Məhkəmə qərarları › İş №e-2(004)-5223/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5223/2025

30.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5223/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, maneənin aradan qaldırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, maneənin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi,18 ünvanında yerləşən 3 girişli (bloklu),14 mərtəbəli yaşayış binasının zirzəmi hissəsində -3,90 səviyyəsində yerləşən 980 kv.metr qeyriyaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında cəmiyyətin ünvan 2 ünvanında inşa etdiyi 3 girişli, 14 mərtəbəli yaşayış binasının yarımçıq vəziyyətdə saxlanılmış 3.90 səviyyəsində yerləşən zirzəmisindən 980 kv.m. sahəsi olan qeydi-yaşayış sahəsinin alınmasına dair 17 mart 2009-cu il tarixdə MM-nin 6, 14, 390-cı maddələrinə uyğun müqavilə bağlanmışdır. 17 mart 2009-cu il tarixdə MMnin 398-ci maddəsinə əsasən iddiaçı tərəflərin razılaşması ilə müəyyən olunmuş qiyməti 499800 manat "xxxx" MMC-yə ödəmişdir. MM-nin 522-1-ci (Öhdəliklərin verilməsi əsasları və qaydası) maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçün şəxsə verilə bilər; bunun nəticəsində o əvvəlki borclunu əvəz edir. "xxxx" MMC-nin vəzifəli şəxsləri yaşayış və qeyri-yaşayış sahələrinin təkrar bir neçə nəfərə satdıqlarına görə barələrində CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə cinayət işi qaldırılıb istintaq aparılmışdır. Yaşayış və qeyri yaşayış sahələri almış şəxslərin zərərinin ödənilməsi üçün dövlət orqanları ilə Cavabdeh MTK arasında müqavilə (razılaşma) bağlanmışdır. Tikintisi yarımçıq qalmış bir ədəd 1 girişli və 1 ədəd üç girişli yaşayış binalarının öz balansına qəbul edən Cavabdeh MTK-nın rəhbərliyi "xxxx" MMC-nin payçılarına yaşayış və qeyri-yaşayış sahələri verilməsi ohdəliyini götürmüşdür. Bunun əvəzində Cavabdeh MTK-ya Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi küçəsindən xx.xx.2011ci il tarixli, 438 saylı sərəncamla 4 ha torpaq sahəsi və güzəştli şərtlərlə Mərkəzi Bankdan ləğv edilmiş "xxxx" ASC vasitəsilə 10.000.000 manat kredit verilmişdir. Həmçinin aidiyyatı dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmlış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 688 saylı sərəncamının və 12305 saylı inşaat pasportu Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsinə dair xx.xx.2012-ci il tarixli, 121 saylı sərəncam verilmişdir. Uzun müddətdir ki, MTK bildirir ki, xx.xx.2009-cu il tarixli müqavilə "xxxx" MMC ilə bağlanıb, pul vəsaiti də cəmiyyətə ödənilibdir. Bundan əlavə olaraq bildirir ki, hazırda qeyriyaşayış sahəsinin qiyməti əvvəlki qiymət deyil. Bu əsaslara görə də İddiaçı sahiblik istifadə hüququnu tanımır, onun sahəyə (zirzəmiyə) daxil olmasına maneələr yaradılır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçının sahiblik və istifadə hüququnu tanımır, onun sahəyə (zirzəmiyə) daxil olmasına maneələr yaradılır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, qeyri-yaşayış sahəsi ilə bağlı "xxxx" MMC ilə heç bir öhdəlikləri yoxdur. Qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən tələb edilməlidir. Onu da qeyd etmişdir ki, ödənişlərlə bağlı da onlarda heç bir məlumat yoxdur. Sadəcə "xxxx" MMC-nin qeyriyaşayış sahəsini satması ilə bağlı müqavilə mövcuddur. Həmin müqavilənin "xxxx" MTK-ya aiddiyyəti yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, icraçı ünvan 3 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsini (zirzəmi) bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. Payçı yuxarıda göstərilən yaşayış evinin ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi) hər kvadrat metri üçün 510 manat olmaqla, ümumilikdə 499.800 manat məbləği tam ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi) dəyərindən 499.800 (dörd yüz doxsan doqquz min səkkiz yüz) manat məbləğini tam ödəmişdir və onun şirkətə borcu yoxdur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011ci il tarixli 438 nömrəli sərəncamına əsasən, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar Dairəvi küçəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 4,0 ha torpaq sahəsi icarə əsasında «Şərur MTK-nın istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 795 saylı sərəncamı ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Kənar Dairəvi küçəsində Antiinhisar Siyasəti və Sahibkarlığa Dəstək Komitəsinə ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 2,2 ha müəyyən edilmişdir. Sifarişçiyə tapşırılmışdır ki: ərazinın və tikiləcək obyektin şəhərsalma əsaslandırılmasına dair Şəhərsalma və Arxitektura İdarəsindən müsbət rəy aldıqdan sonra, razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, ərazinın və obyektin memarlıq-planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam Baş İdarəyə təqdim etsin. Layihə təşkilan layihə axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Qeyd olunmuşdur ki, layihə sənədləri tam həcmdə Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyiyyatdan keçdikdən sonra Bakı Şəhər İcra Hakimiyyəti və «Şərur Mənzil Tikinti Kooperativi arasında bağlanılmış müqavilə əsasında tikinti işlərinə başlanmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını etməsi tapşırılmış, layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməsi qeyd olunmuş, ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlar görmək Rayon İcra Hakimiyyətinin Başçısına tapşırılmışdır. Qeyd olunmuşdur ki, yuxarıda qeyd edilən bəndlər sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bakı Şəhər İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, «X1 Cəmiyyəti, «Azəriqaz» İstehsalat Birliyi və Cavabdeh arasında bağlanmış müqavilədən (razılaşmadan) görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 688 nömrəli sərəncamı ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M. Xiyabani küçəsi 18 saylı binanın yaxınlığında yerləşən 0.60 ha torpaq sahəsi yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Sərəncamın 2.5-ci bəndində qeyd edilmişdir ki, «Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır». Sərəncamın sifarişçiyə aid tapşırıqlarına görə, "xxxx" MMC tikinti işlərinə layihələndirmə mərhələsi başa çatdırıldıqdan və layihə sənədləri tam həcmdə Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçdikdən (tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi alındıqdan) sonra başlamalı idi. Lakin, "xxxx" MMC özbaşınalığa yol verərək, layihələndirmə mərhələsini başa çatdırmadan və digər lazımi sənədləşdirmələri həyata keçirmədən ərazidə tikinti işlərinə başlamış, bir ədəd 1 girişli və bir ədəd isə 3 girişli yaşayış binalarının monolit dəmir-beton karkaslarının inşasını aparmışdır (1 girişli bina üzrə karkas əsasən tamamlanmış, 3 girişli bina üzrə isə yarımçıq vəziyyətdə saxlanılmışdır). Sözügedən yaşayış binalarında mənzil almaq istəyən və "xxxx" MMCyə müraciət etmiş şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış və mənzil alıcıları zərər çəkmişdir. Yaranmış neqativ vəziyyəti, irəli sürülmüş şifahi təklifləri, rəyləri və ilkin razılıqları nəzərə alaraq və "xxxx" MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən ziyan çəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə Müqavilə (Razılaşma) tərəfləri və iştirakçıları müqavilənin 1-48-ci bəndlərində göstərilən öhdəlikləri öz üzərlərinə götürmüşlər. Həmin Müqavilənin 13-37-ci bəndinlərinə əsasən Cavabdeh Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki 4 ha torpaq sahəsində inşa ediləcək yeni yaşayış kompleksinin şəhərsalma əsaslandırılmasının hazırlanmasını və əsaslandırılmanın Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdıraraq müsbət rəyin alınmasını (AzDTN 2.6-2* tikinti normalarına uyğun olaraq); Əsaslandırılmanın daha sonra təsdiq edilməsi üçün BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmasını; Torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədləşdirmənin aparılmasını; Kompleksin memarlıq-planlaşdırmasının eskiz həllinin və daha sonra tikintisinin işçi layihəsinin hazırlanmasını və BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmasını; Kompleksin işçi layihəsinin dövlət nəzarəti orqanları ilə müəyyən olunmuş qaydada razılaşdırılmasını və müsbət rəylərin alınmasını; Kompleksin işçi layihəsinin dövlət ekspertizasından keçirilməsini və müsbət rəy alındıqdan sonra təsdiq edilməsini; Kompleksin tikintisinin Bakı şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçirilməsini və tikinti-qurasdırma İşlərinin aparılmasına icazə sənədinin alınmasını; 20. İcazəsiz tikinti işlərinin aparılmamasını; Obyektin inşasının təsdiq olunmuş layihə sənədləri üzrə texnoloji və normativ ardıcıllıqla aparılmasını, tikintidə keyfiyyətli inşaat materiallarından İstifadə olunmasını və bütövlükdə tikinti işlərinin yüksək keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsini təmin edərək, direktiv müddətdə-yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 24 ay müddətinə başa çatdırılmasını; Tikintisi başa çatdıqdan sonra obyektin dövlət komissiyasına təhvil verilməsini; Mənzillərin "xxxx" MMC-nin qeyri-qanuni hərəkətlərindən zərər çəkmiş mənzil alıçıları tərəfindən məskunlaşdırılması üçün şəraitin yaradılmasını; Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 688 nömrəli sərəncamınin "xxxx" MMC-nin adından, Cavabdeh MTK-nın adına keçirilməsi barədə BŞİH-yə rəsmi müraciətinin və "xxxx" MMC-nin müvafiq razılıq məktubunun istintaq orqanı vasitəsilə təqdim edilməsini; Torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədlərin alınmasını; Tikintisi yarımçıq qalmış bir ədəd 1 girişli və bir ədəd 3 girişli yaşayış binalarının öz balansına qəbul edilməsini; Obyektin layihələndirmə mərhələsinin başa çatdırılmasını (layihə sənədlərinin hazırlanması, razılaşdırılması, dövlət ekspertizasından keçirilməsi və təsdiq edilməsi); Obyektin Bakı şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçirilməsini və tikinti-quraşdırma işlərinin davam etdirilməsinə icazə sənədinin alınmasını; "xxxx" MMC tərəfindən inşası tamamlanmamış 1 girişli və 3 girişli binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə-yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmdə başa çatdırılmasını; Obyektin dövlət qəbul komissiyasıra təqdim olunmasını; "xxxx" MMC-nin payçılarına Cavabdeh MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin ("xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kvadrat metri 400 manatdan az olmamaq şərtilə təmin edilməsini; Bankdan götürdüyü kreditə görə əmlak girovunun qoyulmasını; "xxxx" MMC-yə aldıqları mənzillərə görə 1 kvadratmetr üçün 400 manatdan artıq pul ödəmiş payçıların ödədikləri vəsaitlər olduğu kimi qalmalı; "xxxx" MMC-nin payçılarına veriləcək mənzillərin bir kvadrat metrinin qiymətinin 400 manatdan artıq dəyərləndirilməyəcəyini və mənzilin bir kvadrat metri üçün 400 manatdan aşağı müqavilə bağlamış alıcılardan 400 manat səviyyəsinə çatdırılmaqla əlavə ödənişlərin tələb edilməsini; "xxxx" MMC-nin payçılarının mənzillə təmin edilməsini və bununla bağlı müqavilə iştirakçılarına müvafiq məlumatların verilməsini; "xxxx" MMC-nin payçılarının Cavabdeh MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən inşa edilən digər yaşayış binalarında mənzillə təmin edilməsi mümkün olduğu halda, ilkin olaraq ödənişi yarımçıq qalmış payçılar boclarını ödədikləri təqdirdə mənzillərə yerləşdirilməklə həmin payçıların siyahısı və müvafiq razılaşma sənədlərinin surətinin müqavilə iştirakçılarına təqdim edilməsini; "xxxx" MMC-nin mənzil almaqdan imtina etmiş alıcılarına (belə hal olduqda), ödəmiş olduqları pul vəsaitini, onların imtina etdikləri mənzillərin digər alıcılara satıldıqdan sonra qaytarılmasını öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2012ci il tarixli 121 nömrəli sərəncamına əsasən, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli, 005-2621-3212-2255H saylı məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi vət. X2 xx.xx.2012-cİ il tarixli razılıq ərizəsini, Cavabdeh MTK-nın xx.xx.2012-ci il tarixli, 15 saylı müraciətini və aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alaraq, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 saylı yaşayış binasının yaxınlığında "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsmə dair verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-cı il tarixli, 688 saylı sərencamı və 12305 saylı inşaat pasportu Cavabdeh MTK-nın adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən, Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarınaəsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1- ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, icraçı ünvan 3 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsini (zirzəmi) bir pay kimi payçıya verməyi, payçı isə yuxarıda göstərilən yaşayış evinin ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi) hər kvadrat metri üçün 510 manat olmaqla, ümumilikdə 499.800 manat məbləği tam ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında 3 bloklu, 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi) dəyərindən 499.800 (dörd yüz doxsan doqquz min səkkiz yüz) manat məbləğini tam ödəmişdir və onun şirkətə borcu yoxdur. "xxxx" MMCnin rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində zərər çəkmiş mənzil/qeyriyaşayış sahəsi alıcılarının (payçıların) problemlərinin həlli məqsədilə dövlət orqanları ilə "xxxx" MTK arasında Müqavilə (Razılaşma) bağlanmışdır. Bu Müqaviləyə əsasən, "xxxx" MTK tikintisi yarımçıq qalmış bir ədəd 1 girişli və bir ədəd 3 girişli yaşayış binalarının öz balansına qəbul edilməsini; "xxxx" MMC-nin payçılarının mənzillə təmin edilməsini və bununla bağlı müqavilə iştirakçılarına müvafiq məlumatların verilməsini; "xxxx" MMC-nin payçılarının Cavabdeh MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən inşa edilən digər yaşayış binalarında mənzillə təmin edilməsi mümkün olduğu halda, ilkin olaraq ödənişi yarımçıq qalmış payçılar boclarını ödədikləri təqdirdə mənzillərə yerləşdirilməklə həmin payçıların siyahısı və müvafiq razılaşma sənədlərinin surətinin müqavilə iştirakçılarına təqdim edilməsini; "xxxx" MMC-nin mənzil almaqdan imtina etmiş alıcılarına (belə hal olduqda), ödəmiş olduqları pul vəsaitini, onların imtina etdikləri mənzillərin digər alıcılara satıldıqdan sonra qaytarılmasını öz üzərinə götürmüşdür. Hazırda iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış müqavilə üzrə ona verilmiş və pay haqqını tam ödədiyi qeyri-yaşayış sahəsinə (qaraja) sahiblik və istifadə hüquqlarının tanınması və cavabdeh tərəfindən maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 688 saylı sərəncamının və inşaat pasportunun xx.xx.2012-ci il tarixli 121 saylı sərəncamla "xxxx" MMC-dən "xxxx" MTK-nın adına rəsmiləşdirilməsi, "xxxx" MTK-nın layihə üzrə hüquqi varis kimi öhdəlikləri öz üzərinə götürməsini sübut edir. Cavabdeh "xxxx" MTK dövlət orqanları ilə bağladığı Razılaşma əsasında yarımçıq qalmış tikinti obyektlərini və onlarla bağlı hüquqi sənədləri qəbul etməklə, eyni zamanda "xxxx" MMC-nin payçılarının qarşısındakı öhdəlikləri də öz üzərinə götürmüşdür. Cavabdehin "xxxx" MMC ilə heç bir öhdəliyinin olmaması barədə etirazı, dövlət orqanları ilə bağladığı Müqavilənin (Razılaşmanın) məzmunu ilə ziddiyyət təşkil edir. Cavabdeh etirazını əsaslandırmamış və bu barədə məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə ödənişi tam həyata keçirdiyi üçün qanunvericiliyə əsasən, onun müqavilə üzrə əldə etdiyi qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müvafiq qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, müqavilə üzrə iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi (zirzəmi) binanın daxili strukturunun bir hissəsidir. Bu hissəyə giriş və ondan istifadə imkanı, yalnız binanın ümumi tikintisini və istismarını həyata keçirən, yəni "xxxx" MTK-nın səlahiyyətindədir. Mülki Məcəlləyə əsasən, mülkiyyətçi öz hüquqlarının pozulmasının, hətta pozulma sahiblikdən məhrum etməklə bağlı olmasa belə, aradan qaldırılmasını tələb edə bilər. İddiaçının pay haqqını tam ödəməklə əldə etdiyi sahəyə daxil olmasına qoyulan məhdudiyyət (maneə), onun istifadə hüququnu pozan müdaxilə hesab olunur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 4 ünvanda inşa olunan 14 mərtəbəli yaşayış binasının 3cü blok, zirzəmi hissəsində yerləşən, ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınmalı, İddiaçı ünvan 4 ünvanda inşa olunan 14 mərtəbəli yaşayış binasının 3-cü blok, zirzəmi hissəsində yerləşən, ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 4 ünvanda inşa olunan 14 mərtəbəli yaşayış binasının 3-cü blok, zirzəmi hissəsində yerləşən, ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqları tanınsın. İddiaçı ünvan 4 ünvanda inşa olunan 14 mərtəbəli yaşayış binasının 3-cü blok, zirzəmi hissəsində yerləşən, ümumi sahəsi 980 kv.m olan qeyri-yaşayış sahəsinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar