Məhkəmə qərarları › İş №e-2(004)-514/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-514/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-514/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-ə vurduğu maddi zərərə görə 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat, müstəqil auditora xidmət haqqı kimi ödənilən 1200 manat, mediasiya xərcləri üçün ödənilən 50 (əlli) manat pul vəsaitinin və 135,40 (yüz otuz beş manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 33186,35 (otuz üç min yüz səksən altı manat otuz beş qəpik) manat pul vəsaitinin Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu ildə İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq cəmiyyətin satış şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə eyni tarixdə tam maddi məsuliyyət və kommersiya sirrlərinin yayılmaması barədə müqavilə də bağlanmışdır. Cavabdeh, cəmiyyətin ünvan 1 ünvanında yerləşən “Rahat Qarayev 1” adlı marketində müdir olaraq fəaliyyət göstərmişdir. Cavabdehin xx.xx.2022-ci ilin əvvəllərindən avqust ayına qədər olan dövr ərzində fəaliyyəti ilə bağlı müdir olduğu marketdə mal çatışmazlıqların olması ilə bağlı məlumatlar daxil olmuşdur. Bundan sonra marketdə sayım yoxlaması aparılacağı barədə cavabdehə məlumat verilmiş və həmin yoxlamada iştirak etmək ona təklif olunub. Yazılı və şifahi şəkildə dəfələrlə edilən təkliflərə baxmayaraq, cavabdeh sayım prosesində iştirakdan yayınıb. Bundan başqa cavabdehin müdir olduğu “Rahat Qarayev 1” adlı marketdə sayım yoxlaması aparılacağı barədə cavabdehə məlumat verildikdən sonra cavabdeh xx.xx.2022-ci il tarixdən üzrsüz səbəbdən işə çıxmayıb. Cavabdehə onun üzrlü səbəb olmadan işə çıxmamasının səbəbləri, sayımda iştiraka dəvət edilməsi və sayım nəticələri barədə rəsmi məktublar da göndərilib. Yazılı və şifahi müraciətlərə baxmayaraq, cavabdeh market müdiri və maddi məsul şəxs olmasına baxmayaraq, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində və xx.xx.2022-ci il tarixdən isə tam olaraq üzürlü səbəblər olmadan bir daha işə gəlməmiş və sayım prosesində iştirak etməmişdir. Cavabdehin müdir olduğu xx.xx.2022-xx.xx.2022 dövrü əhatə edən daxili sayım yoxlamasının nəticələrinə əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli sayım aktına əsasən “Rahat Qarayev 1” adlı marketdə 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik )manat həcmində mal/pul çatışmamazlığı aşkar edilib və bu barədə cavabdehə şifahi və yazılı məlumat verilmişdir. Sayım keçirildikdən sonra müstəqil auditin aparılması üçün sərbəst X1 ilə İddiaçı MMC arasında müqavilə bağlanmış və “Rahat Qarayev 1” adlı marketin xx.xx.2022-xx.xx.2022 dövrü əhatə edən auditinin aparılması ona tapşırılmışdır. Sərbəst auditor tərəfindən onlara təqdim edilən xx.xx.2022-ci il tarixli 57 saylı audit rəyi və audit prosedurlarının aparılmasına dair akta əsasən Cavabdeh müdir olduğu dövr üzrə “Rahat Qarayev 1” adlı marketdə xx.xx.2022-ci il tarixi üçün öhdəsindəki 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur. Audit rəyinə və cavabdehin işdə üzrlü səbəbdən olmaması ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehin işdən azad edilməsi barədə 6626/k saylı əmr verilmişdir. Beləliklə cavabdeh yuxarıda göstərilən dövr üçün şirkətə 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat maddi zərər vurmuşdur. Həmin zərərin könüllü surətdə qaytarılması ona təklif edilsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə iclasları barədə bildirislər cavabdehin elektron kabinetine yerləşdirilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı MMC ilə əmək münasibətlərinə daxil olmuş və satış şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh ilə tam maddi məsuliyyət və kommersiya sirrinin yayılmaması barədə müqavilə bağlamışdır. - xx.xx.2022-ci il tarixli 6626/K nömrəli əmrə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən üzrlü səbəb olmadan işə gəlməməsi və mağazada aparılmış inventarizasiya nəticəsində mağazada çatışmazlıq aşkarlandığından Cəmiyyətə maddi zərər vurulması faktı əsasında Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, "Rahat Qarayev 1" marketi mağaza müdiri qismində Cavabdeh tərəfindən təhvil alınmış və təhvil-təslim aktı digər 8 (səkkiz) nəfər şəxs tərəfindən imzalanmışdır. - xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh bildiriş göndərilərək market müdiri və tam maddi məsul şəxs qismində təhviltəslim işlərinin aparılması üçün xx.xx.2022-ci il tarixdə saat 09:00-da İddiaçı MMC-nin baş ofisinə dəvət olunmuş, lakin, Cavabdeh gəlməmişdir. - Azərbaycan Respublikasının Auditorlar Palatası Sərbəst X1 tərəfədindən keçirilmiş auditin nəticəsinə dair 57 nömrəli, xx.xx.2022-ci il tarixli auditor rəyinə əsasən müəyyən olunur ki, mağaza müdiri vəzifəsində işləmiş, maddi məsul şəxs Cavabdeh xx.xx.2022-ci il tarixə öhdəsindəki 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat çatışmazlıq (əskiklik) aşkar olunmuşdur. - xx.xx.2022-ci il tarixli Audit prosedurlarının aparılmasına dair akta əsasən müəyyən olunur ki, mağaza müdiri vəzifəsində işləmiş, maddi məsul şəxs Cavabdeh xx.xx.2022-ci il tarixə öhdəsindəki 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat çatışmazlıqla (əskiklik) əlaqədar vurulmuş zərərlə bağlı müvafiq hərəkətlərin görülməsi təklif edilmiş və sözügedən akt 3 (üç) nəfər fiziki şəxs tərəfindən imzalanmışdır. - xx.xx.2022-ci il tarixli 193 nömrəli inventarziyasiya aktından çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı MMC-yə məxsus “Rahat Qarayev-1” supermarketdə öhdəsindəki 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat çatışmazlıq aşkar olunmuşdur. - “Rahat Qarayev-1” mağazada əskik gələn malların siyahısı və məbləğinə dair arayışa əsasən mağazada müvafiq dövr üçün əskik gələn malların ümumi siyası müəyyən qeyd edilmiş və məbləğ fərqi (zərər) 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat təşkil edir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1057/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat pul və ödənilmiş 185 (yüz səksən beş) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(004)-1057/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023cü il tarixli, e-2(004)- 1057/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Belə ki, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi Cavabdeh mağaza müdiri olaraq müqavilə əsasında tam maddi məsuliyyətli şəxs qismində əmək vəzifələrinin icrası ilə bağlı ciddi nöqsanlara yol verərək işəgötürən İddiaçı MMC-yə 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat maddi zərər vurmuşdur. Əmək Məcəlləsinin 201-ci maddəsində nəzərdə tutulmuş, işçi Cavabdeh maddi məsuliyyətinin istisna edən hallar aşkar olunmamışdır. Sözügedən zərər məbləği iş materiallarına əsasən öz təsdiqini tapmışdır. 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat zərər məbləğinin ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh təklif edilsə də, hər hansı nəticə əldə olunmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, daha öncə də, məhkəmənin icraatında iddiaçının cavabdehə qarşı eyni tələb üzrə iddia tələbi olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1057/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh 31800,95 (otuz bir min səkkiz yüz manat doxsan beş qəpik) manat pul və ödənilmiş 185 (yüz səksən beş) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir, daha sonra həmin mülki iş üzrə cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(004)-1057/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2(004)- 1057/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 31800,95 (otuz bir min səkkiz yüz manat 95 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı, iddia tələbinin “müstəqil auditora xidmət haqqı kimi ödənilən 1200 manat” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı müstəqil auditora xidmət haqqı kimi ödənilən 1200 manat məbləğində pulun cavabdeh tutularaq ona ödənilməsini xahiş etsə də, bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən ödənilmiş 185,40 manat məhkəmə məsrəfi (50 manat mediasiya xərci və 135,40 manat dövlət rüsumu) Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31800,95 (otuz bir min səkkiz yüz manat 95 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 185,40 manat məhkəmə məsrəfinin (50 manat mediasiya xərci və 135,40 manat dövlət rüsumu) Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar