Məhkəmə qərarları › İş №e-2(004)-5430/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5430/2022

23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5430/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azəriqaz İB-nin Cavabdeh Aftandil oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 423,50 (dörd yüz iyirmi üç manat 50 qəpik) manat pulun və 32,02 (otuz iki manat 02 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1233,12 (bir min iki yüz otuz üç manat 12qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04588xx/xx-2022 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 777,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Bildirirlər ki, cavabdehin ödənilməmiş 2022-ci ilin may-avqust ayları üzrə 85,40 manat sərfiyyat borcu və limitdən əlavə 1,60 manat sərfiyyat borcu, cəmi 87 manat məbləğində sərfiyyat borcu qalmışdır. Sayğac dəyişikliyindən sonra isə, abonentin istifadəsində olmuş smart kart tipli sayğac göstəricisi mənfiyə getdiyindən ona qaz sərfiyyatı hesablanmış və nəticədə abonentin 336,50 manat əlavə sərfiyyat borcu yaranmışdır. (87+336,50=423,50 manat). 2022-ci ilin may ayından 2022-ci ilin avqust ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 423,50 (dörd yüz iyirmi üç manat 50 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1201,10 (bir min iki yüz bir manat 10 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, Azəriqaz İBnin Bakı Regional qazın Satışı Departamenti tərəfindən cavabdehin ünvanına G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh tərəfindən iddiaçı Azəriqaz İB-yə vurulmuş 777,60 manat məbləğində zərərin, debitor borc üzrə 423,50 manat pulun və 32,02 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1233,12 manat pulun məcburi qaydada tutularaq iddiaçı Azəriqaz İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Azəriqaz İB-nin istədiyi borc qanunsuzdur. Son dəfə ona 518 manat borc gəlmişdir. Qaz borusunun altından yük avtomobilləri keçir və həmin turbaları zədələyir. Azəriqaz İB-nin nümayəndəsinin iştirakı ilə həmin yerə baxış keçiriləndə yük avtomobillərinin həmin borunu zədələmələri müəyyən olunmuşdur. Daha sonra ona məxsus sayğacı lobaratoriyaya göndərmişlər. İş materiallarında olan Azəriqaz İB tərəfindən tərfib olunmuş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh məxsus qaz sayğacının ekranı sökülərək yeni sayğac quraşdırılmış, quraşdırılmış qaz sayğacının texniki qaydalara cavab verdiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Təbii X2nın pozulması haqqında aktdan görünür ki, Cavabdeh məxsus sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmadığı, sayğacın mənfiyə işlədiyi, çıxış plasmas borunun deşildiyi, Alarm-1 rejiminin aşkar olunmadığı müəyyən edilmiş və dəymiş ziyanın hesablanıb ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeha məxsus qaz sayğacının (abonent kodu **********00000) nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz 6480 m3 təşkil edir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə 2022-ci il may ayından avqust ayınadək borcu 85,40 manat, yeni tarifə keçid üzrə isə 1,60 manat, qalıq borcu 777,60 manat, o cümlədən qeyri ödənişlər üzrə borcu 2022-ci il iyul ayı üzrə 336,50 manat təşkil edir. İş materiallarında olan Azəriqaz tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, **********00000 kodlu abonentin yekun borcu 518 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh Aftandil oğlundan 87 (səksən yeddi) manat borc və 2,30 (iki manat otuz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən cavabdehin təbii qazdan qeyri-qanuni olaraq istifadə etməsi və nəticədə Azərqaz İB-yə maddi zərər dəyməsi müəyyən edilməmişdir. Cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş, cavabdehin təqsirli hərəkəti müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş hallar iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, qanunvericinin tələbinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşür. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Həmçinin istehlakçının qaz sayğacının işlək vəziyyətdə olmasına qaz paylayıcısı məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 777,60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində zərərin cavabdehdən tutulması əsassız olduğundan həmin hissəsində rədd edilməlidir. İddia tələbinin debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 423,50 (dörd yüz iyirmi üç manat 50 qəpik) manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin qaz sayğacına müdaxilə etməsi və qaz sayğacının bu səbəbdən mənfiyə işləməsi və nəticədə 336,50 manat məbləğində qaz sərfiyyatının olmasında cavabdehin təqsiri sübuta yetirilmədiyindən cavabdeh tərəfindən qazdan faktiki istifadəyə görə 85,40 manat, yeni tarifə keçid üzrə isə 1,60 manat borc hesablanmalı və ümumilikdə 87 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib hissəsi yəni 2,3 manat Cavabdeh tutularaq ididaçı Azəriqaz İB-yə ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Aftandil oğlundan 87 (səksən yeddi) manat borc və 2,30 (iki manat otuz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar