Məhkəmə qərarları › İş №e-2(004)-5368/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5368/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5368/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə x xxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2018-ci il tarixdə bağlanmış zaminlik müqavilələri üzrə 107 ABŞ dolları əsas, 21 ABŞ dolları cərimə borcu olmaqla, 128 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə bağlanmış nisyə alğısatqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 144 ABŞ dolları olan Samsung İ9082 white markalı 1 ədəd mobil telefonu nisyə satmışdır. Cavabdeh ödəmə qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 zamin durmuşdur. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən ilkin ödənişsiz 12 ay müddətinə ümumi dəyəri 140 ABŞ dolları olan Samsung İ9082 markalı mobil telefon Cavabdeh1 nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə cavabdeh və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, öhdəlik satıcı qarşısında tam həcmdə icra edilənədək Cavabdeh2 borclunun müqavilədə nəzərdə tutulmuş öhdəliyi lazımınca icra etmədiyi halda öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2018-ci il tarixdə bağlanmış zaminlik müqavilələri üzrə 107 ABŞ dolları əsas, 21 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 128 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh1 malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı mobil telefon üzrə ödənişlərin dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi borcun Cavabdeh1 tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminliyin qurtarma müddəti nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmişdir. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alğısatqı müqaviləsinə əsasən, borcun ödənilmə müddəti 12 ay müəyyən edilmiş və xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, “xxxx” MMC tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2019-cu il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh2oğlunun öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 107 ABŞ dolları əsas, 10 ABŞ dolları cərimə borcu olmaqla, 117 (yüz on yeddi) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 107 ABŞ dolları əsas, 10 ABŞ dolları cərimə borcu olmaqla, 117 (yüz on yeddi) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar