.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 187,26 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********98 saylı xx.xx.2021-ci il tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən sonuncuya Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabı açılmış və istifadəsinə nağdsız ödənişlərin aparılması, nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartı verilmişdir. Həmin müqavilənin 1.1.5-ci bəndinə əsasən müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsi ilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması “Texniki overdraft” adlandırılmışdır. Bundan başqa, müqavilənin 3.3.6-cı bəndində göstərilmişdir ki, Texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəmək müştərinin vəzifəsidir. Cavabdeh xx.xx.2021-ci il tarixində 3 dəfə kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında bank tərəfindən xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2022- ci il tarixə cavabdeh tərəfindən Banka 187,26 manat məbləğində vəsait qaytarılmalıdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından, həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 187,26 manat olduğundan, bank tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********98 saylı xx.xx.2021-ci il tarixli tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən sonuncuya Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabı açılmış və istifadəsinə nağdsız ödənişlərin aparılması, nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartı verilmişdir. İş materiallarında olan müvafiq hesab çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.3.6-cı bəndini pozmuşdur və nəticədə Cavabdeh iddiaçı "xxxx" ASC ilə X1 arasında bağlanmış Cavabdeh – yə 187,26 manat overdraft borcu yaranmışdır. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli cari hesab üzrə artıq istifadə edilmiş məbləğin geri tələbi haqqında bildirişin surətindən görünür ki, müvafiq borcun ödənilməsi ilə bağlı cavabdeh şəxs xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğind\ bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinin tələbinə görə,əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********98 saylı xx.xx.2021-ci il tarixli tarixli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabı açılmış və istifadəsinə nağdsız ödənişlərin aparılması, nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartı verilmişdir. Bu müqavilənin şərtlərinə əsasən müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsi ilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatlar aparıldıqda texniki overdraft yaranır və texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və Bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində Banka ödəmək müştərinin vəzifəsidir. Cavabdeh xx.xx.2021-ci il tarixində 3 dəfə kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. xx.xx.2022-ci il tarixinə borclunun “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında müqaviləsi”nə əsasən yaranmış texniki overdraft üzrə 187,26 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında bank tərəfindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Ona görə də, iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 187,26 manat məbləğində borc vəsaiti tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 187,26 (bir yüz səksən yeddi manat iyirmi altı qəpik) manat məbləğində borc vəsaiti və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5119/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5119/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver